Rafiq Radik oğlu Hüseynov (16 may 1988; Daşkənd, Özbəkistan SSR) — Azərbaycanı təmsil edən yunan-roma güləşçisi.[2] Rafiq Hüseynov 2020-ci ildə Yaponiyanın Tokio şəhərinin ev sahibliyində baş tutan XXXII Yay Olimpiya Oyunlarında bürunc medala sahib olub. O, həmçinin 2021-ci ildə Norveçin Oslo şəhərində baş tutan Dünya Çempionatının qalibi olub.
Rafiq Hüseynov | |
---|---|
| |
Şəxsi məlumatlar | |
Tam adı | Rafiq Radik oğlu Hüseynov |
Vətəndaşlığı | Azərbaycan |
Doğum tarixi | |
Doğum yeri | Daşkənd, Özbəkistan SSR |
Boyu | 176 sm. (5 ft 1 in) |
Çəkisi | 82 kq[1] |
İdman növü | Güləş |
Karyera illəri | 1996— |
Məşqçisi | Radik Hüseynov |
Komandası | Ordunun İdman Klubu |
Rafiq Hüseynov 2015-ci ildə Azərbaycanda I Avropa Oyunlarının gümüş medalına sahib olub. O, həm də 2011, 2020 və 2022-ci illərdə Avropa Çempionatının qızıl medallarını qazanıb.
Rafiq Hüseynov Azərbaycan idmanında xidmətlərinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29 iyun 2015-ci il tarixli Sərəncamına əsasən "Tərəqqi" medalı ilə,[3] 12 avqust 2021-ci il tarixli Sərəncamına əsasən isə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.[4]
Karyerası ərzində 70 beynəlxalq yarışa qatılan Rafiq Hüseynov onların 17-də qızıl medal, 15-də gümüş medal, 13-də isə bürünc medal qazanıb. Rafiq Hüseynov həmçinin Müdafiə Nazirliyinin zabitidir.
Rafiq Radik oğlu Hüseynov 1988-ci il mayın 16-də Daşkənd şəhərində anadan olub.[2] Əslən İrəvan şəhərindən olan Hüseynovlar ailəsi, 1989-cu ildən Azərbaycanda yaşamağa başlayıblar. 1995-2004-cü illərdə Nərimanov rayonunda 291 nömrəli "Araz" Ekologiya Liseyində təhsil alan Rafiq Hüseynov, 2006-2010-cu illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ADBTİA) ali təhsil alıb. 2010-2011-ci illərdə Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub.
Rafiq Hüseynov 1996-cı ildən güləşlə məşğul olur.[2] Şəxsi məşqçisi atası Radik Hüseynovdur.[2]
Rafiq Hüseynov birinci beynəlxalq turniri 2003-cü ilin iyulunda Rusiyanın Rostov-na-Donu şəhərində baş tutan yeniyetmələr arasında Avropa Çempionatı oldu.[5] Nəticədə o, turniri 11-ci pillədə başa vurdu.[5]
Rafiq Hüseynovun növbəti turniri də 2004-cü ilin iyulunda Bolqarıstanın Albena şəhərində baş tutan yeniyetmələr arasında Avropa Çempionatı oldu.[6] Bu səfər o, turnirin bürünc medalına sahib oldu.[6]
Bir il sonra, 2005-ci ilin iyulunda da Rafiq Hüseynov yeniyetmələr arasında Avropa Çempionatında mübarizə apardı.[7] Bu səfər o, Albaniyanın Tirana şəhərində baş tutan çempionatın final görüşündə Ukrayna nümayəndəsi Vladimir Loxoydaya məğlub oldu və turniri gümüş medalla başa vurdu.[7]
Rafiq Hüseynovun növbəti turniri 2006-cı ilin iyulunda Macarıstanın Sombatxey şəhərində baş tutan gənclər arasında Avropa Çempionatı oldu.[8] Nəticədə o, turniri yeddinci pillədə başa vurdu.[8]
Bir il sonra, 2007-ci ilin iyununda da Rafiq Hüseynov gənclər arasında Avropa Çempionatında mübarizə apardı.[9] Bu səfər o, Serbiyanın Belqrad şəhərində baş tutan çempionatın final görüşündə Serbiya nümayəndəsi Alexander Maximoviça məğlub oldu və turniri gümüş medalla başa vurdu.[9]
2007-ci ilin əsas turniri isə iyunda Çində baş tutan gənclər arasında Dünya Çempionatı oldu.[10] Rafiq Hüseynovun 1/16 final mərhələsində rəqibi Macarıstan nümayəndəsi Balint Korpasi oldu.[10] Həmin görüşdə o, rəqibinə 2:0 hesabı ilə qalib gəldi və 1/8 final mərhələsinə adladı.[10] Bu mərhələdə onun rəqibi Kuba nümayəndəsi Reyner Lessay oldu.[10] Bu görüşdə də Rafiq Hüseynov rəqibinə qalib gəldi (2:0) və turnirin 1/4 final mərhələsinə adladı.[10] Bu mərhələdə isə onun rəqibi Rusiya nümayəndəsi Ruslan Belxoroyev oldu.[10] Bu görüşdə Rafiq Hüseynov rəqibinə 0:2 hesabı ilə məğlub oldu və mübarizəni təsəlliverici qrupda davam elədi.[10] Təsəlliverici qrupun birinci görüşündə Rafiq Hüseynov Finlandiya nümayəndəsi Henri Hahala üzərində vaxtından əvvəl təmiz qələbə qazandı və bürünc medal uğrunda görüşə vəsiqə qazandı.[10] Bu görüşdə isə onun rəqibi Çin nümayəndəsi Pan Jen oldu.[10] Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Rafiq Hüseynov rəqibinə 2:1 hesabı ilə qalib gəldi və gənclər arasında Dünya Çempionatının bürünc medalına sahib oldu.[10]
