Firuz-2 düşərgəsi
Firuz-2 düşərgəsi — Qobustanda Kiçikdaş ərazisində arxeoloji abidə.
== Arxeoloji tədqiqi ==
"Firuz-2 düşərgəsi" Qobustanda Kiçikdaş ərazisində “Firuz-1” düşərgəsindən 385 m cənub-qərbdə, Kiçikdaş qayaüstü təsvirlər kolleksiyasının 19 №-li daşı ilə cənub-qərbdən ona söykənmiş 98 №-li daşdan 3 m şimal-şərqdəki 97 №-li daşların arasındakı bir növ qapalı, yaşayış üçün əlverişli sahədə, 19 №-li daşın qədim təsvirlərlə örtülmüş qərb tərəfində aşkar edilmişdir. Düşərgədə 1972 və 1973-cü illərdə 70 kv.m sahədə arxeoloji qazıntı işləri aparılmışdır. Qazıntı nəticəsində yer səviyyəsindən 80-105 sm dərinlik arasında 19 №-li daşın əsas qərb və şimal-qərb dibində 15-20 kv.m sahədə 5-25 sm qalınlığında Mezolit dövrünə aid mədəni təbəqə qeydə alınmışdır. Bu mədəni təbəqə özündən üstdə qeydə alınmış mədəni təbəqədən 5, 10 və bəzən 15 sm qalınlığında lal təbəqə ilə ayrılırdı. Mədəni təbəqənin rəngi şabalıdı, torpağı bərk və qum qarışıqlıdır. Alt təbəqədən 4 yerdə ocaq qalığı aşkar edilmişdir.
== Maddi-mədəniyyət tapıntıları ==
Qobustanda bütün Daş dövrü düşərgələrində olduğu kimi, “Firuz-2” düşərgəsində də aşkar edilmiş materiallar çaxmaqdaşı və çaydaşından hazırlanmışdır. Çaxmaqdaşından 33 ədəd, prizma və konus formalı nukleus, 12 ədəd mikro iti uc, 19 ədəd trapes şəkilli alət, 13 ədəd biz və burğu, 7 ədəd kəsərcik, 7 ədəd iskənə tipli alət, çoxlu bir yanı kütləşdirilmiş və gəzli mikro lövhələr, qaya daşından rəsm döymək üçün alətlər, sürtgəclər, bıçaq və qaşov kimi itiləşdirərək iti ağzında kütləşmə və dişək alınmış ilk qəlpələr və s. tapılmışdır.