GÜCLÜ

sif.
1. Fiziki qüvvəsi çox olan, fiziki cəhətdən inkişaf etmiş; qüvvəli (insan və heyvan haqqında). Güclü adam. Güclü at.
– Qollar güclü, qollar gərgin, ağır daşlar; Qaldırılır üfüqlərə. M.Müşfiq.
[Sevinc:] Bu mübarizədə qalib çıxmaq üçün gərək ağlın iti olsun, qolun da güclü! Z.Xəlil.

// İs. mənasında. Güclü, qüvvətli adam.
Sən zəlil ol, eybi yox, qoy güclü çəksin ləzzəti. M.Ə.Sabir.
Xeyr, bu heç olmaz, güclü gücsüzdən intiqam almaz. H.Cavid.

2. Möhkəm, dayanıqlı, səbatlı, mətanətli. Güclü iradə.
– “Fırlanır” sözüylə o güclü insan; Qırdı mövhumatın sərt buzlarını. B.Vahabzadə.

3. Yaxşı silahlanmış, böyük müdafiə və hücum imkanlarına malik olan. Güclü ordu.
[Nüşabə:] Düşmən həm güclüdür, həm də hiyləgər; Qüvvətlə, hiyləylə qazanır zəfər. A.Şaiq.

4. Böyük nüfuz qüvvəsi olan; qüdrətli. Güclü dövlət.
5. Şiddətli, qüvvətli, bərk. Güclü isti. Güclü işıq. Güclü ağrı. Güclü şaxta.
– Ətraf güclü yağışdan tərtəmiz yuyulmuşdu. S.Vəliyev.

// Böyük, dərin. Güclü arzu. Güclü hiss. Güclü nifrət.
6. İstedadlı, bilikli, bacarıqlı, hazırlıqlı.
İndi Bakı neft sənayesi, şöhrəti uzaqlara yayılmış güclü mütəxəssislərə malikdir. (Qəzetlərdən).

// Öz işini yaxşı bilən, yaxşı yerinə yetirən; bacarıqlı, qabiliyyətli. Güclü tələbə. Güclü üzgüçü. Güclü pianoçu.
// Yaxşı məlumatlı, bilikli. Ruscadan güclüdür.
7. Bərk, möhkəm. Güclü zərbə.
– Qapıya güclü bir təpik vurdu. H.Seyidbəyli.

8. Böyük istehsal imkanlarına və qüvvəsinə malik olan. Güclü zavod.
9. Böyük təsir qüvvəsinə malik olan; çox təsirli. Güclü nitq. Güclü söz.
10. Uzaqdan eşidilən, çox bərk (səs haqqında).
Güclü partlayış səsləri ətrafı bürüdü, torpaq göyə sovruldu. S.Vəliyev.

11. Yaxşı məhsul verən, yaxşı məhsul yetirən; bərəkətli, münbit. Güclü torpaq.
// Yaxşı inkişaf edən, tez böyüyən, tez məhsul verən. Güclü ağac.

Синонимы

  • GÜCLÜ GÜCLÜ, QÜVVƏTLİ Qızıl Arslan Xarəzmşahın ordusun məmləkətdən çıxartmaq üçün Bustam, Cacərm və Nişabur tərəflərinə əlli mindən ibarət qüvvətli bir ordu
  • GÜCLÜ qüvvətli — zorlu
GÜCLƏNMƏK
GÜCLÜK

Значение слова в других словарях