Rafiq Hüseynovun 2008-ci ildə birinci turniri iyunda baş tutan Heydər Əliyevin xatirəsinə həsr olunan Qızıl Qran-Pri beynəlxalq turniri oldu.[11] Nəticədə o, turniri yeddinci pillədə başa vurdu.[11]
Rafiq Hüseynovun növbəti turniri iyulun əvvəllərində baş tutan gənclər arasında Avropa Çempionatı oldu.[12] Finala gedən yolda bütün rəqibləri üzərində qələbə qazanan Rafiq Hüseynov, həlledici görüşdə Gürcüstan nümayəndəsi Sergey Proshura oldu.[12] Final görüşündə də rəqibinə qalib gələn 20 yaşlı Rafiq Hüseynov gənclər arasında Avropa Çempionatının qalibi oldu.[12] Bu onun beynəlxalq turnirlərdə qazandığı birinci qızıl medal oldu.[12]
2008-ci ilin əsas turniri isə iyulun sonlarında İstanbul şəhərində baş tutan gənclər arasında Dünya Çempionatı oldu.[13] Rafiq Hüseynovun 1/16 final mərhələsində rəqibi Kuba nümayəndəsi Reyner Lessay oldu.[13] Həmin görüşdə o, rəqibinə 2:0 hesabı ilə qalib gəldi və 1/8 final mərhələsinə adladı.[13] Bu mərhələdə onun rəqibi İran nümayəndəsi Səid Murad Abdevali oldu.[13] Gərgin idman mübairizəsi şəraitində baş tutan görüşdə Rafiq Hüseynov rəqibinə 0:2 hesabı ilə məğlub oldu və mübarizəni təsəlliverici qrupda davam elədi.[13] Təsəlliverici qrupun birinci görüşündə Rafiq Hüseynov Cənubi Koreya nümayəndəsi Yon Kyun Liya 2:0 hesabı ilə qalib gəldi.[13] Təsəlliveirici qrupun növbəti görüşündə isə Rafiq Hüseynov İsveç nümayəndəsi Şərur Vardanyan üzərində vaxtından əvvəl təmiz qələbə qazandı və bürünc medal uğrunda görüşə vəsiqə qazandı.[13] Bu görüşdə isə onun rəqibi Xorvatiya nümayəndəsi Daniel Yaneçiç oldu.[13] Bu görüşdə Rafiq Hüseynov rəqibinə 2:0 hesabı ilə qalib gəldi və gənclər arasında Dünya Çempionatının bürünc medalına sahib oldu.[13]
Rafiq Hüseynov 2009-cu ilin yanvarında Fransanın Kretey şəhərində baş tutan beynəlxalq turnirdə mübarizə apardı.[14] Turnirin final görüşündə o, Azərbaycan nümayəndəsi Elvin Mürsəliyeva qalib gəldi və qızıl medalın sahibi oldu.[14]
Daha sonra Rafiq Hüseynov fevralda Fransanın Kretey şəhərində baş tutan FILA Dünya Kubokunda mübarizə apardı.[15] Nəticələrə əsasən yunan-roma güləşi üzrə Azərbaycan yığması turniri beşinci pillədə başa vurdu.[15]
Rafiq Hüseynovun növbəti turniri iyulda baş tutan Heydər Əliyevin xatirəsinə həsr olunan Qızıl Qran-Pri beynəlxalq turniri oldu.[16] Turnirin final görüşündə Özbəkistan nümayəndəsi Cahangir Muminova qalib gələn Rafiq Hüseynov turnirin qalibi oldu.[16]
2009-cu ilin əsas turniri 20-27 sentyabrda Herninq şəhərində baş tutan Dünya Çempionatı oldu.[17] Təsnifat mərhələsindən azad olan Rafiq Hüseynov 1/16 final mərhələsində İspaniya nümayəndəsi Xuan Xose Ruiz oldu.[17] Həmin görüşdə Rafiq Hüseynov rəqibinə 2:0 (2:0, 6:0) hesabı ilə qalib gəldi və turnirin 1/8 final mərhələsinə adladı.[17] Bu mərhələdə onun rəqibi Danimarka nümayəndəsi Mar Madsen oldu.[17] Həmin görüşdə Rafiq Hüseynov rəqibinə 0:2 (0:2, 0:2) hesabı ilə məğlub oldu.[17] Rəqibi final görüşünə vəsiqə qazandığına görə Rafiq Hüseynov təsəlliverici qrupda mübarizə apardı.[17] Təsəlliverici qrupun birinci görüşündə Rafiq Hüseynov ABŞ nümayəndəsi Custin Lester oldu.[17] Həmin görüşdə Rafiq Hüseynov rəqibi üzərində 2:0 (4:1, 4:0) hesabı ilə qələbə qazandı və növbəti görüşə vəsiqə qazandı.[17] Bu görüşdə onun rəqibi Finlandiya nümayəndəsi Henri Valimai oldu.[17] Həmin görüşdə də Rafiq Hüseynov rəqibinə qalib gəldi (1:0, 1:0) və bürünc medal uğrunda görüşə vəsiqə qazandı.[17] Həlledici görüşdə onun rəqibi İran nümayəndəsi Fərşad Əlizadə oldu.[17] Bu görüşdə Rafiq Hüseynov rəqibinə 0:2 (0:1, 0:4) hesabı ilə məğlub oldu və Dünya Çempionatını beşinci pillədə başa vurdu.[17]
Rafiq Hüseynovun 2010-cu ildə birinci turniri yanvarda İstanbul şəhərində baş tutan V. Emre & H. Kaplan beynəlxalq turniri oldu.[18] Həmin turnirin final görüşündə Türkiyə nümayəndəsi Şərəf Tüfəngə məğlub olan Rafiq Hüseynov turniri gümüş medalla başa vurdu.[18]
Daha sonra Rafiq Hüseynovun iyulda baş tutan Heydər Əliyevin xatirəsinə həsr olunan Qızıl Qran-Pri beynəlxalq turnirndə mübarizə apardı.[19] Həmin turnirdə uğursuzluqla üzləşən Rafiq Hüseynov nəticədə turniri 20-ci pillədə başa vurdu.[19]
