Hüseyn Kürdoğlu
Hüseyn Kürdoğlu (tam adı: Hüseyn Həsən oğlu Alışanov; 15 iyun 1934, Əhmədli, Laçın rayonu – 12 iyul 2003, Bakı) — şair, ədəbiyyatşünas, 1973-cü ildən Azərbaycan Yazıçılar İttifaqının üzvü olmuşdur.
== Həyatı ==
Hüseyn Kürdoğlu 1934-cü il iyunun 15-də Azərbaycanın Laçın rayonunun Əhmədli (Mollaməhmədi) kəndində anadan olmuşdur. . Orta təhsilini Əhmədli kənd yeddiillik, Ağdam şəhər 1 saylı orta, Laçın şəhər orta və Qubadlı rayonu Xanlıq kənd məktəblərində alıb ADU-nun filologiya fakültəsinə daxil olmuşdur (1953–1958). Əmək fəaliyyətinə Azərbaycan Televiziya və Radio Verilişləri Komitəsində ədəbi dram şöbəsinin redaktoru kimi başlamışdır. Sonra Azərbaycan EA Şərqşünaslıq İnstitutunda kiçik elmi işçi vəzifəsində işləmişdir (1960). "Müasir kürd şairi A. Qoranın poeziyası" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir (1966). Şərqşünaslıq İnstitutunun "İran ədəbiyyatı" şöbəsində böyük elmi işçi vəzifəsində çalışmışdır (1968–1993). Ömrünün sonunadək Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunda işləmişdir (1993-cü ildən). Ədəbi yaradıcılığa erkən başlamış, ilk şeirlərini hələ orta məktəbin beşinci sinfində ikən Laçın rayonunda çıxan "Sovet Kürdüstanı" qəzetində çap etdirmişdir. Onun "Gözəldir" rədifli ilk qoşması 1950-ci ildə "Azərbaycan gəncləri" qəzetində dərc olunandan sonra dövri mətbuatda müntəzəm çıxış etməyə başlamışdır.