1. İ-lıq, i-şıq, i-sti sözləri göstərir ki, qədim kök i-dən ibarətdir. İşıltı sözü göstərir ki, kəlmə təqlidi sözdür. Mənbələrdə yışı (işı) feili var və ruscaya “сверкать” kimi tərcümə olunub. Deməli, işıq işımaq (сверкать) feilindən düzəlmiş isimdir, “parıltı (od)” anlamı ilə bağlıdır. Maraqlıdır: işartı və işıltı sözlərinin kökü özünü sifət (iş-ar-tı) və təqlidi söz (işıltı) kimi biruzə verir, amma mənaca ciddi fərqlənirlər. İşıq sözündə isə kök feildir. Hamısı semantik baxımdan is (isti) kökünə gedib çıxır.
2. İsti, ütü, ilıq, alov, tütün, işıq, his, şam sözlərinin qədim kökünün bir olması haqqında mülahizə söyləməyə dəyər. Şam sözü, əslində, ərəb dilinə türk dilindən keçib və işıq sözü ilə qohumdur. Tütün və tüstü eyni sözün dəyişmiş formalarıdır. Mənbələrdə tut feili ruscaya “дымить” kimi tərcümə olunub, sər və sərin qəlibi üzrə də tut və tütün əmələ gəlib. Bunların hamısı “od” mənasını verən bir mənbədən (ört, öt, üt) törəmə sözlərdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)