2009-cu ilin əsas turniri 6-12 sentyabrda Rusiyada baş tutan Dünya Çempionatı oldu.[20] Təsnifat mərhələsindən azad olan Rafiq Hüseynov 1/16 final mərhələsində İsveç nümayəndəsi Robert Rosenqren oldu.[20] Həmin görüşdə Rafiq Hüseynov rəqibinə 2:0 (1:0, 1:0) hesabı ilə qalib gəldi və turnirin 1/8 final mərhələsinə adladı.[20] Bu mərhələdə onun rəqibi Türkiyə nümayəndəsi Səcuq Cəbi oldu.[20] Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Rafiq Hüseynov rəqibinə 1:2 (1:0, 0:1, 0:1) hesabı ilə məğlub oldu.[20] Rəqibi final görüşünə vəsiqə qazandığına görə Rafiq Hüseynov təsəlliverici qrupda mübarizə apardı.[20] Təsəlliverici qrupun birinci görüşündə Rafiq Hüseynov Dominikan Respublikası nümayəndəsi Anqelo Mota oldu.[20] Həmin görüşdə Rafiq Hüseynov rəqibi üzərində 2:0 (1:0, 5:0) hesabı ilə qələbə qazandı və növbəti görüşə vəsiqə qazandı.[20] Bu görüşdə onun rəqibi Xorvatiya nümayəndəsi Neven Yuqaç oldu.[20] Həmin görüşdə də Rafiq Hüseynov rəqibinə qalib gəldi (4:0, 4:2) və bürünc medal uğrunda görüşə vəsiqə qazandı.[20] Həlledici görüşdə onun rəqibi Rusiya nümayəndəsi İmil Şərəfəddinov oldu.[20] Bu görüşdə Rafiq Hüseynov rəqibinə 0:2 (0:1, 0:4) hesabı ilə məğlub oldu və Dünya Çempionatını beşinci pillədə başa vurdu.[20]
Rafiq Hüseynovun 2011-ci ildə birinci turniri yanvarda İstanbul şəhərində baş tutan V. Emre & H. Kaplan beynəlxalq turniri oldu.[21] Həmin turnirin final görüşündə Belarus nümayəndəsi Alexander Kixinova qalib gələn Rafiq Hüseynov turniri qızıl medalla başa vurdu.[21]
Daha sonra Rafiq Hüseynov fevralda Belarusda baş tutan FILA Dünya Kubokunda mübarizə apardı.[22] Turnirin nəticələrinə əsasən yunan-roma güləşi üzrə Azərbaycan yığması dördüncü pillədə qərarlaşdı.[22]
İlin birinci nüfuzlu turniri 28 mart-4 apreldə Almaniyanın Dortmund şəhərində baş tutan Avropa Çempionatı oldu.[23] Təsnifat mərhələsində Rafiq Hüseynov İspaniya nümayəndəsi Ricardo Gil Sorli ilə üz-üzə gəldi.[23] Həmin görüşdə Rafiq Hüseynov rəqibi üzərində 2:0 hesabı ilə qələbə qazandı və turnirin 1/8 final mərhələsinə adladı.[23] Bu mərhələdə onun rəqibi Fransa nümayəndəsi Xristofe Qenot oldu.[23] Bu görüşdə də Rafiq Hüseynov rəqibinə 2:0 hesabı ilə qalib gəldi və turnirin 1/4 final mərhələsinə adladı.[23] Bu mərhələdə onun rəqibi Sloveniya nümayəndəsi Yure Kuhar oldu.[23] Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Rafiq Hüseynov rəqibi üzərində 2:1 hesabı ilə qələbə qazandı və turnirin yarım-final mərhələsinə adladı.[23] Finala gedən yolda isə onun rəqibi Türkiyə nümayəndəsi Səlcuq Cəbi oldu.[23] Həmin görüşdə də Rafiq Hüseynov rəqibinə 2:0 hesabı ilə qalib gəldi və Avropa Çempionatının final görüşünə vəsiqə qazandı.[23] Həlledici görüşdə onun rəqibi Macarıstan nümayəndəsi Peter Basçi oldu.[23] Final görüşündə də rəqibi üzərində 2:0 hesabı ilə qələbə qazanan Rafiq Hüseynov Avropa Çempionatının qalibi oldu.[23]
Daha sonra Rafiq Hüseynovun iyulda baş tutan Heydər Əliyevin xatirəsinə həsr olunan Qızıl Qran-Pri beynəlxalq turnirndə mübarizə apardı.[24] Rafiq Hüseynov 1/8 final mərhələsində Gürcüstan nümayəndəsi Otari Fevadze ilə üz-üzə gəldi.[24] Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Rafiq Hüseynov rəqibinə 2:1 hesabı ilə qalib gəldi və 1/4 final mərhələsinə adladı.[24] Bu mərhələdə onun rəqibi Türkiyə nümayəndəsi Əmrah Kuş oldu.[24] Bu görüdə Rafiq Hüseynov rəqibi üzərində 2:0 hesabı ilə qələbə qazandı və turnirin yarım-final mərhələsinə adladı.[24] Bu mərhələdə onun rəqibi Azərbaycan nümayəndəsi Elvin Mürsəliyev oldu.[24] Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Rafiq Hüseynov rəqibinə 1:2 hesabı ilə məğlub oldu və mübarizəni bürünc medal uğrunda görüşdə davam elədi.[24] Bu görüşdə isə onun rəqibi Xorvatiya nümayəndəsi Neven Yuqaç oldu.[24] Bu görüşdə Rafiq Hüseynov rəqibinə 0:2 hesabı ilə məğlub oldu və turniri beşinci pillədə başa vurdu.[24]
