Hindistana getdiyini zənn edən Kolumb qərb istiqamətinə üz tutanda ilk növbədə orada var-dövlət qazanacağına ümid bəsləyirdi. Ondan sonrakı dövrlərin bir çox tədqiqatçıları da buna ümid edirdilər. Onlardan bəziləri hətta istəklərinə çatdılar.
Bundan sonra avropalı səyyahlar bitməz-tükənməz sərvətlər haqda danışılan hər nağılı ciddi qəbul edirdilər; məsələn, müasir Kolumbiya ərazisində yaşayan bir hindu qəbiləsinin başçısı haqda əfsanə dildən-dilə gəzirdi. Onun bayramlarda bədəninə müxtəlif yağlar sürtdüyü, sonra vücudunu qızılla bəzədiyi deyilirdi. Bayram qurtardıqda isə gölə girərək bədənindəkiləri yuması və digər qiymətli əşyaların da həmin gölə atıldığı söylənilirdi. Bu qəbilə başçısının adı El Dorado (qızılla örtülü) imiş.
Tədricən bu rəvayət şəklini dəyişdi və Eldorado (yaxud El Dorado) deyəndə artıq təkcə adam yox, həm də yer nəzərdə tutulurdu. Guya ucu-bucağı görünməyən qızıl və daş-qaşla zəngin xəyali bir ölkəni Eldorado adlandırmağa başladılar. (Ayzek Azimov. Sözlərin tarixi)