Nəsrulla Kəngərli
Nəsrulla Kəngərli (25 noyabr 1913, Naxçıvan – 25 fevral 1991, Bakı) — XX əsr Azərbaycan memarlığının görkəmli nümayəndələrindən biri, Bakının, Gəncənin, Sumqayıtın simasını gözəlləşdirən nadir tikililərin müəllifi, II Dünya müharibəsinin iştirakçısı, "Qırmızı Ulduz" ordeni ilə təltif edilmiş, Azərbaycan Respublikasının "Əməkdar inşaatçısı" fəxri adına layiq görülmüş, memar, pedaqoq.
== Həyatı və yaradıcılığı ==
Nəsrulla Yaqub oğlu Kəngərli 1913-cü il noyabr ayının 25-də Naxçıvanda anadan olmuşdur. Babası İsmayıl ağa rus-türk müharibəsində hünər göstərmiş 200 nəfərlik süvari döyüşçüyə rəhbərlik etmiş, şücaətinə görə çar hökuməti ona poruçik rütbəsi və Naxçıvanda mülk vermişdir. Atası Yaqub Paşa cəmi dörd sinif oxusa da, elmlərə bələd, siyasətdən baş çıxaran bir adam kimi tanınmış, ərəb, fars, rus dillərini və osmanlıcanı bilməsi ilə seçilmişdi. İran və Osmanlı ziyalıları ilə əlaqələr saxlayan, zəngin kitabxana yaradan Yaqub Paşa Kəngərli rus şərqşünası Konstantin Smirnova "Naxçıvan elinin tarixi və etnoqrafiyasına dair materiallar" kitabını yazmaqda kömək göstərmişdir. 1918-ci ilin qanlı erməni basqınlarının qarşısının alınmasında ağıl və hünəri ilə fərqlənmişdi. Belə bir mühitdə və huşyar ailədə böyüyən Nəsrulla sovet dovrünün ilk illərində məktəb təhsili almış, 1929-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu və 1939-cu ildə Azərbaycan Sənaye İnstitutunun (indiki Neft Akademiyası) memarlıq-inşaat fakültəsini bitirdikdən sonra muxtar respublikanın kəndlərində dərs demişdi. Yaqub Paşa isə sovet quruculuğunda fəal iştirak etsə də İran vəTürkiyə ilə əlaqə saxlamaqda şərlənib 1939-cu ildə güllələnmişdi. Ailə Qazaxıstana sürgün olunmuş, yalnız 1964-cü ildə vətənə qayıda bilmişdi. Təhsil alması ilə bağlı Naxçıvandan kənarda olması Nəsrullanı bu sürgün və cəzadan xilas etmişdi.