2011-ci ilin əsas turniri 12-18 sentyabrda İstanbul şəhərində baş tutan Dünya Çempionatı oldu.[25] Təsnifat mərhələsindən azad olan Rafiq Hüseynov 1/16 final mərhələsində rəqibi Özbəkistan nümayəndəsi Əzizbəy Muradov oldu.[25] Həmin görüşdə Rafiq Hüseynov rəqibinə 2:0 (4:0, 2:0) hesabı ilə qalib gəldi və turnirin 1/8 final mərhələsinə adladı.[25] Bu mərhələdə onun rəqibi Qırğızıstan nümayəndəsi Daniyar Kobonov oldu.[25] Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Rafiq Hüseynov rəqibinə 2:1 (2:0, 0:4, 2:0) hesabı ilə qalib gəldi və 1/4 final mərhələsinə adladı.[25] Bu mərhələdə isə onun rəqibi Xorvatiya nümayəndəsi Neven Yuqaç oldu.[25] Həmin görüşdə Rafiq Hüseynov rəqibinə 0:2 (0:1, 0:1) hesabı ilə məğlub oldu və Dünya Çempionatını 12-ci pillədə başa vurdu.[25]
Rafiq Hüseynovun 2011-ci ildə son turniri Rusiyada baş tutan Komandalararası Moscow Lights beynəlxalq turniri oldu.[26] Həmin turnirin final görüşündə Rusiya nümayəndələrinə məğlub olan yunan-roma güləşi üzrə Azərbaycan yığması turniri gümüş medalla başa vurdu.[26]
Rafiq Hüseynovun 2012-ci ildə birinci turniri yanvarda İstanbul şəhərində baş tutan Qran-Pri beynəlxalq turniri.[27] Nəticələrə əsasən Rafiq Hüseynov turniri yeddinci pillədə başa vurdu.[27]
Daha sonra Rafiq Hüseynov 20-22 apreldə Bolqarıstanın Sofiya şəhərində baş tutan Avropa Olimpiya Təsnifat Turnirində mübarizə apardı.[28] Amma həmin turnirdə Rafiq Hüseynov uğursuzluqla üzləşdi.[28] Rafiq Hüseynov turnirin təsnifat mərhələsindəcə Macarıstan nümayəndəsi Peter Basçiyə 0:2 (0:1, 0:1) hesabı ilə məğlub oldu və olimpiya lisenziyasına sahib ola bilmədi.[28] Bir həftə sonra Çində baş tutan Dünya Olimpiya Təsnifat Turnirində isə Emin Əhmədov olimpiya lisenziyasına sahib oldu. Avqustda isə Emin Əhmədov London Olimpiadasını bürünc medalla başa vurdu.
Mayda isə Rafiq Hüseynov Rusiyada baş tutan FILA Dünya Kubokunda mübarizə apardı.[29] Nəticədə yunan-roma güləşi üzrə Azərbaycan yığması turniri beşinci pillədə başa vurdu.[29]
Rafiq Hüseynovun növbəti turniri sentyabrda baş tutan Heydər Əliyevin xatirəsinə həsr olunan Qızıl Qran-Pri beynəlxalq turniri oldu.[30] Nəticədə o, turnirin bürünc medalına sahib oldu.[30]
Rafiq Hüseynovun 2012-ci ildə son turniri Rusiyada baş tutan Komandalararası Moscow Lights beynəlxalq turniri oldu.[31] Həmin turnirin final görüşündə Rusiya nümayəndələrinə məğlub olan yunan-roma güləşi üzrə Azərbaycan yığması turniri gümüş medalla başa vurdu.[31]
Rafiq Hüseynovun 2013-cü ildə birinci turniri fevralda İranın Tehran şəhərində baş tutan FILA Dünya Kuboku oldu.[32] Həmin turnirin nəticələrinə əsasən yunan-roma güləşi üzrə Azərbaycan yığması turniri dördüncü pillədə başa vurdu.[32]
Mövsümün birinci nüfuzlu turniri 18-24 martda Gürcüstanın Tbilisi şəhərində baş tutan Avropa Çempionatı oldu.[33] Turnirin təsnifat mərhələsində Rafiq Hüseynov Almaniya nümayəndəsi Pasal Esele ilə üz-üzə gəldi.[33] Həmin görüşdə rəqibinə məğlub olan Rafiq Hüseynov Avropa Çempionatını 18-ci pillədə başa vurdu.[33]
Daha sonra Rafiq Hüseynov avqustda Polşanın Varşava şəhərində baş tutan beynəlxalq turnirdə mübarizə apardı.[34] Nəticədə Rafiq Hüseynov həmin turniri 30 idmançı sırasında yeddinci pillədə başa vurdu.[34]
2013-cü ilin əsas turniri 16-22 sentyabrda Macarıstanın Budapeşt şəhərində baş tutan Dünya Çempionatı oldu.[35] Rafiq Hüseynov təsnifat mərhələsində mərhələsində Serbiya nümayəndəsi Vitor Nemes ilə üz-üzə gəldi.[35] Həmin görüşdə Rafiq Hüseynov rəqibinə 6:1 hesabı ilə qalib gəldi və turnirin 1/16 final mərhələsinə adladı.[35] Bu mərhələdə onun rəqibi Xorvatiya nümayəndəsi Neven Yuqaç oldu.[35] Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Rafiq Hüseynov rəqibinə 8:4 hesabı ilə qalib gəldi və 1/8 final mərhələsinə adladı.[35] Bu mərhələdə isə onun rəqibi Türkiyə nümayəndəsi Əmrah Kuş oldu.[35] Həmin görüşdə Rafiq Hüseynov rəqibinə 1:4 hesabı ilə məğlub oldu və Dünya Çempionatını onuncu pillədə başa vurdu.[35]
Noyabrda isə Rafiq Hüseynov Rusiyada baş tutan Komandalararası Moscow Lights beynəlxalq turniri oldu.[36] Nəticələrə əsasən yunan-roma güləşi üzrə Azərbaycan yığması turniri beşinci pillədə başa vurdu.[36]
Rafiq Hüseynovun 2013-cü ildə son turniri noyabrda baş tutan Heydər Əliyevin xatirəsinə həsr olunan Qızıl Qran-Pri beynəlxalq turniri oldu.[37] Turnirin final görüşündə Danimarka nümayəndəsi Mar Madsena qalib gələn Rafiq Hüseynov turnirin qalibi oldu.[37]
