Dirsək
Dirsək — uzunluq ölçü vahidi.
== Ümumi məlumat ==
Azərbaycan xalqının məişətində əski çağlarda işlənmiş, lakin müasir dövrdə öz əhəmiyyətini itirmiş uzunluq ölçüsü vahidləri də vardır. İnsanın bədən üzvləri ilə ifadə olunan ayaq və barmaq kimi qədim ölçüləri bunlara aiddir.
Qulacdan bir az kiçik, qarışdan böyük uzunluqları ölçmək üçün azərbaycanlılar arasında dirsəkdən istifadə olunmuşdur. Başqa xalqlarda da (məs.: farslar, ruslar, ərəblər və b.) işlədilən dirsək əli yumduqda barmağın qatlanan yerindən dirsəyin bükülən yerinə qədər olan məsafəyə bərabər ölçü vahididir. 1 dirsək 0,5 m-ə, yəni 50 sm-ə bərabər götürülür. Türkiyədə isə 1 dirsək uzunluq ölçüsü vahidi kimi 68,5 sm-ə bərabərdir. Kişilər şalvarın belini çox vaxt dirsəkləri ilə ölçürlər. Hər bir kişinin şalvarının beli iki qatlandıqda onun dirsəyinin ölçüsünə bərabər olur.
Addım, qulac, qarış və dirsək türk sözləri olub, bir çox xalqların, xüsusilə türk xalqlarının, eləcə də azərbaycanlıların həyat və məişətində uzunluq ölçmək üçün geniş şəkildə işlənməkdədir.