Kosaku Hamada
Kosaku Hamada (濱田 耕作, Hamada Kosaku, 22 fevral 1881 – 25 iyul 1938, Kioto) və ya Seyryo Hamada (濱田 青陵, Hamada Seyryo) – Yaponiya arxeoloqu və sənətşünası.
Kosaku Hamada 1881-ci ildə Yaponiyanın Osaka şəhərində doğulmuşdur. 1905-ci ildə Tokio Universitetindən məzun olaraq sənətşünaslıq sahəsində ixtisaslaşmışdır. 1909-cu ildə Kioto Universitetində yapon sənətşünaslıq və arxeologiya mövzularında mühazirələr verməyə başlamışdır. 1913–16-cı illərdə Britaniyada təhsil aldıqdan sonra 1917-ci ildə Kioto Universitetinin professoru olmuşdur. O, Yaponiyada arxeologiya üzrə universitet professoru olan ilk şəxs olmuşdur.
Hamada 1937-ci ildə Kioto Universitetinin prezidenti seçilmiş, 1938-ci ildəki ölümünə qədər bu vəzifəni tutmuşdur.
Hamada Yaponiyada arxeologiyanın elmi metodlarından istifadə edən ilk şəxs olmuşdur. Onun tədqiqat qrupu 1917–27-ci illərdə 14 cildlik tədqiqat işi yayımlamışdır. Bu tədqiqat işinin böyük hissəsi onun Yaponiya, Koreya və Çində apardığı qazıntı işlərinə həsr olunmuşdur.