Rafiq Hüseynovun 2014-cü ildə birinci turniri martda Macarıstanın Sombatxey şəhərində baş tutan Qran-Pri beynəlxalq turniri oldu.[38] Nəticədə əsasən o, həmin turnirin bürünc medallarına sahib oldu.[38]
2014-cü ilin birinci nüfuzlu turniri 1-6 apreldə Finlandiyanın Vantaa şəhərində baş tutan Avropa Çempionatı oldu.[39] Rafiq Hüseynov turnirin 1/8 final mərhələsində Belarus nümayəndəsi Alexander Şişman oldu.[39] Həmin görüşdə Rafiq Hüseynov rəqibinə məğlub oldu və Avropa Çempionatını 12-ci pillədə başa vurdu.[39]
Daha sonra Rafiq Hüseynov iyulda baş tutan Heydər Əliyevin xatirəsinə həsr olunan Qızıl Qran-Pri beynəlxalq turnirində mübarizə apardı.[40] Turnirin final görüşündə Gürcüstan nümayəndəsi Zurabi Datunaşvili üzərində qələbə qazanan Rafiq Hüseynov turnirin qalibi oldu.[40]
Mövsümün son turniri isə noyabrda Rusiyada baş tutan Komandalararası Moscow Lights beynəlxalq turniri oldu.[41] Nəticələrə əsasən yunan-roma güləşi üzrə Azərbaycan yığması turnirin bürünc medallarına sahib oldu.[41]
Rafiq Hüseynov 2015-ci ilə fevralında yunan-roma güləşi üzrə Azərbaycan yığmasının heyətində İranın Tehran şəhərinin ev sahibliyində baş tutan yunan-roma güləşi üzrə Dünya Kubokunda çıxış elədi.[42] Azərbaycan yığması "A" qrupunda Almaniya, İran və İsveç yığmaları ilə mübarizə apardı.[42] Azərbaycan yığması birinci görüşdə İran güləşçiləri ilə üz-üzə gəldi və 6:2 hesabı ilə qalib gəldi.[42] Komandanın heyətində Rafiq Hüseynov Həbibullah Əxlaqiyə 5:4 hesabı ilə qalib gəldi və Azərbaycan yığmasının qələbəsində pay sahibi oldu.[42] Növbəti görüşdə Azərbaycan güləşçiləri Almaniya yığması ilə qarşılaşdı.[42] Bu görüşdə də Azərbaycan yığması rəqibi üzərində inamlı qələbə qazandı — 7:1.[42] Həmin görüşdə Rafiq Hüseynov Pasal Eisele üzərində 4:0 hesabı ilə qələbə qazandı və Azərbaycan yığmasının qələbəsində pay sahibi oldu.[42] Qrup mərhələsinin sonuncu görüşündə Azərbaycan yığması İsveç güləşçiləri ilə üz-üzə gəldi və 7:1 hesabı ilə qalib gəldi.[42] Bu görüşdə Rafiq Hüseynov Lenni Perssona 8:0 hesabı ilə qalib gəldi və üçüncü dəfə Azərbaycan yığmasının qələbəsində pay sahibi oldu.[42] Qrup mərhələsinin nəticələrinə əsasən Azərbaycan yığması final görüşünə vəsiqə qazandı.[42] Həlledici görüşdə Azərbaycan yığması Rusiya güləşçiləri ilə üz-üzə gəldi.[42] Gərgin idman mübarizəsi şəraitində baş tutan görüş 4:4 hesabı ilə başa çatsa da, görüşlərdə toplanan hesablara əsasən Azərbaycan güləşçiləri qalib gəldi.[42] Final görüşündə də Rafiq Hüseynov Yevgeni Saleyev üzərində 2:1 hesabı ilə qələbə qazandı və turnirdə dörd görüşün hamısında qələbə qazanaraq Azərbaycan yığmasının qələbəsindən əsas pay sahiblərindən biri oldu.[42] Bununla da yunan-roma güləşi üzrə Azərbaycan yığması tarixində birinci dəfə Dünya Kubokunun qalibi oldu.[42]
2015-ci ilin birinci nüfuzlu turniri 12-28 iyunda Azərbaycanda baş tutan I Avropa Oyunları idi.[43] Həmin turnirdə mübarizə aparan Rafiq Hüseynov qızıl medala iddialı idi. Təsnifat mərhələsindən azad olan Rafiq Hüseynov 1/8 final mərhələsində Avstriya nümayəndəsi Mixael Vaqner ilə üz-üzə gəldi.[43] Həmin görüşdə Rafiq Hüseynov rəqibi üzərində vaxtından əvvəl 11:0 hesabı ilə qələbə qazandı və turnirin 1/4 final mərhələsinə adladı.[43] Bu mərhələdə onun rəqibi Bolqarıstan nümayəndəsi Daniel Alesandrov oldu.[43] Bu görüşdə də Rafiq Hüseynov rəqibinə vaxtından əvvəl 10:0 hesabı ilə qalib gəldi və turnirin yarım-final mərhələsinə adladı.[43] Finala gedən yolda onun rəqibi Türkiyə nümayəndəsi Səlcuq Cəbi oldu.[43] Həmin görüşdə də Rafiq Hüseynov rəqibi üzərində vaxıtndan əvvəl 10:0 hesabı ilə qələbə qazandı və Avropa Oyunlarının final görüşünə vəsiqə qazandı.[43] Həlledici görüşdə onun rəqibi Rusiya nümayəndəsi Yevgeni Saleyev oldu.[43] Rafiq Hüseynov həmin rəqibinə fevralda baş tutan turnirin final görüşündə qalib gəlmişdi. Bu səfər də görüş gərgin idman mübarizəsi şəraitində baş tutsa da, nəticədə Rafiq Hüseynov rəqibinə 0:2 hesabı ilə məğlub oldu və I Avropa Oyunlarını gümüş medalla başa vurdu.[43]
Azərbaycan Prezidenti İlham Əliyevin 29 iyun 2015-ci il tarixli 1299 nömrəli Sərəncamına əsasən I Avropa Oyunlarında qazandığı nailiyyətlərə və Azərbaycan idmanında xidmətlərinə görə Rafiq Radik oğlu Hüseynov "Tərəqqi" medalı ilə təltif edildi.
