İri atpıtrağı
İri atpıtrağı (lat. Arctium lappa) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin atpıtrağı cinsinə aid bitki növü.
== Botaniki xarakteristikası ==
Hündürlüyü 100-180 sm, gövdəsi düz, möhkəm,şırımlı olub, çox vaxt bənövşəyi rəngli və budaqlanan, hündür ikiillik ot bitkisidir. İri atpıtrağı ikiillik iri ot bitkisi olub, yoğun, lətli əsas kökümsovlu və düzqalxan, qırmızımtıl qabırğalı gövdəyə malik hündürlüyü 60-180 sm-dir. Yarpaqları saplaqlı, gövdənin zirvəsinə doğru tədricən azalan, ürəkvari-yumurtaşəkilli, dişcikli, yuxarıya doğru arabir qısa tükcüklü və ya çılpaq, yaşıl, aşağı tərəfdən sarımtıl-keçəvari olmaqla, uzunluğu 50 sm-ə bərabərdir. Çiçək səbətləri şarşəkilli olub, 3-3,5 sm diametrində, qalxanvari və ya süpürgəvaridir. Yarpaqcıqları çılpaq və ya hörümçək toruna bənzəyən naxışlı, kirəmitvari düzülmüş, xətti, sərt, qarmaqşəkilli və əyilmiş olur. Çiçək qrupunun yatağı sıx, qalın, sərt yerləşdirilmiş xətti və bizəoxşar çiçək altlığından ibarətdir. Bütün çiçəkləri boruşəkilli, ikicinsli, göyümtül-purpurşəkilli çiçək tacından ibarət olmaqla, kasacığı kəkillidir. Meyvəsi iri, sarımtıl-qonur toxumları 5-7 mm uzunluğunda, uzunsov və ya uzunsov-qabırğalı, çılpaq olmaqla, toxumları qısa kəkillidir.