Eldar Zeynalov (kimyaçı)
Zeynalov Eldar Bahadır oğlu (8 oktyabr 1948, Bakı) — kimya elmləri doktoru, professor. AMEA-nın müxbir üzvü (2017). Azərbaycan kimyaçısı, Azərbaycanda və bir sıra xarici ölkələrdə kimyəvi kinetika və kataliz, yüksək molekullu birləşmələr və neft kimyası sahəsində mütəxəssis və ekspert, tanınmış kimyaçı-alim, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü, kimya üzrə elmlər doktoru, professor, AMEA-nın akademik M. F. Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun "Nanokarbon katalizatorları iştirakında hidrogen peroksidlə oksidləşmə" laboratoriyasının müdiri, eyni zamanda, "Neft mənşəli kaustobiolitlərdən nanokarbon materialları əsasında katalizatorların sintezi və tətbiqi üzrə fundamental tədqiqatlar (İNTERLABCAT)" beynəlxalq laboratoriyasının rəhbəri. 2009-cu ildən Amerika Kimya Cəmiyyətinin üzvüdür.
== Həyatı ==
Eldar Zeynalov 8 oktyabr 1948-ci ildə Bakı şəhərində ziyalı və alim, neft kimya sahəsində Azərbaycanın görkəmli alimlərindən biri, Azərbaycanın əməkdar elm xadimi, akademik Bahadır Zeynalovun ailəsində anadan olmuşdur. Həyat yoldaşı Zeynalova Səadət Məmməd qızı – təvəllüdü 1954, dil nəzəriyyəsi və german dilləri üzrə mütəxəssis, professor, filologiya elmləri doktoru, AFR-in Aleksandr-fon-Humboldt Fondunun laureatı, Ümumdünya Germanistlər Birliyinin üzvüdür.
== Fəaliyyəti ==
1971-ci ildə E. B. Zeynalov Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) kimya fakültəsini "Yüksəkmolekullu birləşmələr kimyası" ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. Eldar Zeynalovun elmi fəaliyyəti 1971-ci ildə başlanmış. O, Azərbaycan Dövlət Universitetinin Elmi Şurasının tövsiyəsi ilə Azərbaycan SSR Elmlər Akademiyasının Neft-Kimya Prosesləri İnstitutunun Sumqayıt filialının aspiranturasına daxil olub və sonra SSRİ Elmlər Akademiyasının Kimyəvi Fizika İnstitutunun aspiranturasına göndərildi. 1976-cı ildə Moskva vilayəti, Çernoqolovka şəhərində SSRİ EA-nın Kimyəvi Fizika İnstitutun Bölməsində "Poliorqanosiloksanların oksidləşdirici destruksiyası və stabilləşməsi sahəsində tədqiqatlar" mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə etmiş və SSRİ Nazirlər Sovetinin nəzdində Ali Attestasiya Komissiyasının qərarı ilə "Fiziki kimya" ixtisası üzrə kimya elmləri namizədi elmi dərəcəsinə layiq görulmüşdür.