2015-ci ilin əsas turniri 6-12 sentyabrda Birləşmiş Ştatların Las-Veqas şəhərində baş tutan Dünya Çempionatı oldu.[44] Olimpiya lisenziyası verən turnirdə mübarizə aparan Rafiq Hüseynov uğursuzluqla üzləşdi.[44] Turnirin təsnifat mərhələsində onun rəqibi Rusiya nümayəndəsi Yevgeni Saleyev oldu.[44] Rafiq Hüseynov bu rəqibi ilə mövsüm ərzində üçüncü dəfə üz-üzə gəlirdi. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Rafiq Hüseynov rəqibinə 4:10 hesabı ilə məğlub oldu və Dünya Çempionatını 20-ci pillədə başa vurdu.[44]
Daha sonra Rafiq Hüseynov Cənubi Koreyanın Mungyon şəhərində baş tutan Hərbçilərin VI Dünya Oyunlarında mübarizə apardı.[45] Finala gedən yolda bütün rəqibləri üzərində qələbə qazanan Rafiq Hüseynov həlledici görüşdə Rusiya nümayəndəsi Yevgeni Saleyev ilə üz-üzə gəldi.[45] Rafiq Hüseynov bu rəqibi ilə mövsüm ərzində dördüncü dəfə üz-üzə gəlirdi. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Rafiq Hüseynov rəqibinə qalib gəldi və Hərbçilərin VI Dünya Oyunlarının qalibi oldu.[45]
Rafiq Hüseynovun 2015-ci ildə sonuncu turniri noyabrda baş tutan Heydər Əliyevin xatirəsinə həsr olunan Qızıl Qran-Pri beynəlxalq turniri oldu.[46] Turnirin final görüşündə Gürcüstan nümayəndəsi Laşa Qobadzeyə məğlub olan Rafiq Hüseynov turniri gümüş medalla başa vurdu.[46]
Rafiq Hüseynovun 2016-cı ildə birinci turniri 6-14 martda Latviyanın Riqa şəhərində baş tutan Avropa Çempionatı oldu.[47] Turnirin təsnifat mərhələsində Rafiq Hüseynovun rəqibi Monteneqro nümayəndəsi Rafael Samurqaşev oldu.[47] Həmin görüşdə Rafiq Hüseynov rəqibi üzərində təmiz qələbə qazandı və turnirin 1/8 final mərhələsinə adladı.[47] Bu mərhələdə onun rəqibi Belarus nümayəndəsi Pavel Paminçux oldu.[47] Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Rafiq Hüseynov rəqibinə 5:4 hesabı ilə qalib gəldi və turnirin 1/4 final mərhələsinə adladı.[47] Bu mərhələdə isə onun rəqibi Bolqarıstan nümayəndəsi Daniel Alesandrov oldu.[47] Bu görüşdə Rafiq Hüseynov rəqibinə 4:8 hesabı ilə məğlub oldu və Avropa Çempionatını yeddinci pillədə başa vurdu.[47]
Daha sonra Rafiq Hüseynov iyulda Almaniyanın Dortmund şəhərində baş tutan Almaniya Qran-Prisində mübarizə apardı.[48] Həmin turnirin final görüşündə Rusiya nümayəndəsi Çingiz Labazanova qalib gələn Rafiq Hüseynov turnirin qalibi oldu.[48]
Rafiq Hüseynovun növbəti turniri sentyabrda baş tutan hərbçilər arasında Dünya Çempionatı oldu.[49] Finala gedən yolda bütün rəqibləri üzərində qələbə qazanan Rafiq Hüseynov həlledici görüşdə Almaniya nümayəndəsi Passal Eseleyə məğlub oldu və turniri gümü medalla başa vurdu.[49]
Noyabrda isə Rafiq Hüseynov Heydər Əliyevin xatirəsinə həsr olunan Qızıl Qran-Pri beynəlxalq turnirində mübarizə apardı.[50] Turnirin həlledici görüşündə Türkiyə nümayəndəsi Aslan Atəm üzərində qələbə qazanan Rafiq Hüseynov turnirin qalibi oldu.[50]
Mövsümün son turniri isə Macarıstanın Budapeşt şəhərində baş tutan Dünya Çempionatı oldu.[51] Təsnifat mərhələsindən azad olan Rafiq Hüseynov 1/8 final mərhələsində İsveç nümayəndəsi Alex Byurberq Kessedis ilə üz-üzə gəldi.[51] Həmin görüşdə Rafiq Hüseynov rəqibinə 11:2 hesabı ilə qalib gəldi və turnirin 1/4 final mərhələsinə adladı.[51] Bu mərhələdə onun rəqibi Rusiya nümayəndəsi Ramazan Abaçarayev oldu.[51] Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Rafiq Hüseynov rəqibinə məğlub oldu (1:1).[51] Rəqibi final görüşünə vəsiqə qazandığına görə Rafiq Hüseynov təsəlliverici qrupda mübarizə apardı.[51] Bu qrupun birinci görüşündə Gürcüstan nümayəndəsi Niholoz Kelasova 1:2 hesabı ilə məğlub olan Rafiq Hüseynov Dünya Çempionatını onuncu pillədə başa vurdu.[51]
