FAHİŞƏLİK (qeyri-qanuni cinsi əlaqədə olma) Hansı elə onların pəncələri uzandı; fahişəlik, xəyanət, aclıq, ölüm və çuma; Orda keçir hücuma (M.Rahim); ƏXLAQ POZĞUNLUĞU [İlyas:] Məhsəti xanımın hökumət əleyhinə olmasında, şeir və sənəti əxlaq pozğunluğu kimi təbir edən müqəssirdir (M.S.Ordubadi); ƏXLAQSIZLIQ İndi Zeynal belə düşünürdü ki, onun hörmət və nüfuzunun azalması və xidmətlərinin əlindən çıxması Mehribanın əxlaqsızlığından irəli gəlmişdi (S.Hüseyn); FİSQ Fisq imiş əmrin tamam, ay barakallah sənə!.. (M.Ə.Sabir); FİSQÜ FİCUR Xətib: Daşa basın! Dağıdın bu fisqü fıcurun yuvasını (M.S.Ordubadi); POZĞUNLUQ Xosrov: Siz elə qanunlar düzəltmisiniz ki, onlar qan tökməyin, yoxsulluğun, pozğunluğun və fahişəliyin qarşısını almaqdan danışan əqidələri on illik həbs cəzası ilə təqib edir (M.İbrahimov); ZİNA Rəbi: İslam dininə, bir olan allaha qarşı üsyan qaldıran, xalq içində təbliğat aparıb, eli dinsizliyə, zinaya, yolbasarlığa, üsyana çağıran sənsənmi? (C.Cabbarlı).