Boyaq dazı
Boyaq dazı (lat. Hypericum androsaemum) — dazıkimilər fəsiləsinin dazı cinsinə aid bitki növü.
Hündürlüyü 40-100 sm, gövdəsi qəhvəyitəhər, adətən düzduran və az budaqlanmış yarımkoldur.
== Yarpaq ==
Yarpaqları oturaqdır, çılpaqdır, uzunsov və enli yumurtavari, uzunluğu 4-10 sm, eni 2-6 sm olub, kütdür, oyuqlu və ya qısa itiucludur, qaidə hissəsi dəyirmidir, alt tərəfdən tünd-göydür.
== Çiçək ==
Çiçəkləri uzunluğu 2-6 sm olan, qalxanşəkilli və ya çətirşəkilli çiçək qrupunda toplanmışdır, yuxarı yarpaqların yaxınlaşmasından əmələ gəlmiş qını vardır. Ləçəkləri uzunsov-yumurtaşəkilli olub, kütdür.
== Meyvə ==
Qutucuq giləmeyvəşəkillidir, demək olar ki, qara rəngdədir, kasacığa bərabərdir, açılan deyil, tez töküləndir. Toxumlarının uzunluğu 1 mm-dir, qısa silindrşəkilli və ya ovaldır, tor kimi deşiklidir, buruncuğu vardır.
== Çiçəkləməsi ==
May
== Meyvə verməsi ==
İyun-İyul (Avqust)
== Azərbaycanda yayılması ==
BQ (Quba), BQ şərq, BQ qərb, Lənkəran dağlıq. Aşağı və orta dağ qurşağında.