Rafiq Hüseynov 2017-ci ilin martında yunan-roma güləşi üzrə Azərbaycan yığmasının heyətində İranın Abadan şəhərinin ev sahibliyində baş tutan yunan-roma güləşi üzrə Dünya Kubokunda çıxış elədi.[52] Azərbaycan yığması "B" qrupunda Belarus, Türkiyə və Ukrayna yığmaları ilə mübarizə apardı.[52] Azərbaycan yığması birinci görüşdə Türkiyə güləşçiləri ilə üz-üzə gəldi və 5:3 hesabı ilə qalib gəldi.[52] Komandanın heyətində Rafiq Hüseynov da mübarizə apardı və rəqibinə məğlub oldu.[52] Növbəti görüşdə Azərbaycan güləşçiləri Belarus yığması ilə qarşılaşdı.[52] Bu görüşdə də Azərbaycan yığması rəqibi üzərində qələbə qazandı — 5:3.[52] Komandanın heyətində bu səfər Rafiq Hüseynov qələbə qazanaraq qələbədə pay sahibi ola bildi.[52] Qrup mərhələsinin sonuncu görüşündə Azərbaycan yığması Ukrayna güləşçiləri ilə üz-üzə gəldi və bu səfərdə 5:3 hesabı ilə qalib gəldi.[52] Komandanın heyətində çıxış edən Rafiq Hüseynov isə bu səfər də rəqibinə məğlub oldu.[52] Bununla belə qrup mərhələsinin nəticələrinə əsasən Azərbaycan yığması final görüşünə vəsiqə qazandı.[52] Həlledici görüşdə Azərbaycan yığması Rusiya güləşçiləri ilə üz-üzə gəldi.[52] Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Azərbaycan yığması rəqibinə 3:5 hesabı ilə məğlub oldu.[52] Komandanın heyətində Rafiq Hüseynov Adlan Aqiyevə gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə qalib gəldi (1:1 hesabı ilə).[52] Bununla da yunan-roma güləşi üzrə Azərbaycan yığması Dünya Kubokunun gümüş medalına sahib oldu.[52]
2017-ci ilin əsas turnirlərindən biri 2-8 mayda Serbiyanın Novi Sad şəhərində baş tutan Avropa Çempionatı olsa da, Azərbaycan yığmasının məşqçiləri Rafiq Hüseynovun 12-22 mayda baş tutacaq IV İslam Həmrəyliyi Oyunlarına daha yaxşı hazırlaşması üçün həmin turnirdə mübarizə aparmamasına qərar verdi.
IV İslam Həmrəyliyi Oyunlarında Rafiq Hüseynov əvvəlcə Qırğızıstan nümayəndəsi Atabəy Əzibəyova 5:1 hesabı ilə, sonra isə Əlcəzair nümayəndəsi Bəşir Sid Azara 10:1 hesabı ilə qalib gəldi və turnirin final görüşünə vəsiqə qazandı.[53] Həlledici görüşdə isə onun rəqibi İran nümayəndəsi Yusif Qədiryan oldu.[53] Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Rafiq Hüseynov rəqibinə məğlub oldu (1:1) və IV İslam Həmrəyliyi Oyunlarını gümüş medalla başa vurdu.[53]
Rafiq Hüseynovun 2018-ci ildə birinci turniri fevralda Kiyev şəhərində baş tutan beynəlxalq turnir oldu.[54] Turnirin final görüşündə Gürcüstan nümayəndəsi Zurabi Datunaşvili üzərində qələbə qazanan Rafiq Hüseynov turnirin qalibi oldu.[54]
Mövsümün birinci nüfuzlu turniri 30 aprel-6 mayda Rusiyada baş tutan Avropa Çempionatı oldu.[55] Təsnifat mərhələsindən azad olan Rafiq Hüseynov turnirin 1/8 final mərhələsində Gürcüstan nümayəndəsi Zurabi Datunaşvili ilə üz-üzə gəldi.[55] Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Rafiq Hüseynov rəqibinə 5:4 hesabı ilə qalib gəldi və turnirin 1/4 final mərhələsinə adladı.[55] Bu mərhələdə onun rəqibi Serbiya nümayəndəsi Yarqo Diçqov oldu.[55] Bu görüşdə Rafiq Hüseynov rəqibi üzərində 4:1 hesabı ilə qələbə qazandı və turnirin yarım-final mərhələsinə adladı.[55] Finala gedən yolda onun rəqibi Belarus nümayəndəsi Vitor Sasunovsi oldu.[55] Həmin görüşdə Rafiq Hüseynov rəqibinə 0:10 hesabı ilə məğlub oldu və mübarizəni bürünc medal uğrunda görüşdə davam elədi.[55] Bu görüşdə isə onun rəqibi Almaniya nümayəndəsi Roland Şvarz oldu.[55] Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Rafiq Hüseynov rəqibinə 5:4 hesabı ilə qalib gəldi və Avropa Çempionatının bürünc medalına sahib oldu.[55]
Avropa Çempionatından sona Rafiq Hüseynov Rusiyada baş tutan hərbçilər arasında Dünya Çempionatında mübarizə apardı.[56] Nəticələrə əsasən o, turnirin bürünc medalına sahib oldu.[56]
Daha sonra Rafiq Hüseynov iyulda İstanbul şəhərində baş tutan V. Emre & H. Kaplan beynəlxalq turnirində çıxış elədi.[57] Həmin turnirdə uğursuzluqla üzləşən Rafiq Hüseynov turniri 14 idmançı sırasında yeddinci pillədə başa vurdu.[57]
Sentyabrda isə Rafiq Hüseynov Belarusda baş tutan Oleq Karavayevin xatirəsinə həsr olunan beynəlxalq turnirdə mübarizə apardı.[58] Nəticələrə əsasən o, turnirin bürünc medalına sahib oldu.[58]
İlin əsas turniri Macarıstanın Budapeşt şəhərində baş tutan Dünya Çempionatı oldu.[59] Təsnifat mərhələsindən azad olan Rafiq Hüseynov turnirin 1/8 final mərhələsində Bolqarıstan nümayəndəsi Daniel Alesandrov ilə üz-üzə gəldi.[59] Həmin görüşdə Rafiq Hüseynov rəqibi üzərində 5:4 hesabı ilə qələbə qazandı və turnirin 1/4 final mərhələsinə adladı.[59] Bu mərhələdə isə onun rəqibi İran nümayəndəsi Səid Abdelvəli oldu.[59] Bu görüşdə Rafiq Hüseynov rəqibinə 0:4 hesabı ilə məğlub oldu və Dünya Çempionatında mübarizəsini başa vurdu.[59]
