Kibertəhlükəsizlik
Kibertəhlükəsizlik, kompüter təhlükəsizliyi və ya informasiya texnologiyaları təhlükəsizliyi (İT təhlükəsizliyi) – kompüter sistemləri və şəbəkələrinin icazəsiz şəkildə məlumatların açıqlanması, oğurlanması və ya texniki vasitələr, proqram təminatı və ya verilənlərin (data) zədələnməsi ilə nəticələnə bilən zərərli aktorlar tərəfindən hücumdan, habelə proqram təminatının pozulmasından və ya yanlış istiqamətləndirilməsindən qorunmasıdır.
Bu sahə kompüter sistemlərinə, internetə və Bluetooth və Wi-Fi kimi simsiz şəbəkə standartlarına olan inamın genişlənməsi və smartfonlar, televizorlar və müxtəlif əşyaların internetini (IoT) təşkil edən müxtəlif cihazlar da daxil olmaqla smart cihazların artması ilə əlaqədardır. Kibertəhlükəsizlik həm informasiya sistemlərinin mürəkkəbliyinə, həm də onların dəstəklədiyi cəmiyyətlərə görə müasir dünyanın ən mühüm problemlərindən biridir. Elektrik paylanması, seçkilər və maliyyə kimi genişmiqyaslı sistemləri, dövlət və əhalinin məlumatlar bazasını və s. idarə edən sistemlər üçün təhlükəsizlik xüsusilə yüksək əhəmiyyət kəsb edir.
== Tarix ==
İnternetin gəlişindən və son illərdə başlanan rəqəmsal transformasiya ilə kibertəhlükəsizlik anlayışı həm peşəkar, həm də şəxsi həyatımızda tanış bir mövzuya çevrildi. Kibertəhlükəsizlik və kiber təhdidlər texnoloji dəyişikliklərin son 50 ilində ardıcıl olaraq mövcuddur. 1970 və 1980-ci illərdə kompüter təhlükəsizliyi əsasən internet konsepsiyasına qədər akademik mühitlə məhdudlaşdı, burada artan əlaqə ilə kompüter virusları və şəbəkə müdaxilələri artmağa başladı. 1990-cı illərdə virusların yayılmasından sonra 2000-ci illər kibertəhlükəsizliy və kibertəhlükəsizliyin institusionallaşdırılması aktual mövzuya çevrildi.
1967-ci ilin aprel ayında Uillis Var (Willis Ware) Spring Joint Computer Conference-ında təşkil etdiyi sessiya və Ware Hesabatının sonradan nəşri kompüter təhlükəsizliyi sahəsinin tarixində təməl məqamlar oldu.