Mingəçevir işıqları (qəzet)
"Mingəçevir işıqları" — Mingəçevirdə 2020-yə qədər nəşr olunan, hazırda isə yalnız onlayn fəaliyyət göstərən qəzet.
"Mingəçevir işçisi”, “Mingəçevir inşaatçısı” və “Mingəçevir işıqları” adı ilə nəşr olunan qəzetdə şəhər, ölkə və dünyada baş verənlər haqda xəbərlər, araşdırma yazıları, elan və reklam məlumatları ilə tanış olmaq mümkündür.
"Mingəçevir işıqları" qəzeti redaksiyası 1948-ci ildən 1991-ci ilədək yerli hakimiyyət orqanlarına məxsus olub. 25 mart 1999-cu ildə 10/110 nömrə ilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində sahibkar hüquqi şəxs kimi yenidən qeydiyyatdan keçib.
Redaksiya 3 bölmədən ibarətdir:
Xəbərlər şöbəsi
Reklam, elan və yayım bölməsi
Mingəçevir Media Mərkəzi
Redaksiya fəaliyyətə başladıqdan 3 il sonra poliqrafiya sexini, 2009-cu ildə isə şəhərin Rəsul Rza küçəsindəki 23 saylı ünvanda Mingəçevir Media Mərkəzini açıb. Qəzetin digər ofisi Dövlət Əmlak Komitəsindən icarəyə götürülüb, Heydər Əliyev prospekti, 28/12 ünvanında yerləşir.
Qəzet 31 dekabr 2019-cu ilədək həm ənənəvi (kağız), həm də onlayn formalarda nəşr olunub. Həftədə bir dəfə olmaqla A4 ölçüdə 8-16 səhifədə nəşr edilən qəzetin səhifələrində şəhərdə, ölkədə və dünyada baş verən ictimai-siyasi hadisələr barədə xəbərlər, siyasi şərhlər, araşdırma və analitik materiallar, tənqidi məqalələr, elan və reklamlar yerləşdirilib. Hər həftə 1000 nüsxə tirajla nəşr olunan qəzetin 500 nüsxəsi daimi abunəçilərə göndərilib, 200 nüsxəsi pərakəndə yolla satılıb, qalan nüsxələr isə əlillər, qocalar, ictimai birliklər arasında pulsuz yayılıb. 2020-ci ilin yanvarından ancaq onlayn qaydada yayımlanır.