Rafiq Hüseynovun 2019-cu ildə birinci turniri fevralda İstanbul şəhərində baş tutan V. Emre & H. Kaplan beynəlxalq turniri oldu.[60] Həmin turnirin nəticələrinə əsasən Rafiq Hüseynov turniri bürünc medalla başa vurdu.[60]
İlin birinci nüfuzlu turniri 8-14 apreldə Rumıniyanın Buxarest şəhərində baş tutan Avropa Çempionatı oldu.[61] Təsnifat mərhələsindən azad olan Rafiq Hüseynov turnirin 1/8 final mərhələsində Macarıstan nümayəndəsi Peter Nagi ilə üz-üzə gəldi.[61] Həmin görüşdə rəqibinə 2:4 hesabı ilə məğlub olan Rafiq Hüseynov Avropa Çempionatını 18 idmançı sırasında 16-cı pillədə başa vurdu.[61]
Daha sonra Rafiq Hüseynov avqustda Gürcüstanın Tbilisi şəhərində baş tutan G. Kartozia & V. Balavadze beynəlxalq turnirində mübarizə apardı.[62] Finala gedən yolda bütün rəqibləri üzərində qələbə qazanan Rafiq Hüseynov həlledici görüşdə Gürcüstan nümayəndəsi Avenqo Rixadzeyə məğlub oldu və turniri gümüş medalla başa vurdu.[62]
2019-cu ilin əsas turniri 14-22 sentyabrda Qazaxıstanın Astana şəhərində baş tutan Dünya Çempionatı oldu.[63] Turnirin təsnifat mərhələsində Rafiq Hüseynov Moldova nümayəndəsi Mixail Bradu ilə üz-üzə gəldi.[63] Həmin görüşdə Rafiq Hüseynov rəqibinə 6:0 hesabı ilə qalib gəldi və turnirin 1/8 final mərhələsinə adladı.[63] Bu mərhələdə onun rəqibi Ukrayna nümayəndəsi Yuri Şriuba oldu.[63] Bu görüşdə Rafiq Hüseynov rəqibi üzərində 8:0 hesabı ilə qələbə qazandı və turnirin 1/4 final mərhələsinə adladı.[63] Bu mərhələdə isə onun rəqibi Qazaxıstan nümayəndəsi Mahat Yerejepov oldu.[63] Bu görüşdə rəqibi üzərində təmiz qələbə qazanan Rafiq Hüseynov Dünya Çempionatının yarım-final mərhələsinə adladı.[63] Finala gedən yolda onun rəqibi İran nümayəndəsi Səid Abdelvəli oldu.[63] Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Rafiq Hüseynov rəqibinə 8:5 hesabı ilə qalib gəldi və Dünya Çempionatının final görüşünə vəsiqə qazandı.[63] Həlledici görüşdə onun rəqibi Gürcüstan nümayəndəsi Laşa Qobadze oldu.[63] Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Rafiq Hüseynov rəqibinə 4:5 hesabı ilə məğlub oldu və Dünya Çempionatını gümüş medalla başa vurdu.[63]
Mövsüm son turniri isə Çinin Uhan şəhərində baş tutan Hərbçilərin Dünya Oyunları oldu.[64] Finala gedən yolda bütün rəqibləri üzərində qələbə qazanan Rafiq Hüseynov həlledici görüşdə Macarıstan nümayəndəsi Vitor Lorinsa məğlub oldu və turnirin gümüş medalına sahib oldu.[64]
Rafiq Hüseynovun 2020-ci ildə birinci turniri yanvarda Fransanın Nitsa şəhərində baş tutan Qran-Pri beynəlxalq turniri oldu. Bu turnirin final görüşündə Rafiq Hüseynov Gürcüstan nümayəndəsi Ayvenqo Rixadze üzərində qələbə qazandı və qızıl medalın sahibi oldu.
İlin birinci nüfuzlu turniri 10-16 fevralda İtaliyanın Roma şəhərində baş tutan Avropa Çempionatı oldu. Təsnifat mərhələsindən azad olan Rafiq Hüseynovun 1/8 final mərhələsində rəqibi Niderland nümayəndəsi Tiron Sterhenburq oldu. Həmin görüşdə Rafiq Hüseynov rəqibi üzərində 8:0 hesabı ilə qələbə qazandı və turnirin 1/4 final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi İsveç nümayəndəsi Boqdan Kurinni oldu. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Rafiq Hüseynov rəqibinə 4:2 hesabı ilə qalib gəldi və turnirin yarım-final mərhələsinə adladı. Finala gedən yolda onun rəqibi İtaliya nümayəndəsi Kiro Russo oldu. Bu görüşdə də Rafiq Hüseynov rəqibi üzərində qələbə qazandı (8:1) və Avropa Çempionatının final görüşünə vəsiqə qazandı. Həlledici görüşdə onun rəqibi Bolqarıstan nümayəndəsi Daniel Alesandrov oldu. Gərgin idman mübarizəsi şəraitində baş tutan final görüşündə Rafiq Hüseynov rəqibinə 2:1 hesabı ilə qalib gəldi və doqquz ildən sonra Avropa Çempionatının qalibi oldu.
2020-ci ilin əvvəlindən etibarən bütün dünyanı cənginə alan COVID-19 pandemiyası ilə bağlı bir sıra turnirlər təxirə salındı. Təxirə salınan turnirlər sırasında mart ayında baş tutmalı olan Avropa Olimpiya Təsnifat Turniri və may ayında baş tutmalı olan Dünya Olimpiya Təsnifat Turniri də var idi. Nəhayət 2020-ci il martın 24-də Beynəlxalq Olimpiya Komitəsi (BOK) tərəfindən 2020-ci ilin iyul-avqust aylarında baş tutması nəzərdə tutulan XXXII Yay Olimpiya Oyunlarının 2021-ci ilə təxirə salınması barədə qərar qəbul edildi. Bununla da Rafiq Hüseynov mövsümün davamında heç bir beynəlxalq turnirdə çıxış eləmədi.
|
|