Abdulla Abdullayev (güləşçi)
Abdullayev Abdulla Həsən oğlu (19 avqust 1932, Dərbənd, Dağıstan) — dünya şöhrətli pəhləvan, SSRİ çempionu, əməkdar məşqçi, klassik güləş və ağırlıq qaldırma ustası.
== Həyatı ==
Abdulla Abdullayev 1932-ci il avqustun 19-da Dağıstan MR Dərbənd şəhərində dünyaya gəlmişdir. Uşaqlığı Zəngəzur mahalında keçmişdir. 1955-ci ildə Qafan şəhərində orta məktəbi bitirmişdir. 1951-ci ildə Qubadlı rayonunun idmançıları sırasında Bakıya gəlir, Azərbaycan çempionatında iştirak edir və iki pudluq daş qaldırma yarışında Azərbaycan və SSRİ mütləq çempionu adına layiq görülür. Elə həmin il Azərbaycanın güləş üzrə çempionu olur.
1953-1956-cı illərdə Ukraynanın Kiyev şəhərində Sovet Ordusunda xidmət edən zaman güləş və daş qaldırmaq üzrə spartakiadanın mütləq çempionu olur, marşal Çuykov şəxsən ona qızıl saat bağışlayır. 1954-cü ildə ordu birinciliyində ona məğlub olan Ukrayna çempionu Qriqori Qamfil 1955-ci ildə dunya çempionu adını qazandı.
1956-cı ildə ordudan tərxis olunduqdan sonra Bakıya gəlir və ikiqat dünya çempionu, SSRİ xalq artisti, pəhləvan Sali Süleymanla görüşür və sonralar onun sevimli şagirdi olur.
Gürcüstan və Şimali Qafqazın müxtəlif rayonlarında qastrollardan uğurla qayıdan gənc bahadır "QAFQAZ QARTALI" ləqəbini qazanaraq, asanlıqla iki qolu üzərində 20 nəfər saxlayır, qalın armaturu əyir, yoğun dirəyi boynunda sındırır, üstündən 5 tonluq avtomobil keçirdi.