Fətir
“Yuxa, lavaş, mayasız, duzsuz çörək – lavaş” mənasında Salyan, Culfa, Qazax, Sabirabad dialekt və şivələrində işlənir. (1, 404)
Bu söz Qərbi Azərbaycanın Çəmbərək, İrəvan, Kalinino, Meğri şivələrində “təndir və ya sacda bişirilən qalın çörək”, Əştərək şivəsində isə “kətə” mənasında işlənir (10, 154)
S. Altaylı qeyd edir ki, fətir ərəb sözüdür. Bu çörək növü mayalanmış və ya mayalanmamış xəmirdən, bəzən yağ, quyruq, soğan, nar şərabı və s. qarışdırılaraq təndirdə və ya sac üzərində bişirilir. Toy mərasimlərində oğlan evindən qız evinə yollanan adamlar bolluq, bərəkət rəmzi olaraq bişirilmiş yağlı fətir də aparırlar (21, 422)
Təbriz mənbələrində “Yağlı fətir” çörək növünə də üstünlük verilir. Hazırlanma qaydası o biri fətirlərdə olduğu kimidir. Lakin fərqi üzərinə zəncəfil, yağ və yumurta qarışdırıb sürtürlər. (28, 306)