Fərrux Rüstəmov
Fərrux Abbas oğlu Rüstəmov (1 yanvar 1961, Cil, Krasnoselsk rayonu) — pedaqoji elmlər doktoru, professor, əməkdar elm xadimi, Beynəlxalq Pedaqoji Akademiyanın həqiqi üzvü, Pedaqoji və Sosial Elmlər Akademiyasının akademiki. Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Qızıl qələm" mükafatı laureatı.
== Həyatı ==
Fərrux Rüstəmov 1 yanvar 1961-ci ildə Qərbi Azərbaycanın Göyçə mahalının Cil kəndində anadan olmuşdur. 1978-ci ildə Cil kənd orta məktəbini əla qiymətlərlə başa vurmuş, həmin ildə V. İ. Lenin adına (indiki ADPU) APİ-nin pedaqoji fakültəsinə qəbul olunmuşdur. Tələbəlik illərində fakültə əlaçılar şurasının və tələbə elmi cəmiyyətinin sədri kimi fakültənin və institutun ictimai-pedaqoji həyatında fəal iştirak etmiş, "Əla təhsilə görə", "Əla təhsilə və ictimai işə görə" SSRİ Ali və Orta İxtisas Təhsili Nazirliyinin, ÜİLKGİ-nin döş nişanları, Azərbaycan Ali və Orta İxtisas Təhsili Nazirliyinin I–II dərəcəli diplomları (tələbə elmi tədqiqat işinə görə), ÜİLKGİ-nin və institut rektorluğunun Fəxri Fərmanları ilə təltif olunmuşdur. Təhsil əlaçısı, bacarıqlı tədqiqatçı və ictimaiyyətçi tələbə kimi təhsil illərində ən yüksək təqaüdə — Lenin təqaüdünə layiq bilinmiş, Lenin təqaüdü ilə oxuyan ali məktəb tələbələrinin 1982-ci ildə Bakıda keçirilən Ümumittifaq konfransında iştirak (həm də çıxış) etmişdir. 1982-ci ildə institutu fərqlənmə diplomu ilə başa vurmuş, təyinatla Quba rayonunun Rəngdar kəndindəki səkkizillik məktəbdə 1982–1985-ci illərdə müəllim və məktəb direktoru işləmişdir.
1985-ci ildə elmi işə maraq onu yenidən V. İ. Lenin adına APİ-yə gətirmiş, o, pedaqogikanın nəzəriyyəsi və tarixi üzrə əyani aspiranturaya qəbul olunmuşdur. 1985–1987-ci illərdə sovet ordusu sıralarında Qazaxıstanın Leninski şəhərində xidmət etmişdir. Hərbi xidmətdən sonra aspirantura təhsilini davam etdirmiş, akademik Hüseyn Əhmədovun elmi rəhbərliyi altında "Azərbaycan sovet pedaqoji elminin inkişafı (1961–1981-ci illər)" mövzusunda elmi axtarışlarını başa çatdırmış, vaxtından xeyli əvvəl, 1989-cu ildə müdafiə edərək pedaqoji elmlər namizədi, 2003-cü ildə "Azərbaycanda pedaqoji elmin inkişaf yolları (1920–1991-ci illər)" mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş, pedaqoji elmlər doktoru alimlik dərəcəsi almışdır.