İqlimin təsnifatı
Yer kürəsinin iqlim rayonlaşdırılması çox mürəkkəb bir vəzifə olub, onu həll edərkən bütün təbii şərait kompleksini nəzərə almaq lazımdır. İqlim rayonlaşdırılmasının əsasını insolyasiya rejimi, atmosfer dövranı və yer səthinin xassəsindən asılı olaraq meteoroloji şəraitin məkan daxilində dəyişməsi təşkil edir. Lakin meteoroji ünsürlərin kəmiyyət dəyişmələri yalnız ümumi şəkildə iqlimin
keyfiyyət dəyişmələrini əks etdirir. Başqa sözlə o, iqlimin təbii mühitin başqa amillərinə təsiri xassəsinin dəyişməsini ümumi şəkildə göstərir. Məhz bu axırıncı iqlim rayonlaşdırılmasının əsas məqsədindən ibarətdir. İqlimin keyfiyyət dəyişmələrinə torpaq- bitki örtüyünün xarakteri daha çox uyğun gəlir. Bununla əlaqədar olaraq ümumiləşdirilmiş geobotanik sərhədlər bir çox hallarda iqlim sərhədləri kimi baxıla bilər. Geobotanika göstəicilərindən iqlim rayonlaşdırılması məqsədləri üçün istifadə edərkən, həmişə iqlimin meteoroloji təbiətini yadda saxlamaq lazımdır. İqlim vilayətlərini ayırarkən təkcə bir landşaft göstəricilərini əsas tutmaq olmaz, başqa sözlə müxtəlif insolyasiya və sirkulyasiya rejiminə malik olan əraziləri geobotanik göstəricilərinə görə bir qrupda cəmləşdirmək olmaz. Məs: tundra landşaftının mövcud olması həmin ərazidə bütün hallarda arktika hava kütlələrinin hakim
olmasına, daha sonra rütubətli tropik meşələrinin olması hələ ekvatorial iqlim tipinin mövcudluğuna tam sübut deyildir.