Dünya Azərbaycanlılarının Həmrəylik Günü
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü — 31 dekabr Dünya azərbaycanlılarının həmrəylik və birlik günü.
== Yaranması ==
Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün əsası 1989-cu il dekabrın axırlarında Naxçıvanda SSRİ-İran sərhədlərinin dağılması zamanı qoyuldu. Şimali və Cənubi Azərbaycan arasındakı sərhəd dirəkləri dağıdıldı. 1989-cu ilin noyabrında keçirilən Məclisi xalqın iradəsini bir daha ifadə edərək Cənubi və Şimali Azərbaycan arasında humanitar, mədəni, iqtisadi və qohumluq əlaqələrini bərpa etmək məqsədilə sərhəd çəpərlərinin götürülməsi və mühəndis-texniki qurğuların sökülməsi haqqında qərar qəbul etmişdir. Sovet İttifaqı Kommunist Partiyasının, Azərbaycan Kommunist Partiyasının mərkəzi komitələri, partiyanın yerli orqanları, SSRİ sərhəd qoşunlarının rəhbərliyi buna mane olmaq üçün bütün siyasi və hərbi təsir vasitələrinə əl atdılar, lakin buna baxmayaraq Azərbaycan Xalq Cəbhəsinin Naxçıvan Vilayət şöbəsi ardıcıl olaraq "Sərhəd hərəkatı" adlı bir sıra siyasi aksiyalar həyata keçirdi. Genişlənən demokratik hərəkatın nəticəsində SSRİ-nin dövlət sərhədi boyunca çəkilən sərhəd çəpərləri elliklə söküldü. İlk dəfə olaraq Arazın o tayında, bu tayında olan qohumların, həmvətənlərin ünsiyyət imkanları yarandı, sadələşdirilmiş keçid məntəqələri təşkil edildi.
1989-cu il dekabrın 31-i Dünya azərbaycanlılarının həmrəylik bayramına çevrildi, 1990-cı ildə isə həmin günün ildönümü Naxçıvan Muxtar Respublikasında geniş qeyd edildi.
Naxçıvan Muxtar Respublikasından başlanıb, Azərbaycanın digər sərhəd rayonlarına da keçən bu ümumxalq hərəkatına imperiya mövqeyindən yanaşan SSRİ-nin və Azərbaycanın kommunist rəhbərliyi, hərbi dairələr ona qara yaxmağa başladılar. Onlar bunu bir qrup ekstremist və cinayətkar ünsürlərin əməli kimi qiymətləndirib, dünya ictimaiyyətinin gözündən salmağa çalışdılar.