Eşikağasıbaşı
Eşikağasıbaşı -"Üməra-ye dövlətxane-ye mübarək"in 4 əmirindən biri, sarayda mərasim qaydalarına baxan məmurların başçısı. Bəzi mənbələr onu "saray dərgahının rəisi" kimi səciyyələndirirlər. O, şah divanının bütün yasavullarının, eşikağasılarının, qapıçılarının və carçılarının rəisi olub, şah məclislərinin təşkil və tərtibinə məsul idi.
== İyerarxiyada yeri ==
"Üməra-ye dövlətxane-ye mübarək" mübarək dövlətxana əmirləri qorçubaşı, qullarağası, eşikağasıbaşı, tüfəngçibaşı olmaqla 4 əsas vəzifədən ibarət idi. Saray daxili vəzifə sahiblərini bəzən "Ərkani dövlət-e qahirə" də adlandırırdılar.
Eşikağasıbaşı bu əmirlərin 4-cüsü- sonuncusu idi. Eşikağasıbaşı vəzifəsi eşikağasıbaşı-i Divan və eşikağasıbaşı-i Hərəm olaraq iki hissəyə bölünür.Adətən, kim eşikağasıbaşı vəzifəsinə təyin edilirdisə, Rey və Tehran ona tiyul verilirdi.
== Tarixi ==
Eşikağasıbaşı vəzifəsini I Şah İsmayılın hakimiyyəti dövründə Üləma sultan Təkəli icra edirdi. Naməlum müəllif tərəfindən qələmə alınan "Tarix-i aləmara-yi Şah İsmayıl" əsərində Şah İsmayıl dövründə eşikağasıbaşı vəzifəsini icra edən bir başqa şəxs kimi Durmuş xan Şamlının adı çəkilir. O, "xan-i ali-şan" ("yüksək şanlı xan") rütbəsinə malik idi.