Ya-Dranq vadisi döyüşü
Ya-Dranq vadisi döyüşü və ya Dranq çayı vadisi döyüşü — 1965-ci ildə Vyetnam müharibəsinin əvvəllərində Çu-Ponq massivinin şərq ətəyində aparılan Pleyku kampaniyası çərçivəsində ABŞ ordusu və Vyetnam Respublikası Ordusu (VRO) ilə Vyetnam Xalq Ordusu (VXO) arasında ilk böyükmiqyaslı döyüş. Ya-Dranq vadisi döyüşü iki vertolyot eniş meydançasında (EM) mərkəzləşdirilmiş iki əsas tapşırıqdan ibarət idi. Onlardan birincisi İks-Rey EM-si kimi tanınan, ardınca isə Ya-Dranq vadisindən daha şimalda yerləşən Albani EM-si idi. Bu, Vyetnam müharibəsinin ən şiddətli, qanlı və tez-tez xatırlanan döyüşlərindən biridir. Bu, ilk dəfə irimiqyaslı vertolyot ilə hava hücumu və həmçinin "Boeing B-52 Stratofortress" strateji bombardmançılarının taktiki dəstək rolunda istifadə edilməsi ilə tanınır. Bu döyüş Vyetnam müharibəsinin planını təyin etmişdi. ABŞ tərəfi hava hərəkətliliyinə, artilleriya atəşinə və yaxın hava dəstəyinə güvənirdi, VXO isə Amerika qüvvələri ilə çox yaxın məsafədən tez bir zamanda münaqişəyə girərək bu atəş gücünü zərərsizləşdirirdi.
Birinci tapşırıq 14–16 noyabr tarixlərində İks-Rey EM-sində baş tutmuşdur. Mühasirəyə alınan və sayca üstün bir qüvvənin şiddətli atəşi altında qalan Amerika qüvvələri Şimali Vyetnam qüvvələrini üç gün ərzində, əsasən, hava qüvvələrinin dəstəyi və ağır artilleriya bombardmanı sayəsində geri çəkə bilmişdi. Amerikalılar 10:1 öldürmə nisbətinə istinad edərək İks-Rey EM-sini taktiki qələbə kimi qəbul etmişdilər.