Direktorlar şurası
Direktorlar şurası – səhmdar cəmiyyətinin ali kollegial, idarəetmə orqanıdır ki, bura səhmdarların ümumi yığıncağında seçilən qurumun (idarəetmə aparatının) rəhbəri və xarici üzvlər daxildir. Direktorlar Şurası ingilis-sakson dilli ölkələrdə yaradılır ki, burada səhmdar cəmiyyətlərin idarə edilməsinin "bir səviyyəli" strukturu fəaliyyət göstərir. Baxmayaraq ki, Direktorlar Şurası ayrı-ayrı şirkətlərin spesifik milli şərtlərini və xüsusiyyətlərini əks etdirir, onların hamısı oxşar funksiyalara və səlahiyyətlərə malikdir: onlar ümumi strateji rəhbərliyi həyata keçirir, administrasiyanın fəaliyyətini təşkil edir, istiqamətləndirir və nəzarət edir, illik və perspektiv planları və hesabları təsdiq edir, səhmdar cəmiyyətinin siyasətinin əsas istiqamətlərinin işlənib hazırlanmasında, rəhbərliyin təyin olunmasında və dəyişdirilməsində (əvəz olunmasında) iştirak edir. Direktorlar Şurasının optimal sayı 10–12 nəfər hesab olunur. Direktorlar Şurasının tərkibinə səhmdar cəmiyyətinin ali idarə edənlərindən (rəhbərlərindən) savayı bu şirkətdən asılı olmayan xarici üzvlər də (elmlər akademiyasının, istehlakçıların nümayəndələri, məsləhətçilər və s.) daxildir ki, bunların xüsusi çəkisi 1/3-ə çata bilər. Bu isə səhmdar cəmiyyətinin ziyanına olaraq rəhbərlərin və səhmdarların şəxsi maraqları ilə diktə olunan əsassız qərarlardan yaxa qurtarmağa imkan verir. Direktorlar Şurası çərçivəsində müxtəlif komitələr (audit, strategiya, maliyyə, şura üzvlərinə namizədlərin seçilməsi və s. üzrə) yaradılır. Direktorlar Şurasının fəaliyyəti səhmdar cəmiyyətində qəbul olunan qaydalarla və prosedurlarla tənzimlənir ki, bunlar da iclasların davamiyyətini və aparılması yerini, qərarların qəbul edilmə qaydasını (bir səslə, ixtisaslı və ya sadə əksəriyyət əsasında), xərclər smetasını və s. müəyyən edir.