Lüksemburqlu Jaketta
Lüksemburqlu Jaketta (ing. Jacquetta of Luxembourg; 1415, Vestminster sarayı, Böyük London regionu[d] – 30 may 1472) — Al və ağ qızılgül müharibələrində iştirak edən mühüm şəxslərdən biri. İngiltərə kralı IV Henrinin oğlu Bedford hersoqu Conla baş tutan qısa evliliyi səbəbilə, müharibədə Lankaster ailəsinin tərəfini tutdu. Buna baxmayaraq, Lankasterlərin Touton döyüşündə məğlub olmasının ardından, Jaketta və ikinci əri Sör Riçard Vudvil York ailəsini dəstəkləməyə başladılar. Belə ki, bu dəstək York ailəsindən taxta çıxan IV Eduardla böyük qızı Elizabetin evlənməsi və qızının İngiltərə kraliçası olması ilə nəticələndi. İkinci evlliliyindən 14 övladı dünyaya gələn Jaketta, bir ara cadugərliklə təqsirləndirildi və çox keçmədən günahsızlığı sübut olundu.
== Həyatı ==
Jaketta Sent-Pol, Konversano və Briyen qrafı olan Lüksemburqlu I Pyotrun böyük qızı idi. Uşaqlıq illəri barədə yetərli məlumat yoxdur. 22 aprel 1433-cü ildə hələ 17 yaşında ikən şimali Fransanın Teruan kommunasında baş tutan mərasimdə Bedford hersoqu Lankasterli Conla evləndirildi. O əsnada 44 yaşında olan Lankasterli Con İngiltərə kralı IV Henrinin oğlu, o əsnada taxtda oturan VI Henrinin isə əmisi idi.