Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (Azərbaycan)
Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi — şəhərsalma, ərazi planlaşdırılması, arxitektura və bununla bağlı layihələndirmə sahələrində dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Azərbaycan Respublikası Prezidentinin ölkəmizdə dövlət idarəetmə strukturunu təkmilləşdirmək məqsədilə imzaladığı 28 fevral 2006-ci il tarixli sərəncamına əsasən 1993-cü ildən fəaliyyət göstərən Dövlət Tikinti və Arxitektura İşləri Komitəsinin bazasında yaradılıb.
Azərbaycan Respublikası Prezidentinin 8 yanvar 2020-ci il tarixli Sərəncamı ilə Anar Adil oğlu Quliyev Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri təyin edilib.
Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi
Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsi
Ərazi Tikinti-Planlaşdırma Mərkəzi
«Azərmemarlayihə» Dövlət Baş Layihə institutu (DBLİ)
Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutu (AzİMETİ)
Bakı Dövlət Layihə İnstitutu
müvafiq sahədə vahid dövlət siyasətinin formalaşmasında iştirak etmək və bu siyasətin həyata keçirilməsini təmin edir;
ərazi planlaşdırılması sənədlərinin hazırlanmasına və həmin sənədlərin tələblərinə əməl edilməsinə dövlət nəzarətini həyata keçirir;
müvafiq sahənin inkişafını təmin edir;
müvafiq sahədə normayaratma fəaliyyətini həyata keçirir;
şəhərsalma və milli memarlıq ənənələrinin (irsinin) qorunub saxlanılmasını və müvafiq icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları ilə birlikdə şəhərlərin, onların ətrafında tarixən təşəkkül tapmış yaşayış məskənlərinin təbii və yerli xüsusiyyətləri nəzərə alınmaqla, onların ərazilərindən səmərəli istifadə edilməsini təmin edir;
respublika üzrə qanunvericiliklə müəyyən olunmuş qaydada şəhərsalma kadastrının aparılmasını təmin edir;
bina, qurğu və komplekslərin memarlıq planlaşdırma həllərinin səviyyəsinin yüksəldilməsini təmin edir, onların şəhərsalma və tikinti normalarına uyğun işlənilməsinə nəzarəti həyata keçirir.
Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən şəhərsalma, şəhərlərin dayanıqlı, inklüziv və təhlükəsiz inkişafı, ərazilərdən səmərəli istifadə, şəhərsalma kadastrı, memarlıq, tikintiyə icazə və digər sahələr üzrə dünya praktikasının öyrənilməsi, təcrübə və məlumat mübadilələrinin aparılması istiqamətində Türkiyə, Böyük Britaniya, İsveçrə, Koreya Respublikası, Latviya, Macarıstan, Rusiya Federasiyası və s. dövlətlərin aidiyyəti qurumları, habelə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı, Dünya Bankı, Avropa İttifaqı, Asiya İnkişaf Bankı və digər beynəlxalq təşkilatlar ilə ikitərəfli və çoxtərəfli əməkdaşlıq əlaqələri qurularaq inkişaf etdirilir. Eyni zamanda, xarici ölkələrin aidiyyəti dövlət qurumları ilə birgə imzalanmış Saziş, Protokol, Memorandum və Proqramların icrasında Komitənin səlahiyyətlərinə aid edilmiş istiqamətlər üzrə aktiv fəaliyyət həyata keçirilir.
Ötən illər ərzində Komitə ilə UN-Habitat arasında sıx əməkdaşlıq əlaqələri qurulmuş və bu təşkilat tərəfindən keçirilən bir sıra mötəbər beynəlxalq tədbirlərdə Komitə geniş tərkibli heyətlə təmsil olunub.
2022-ci ildən etibarən “UN-Habitat”la əməkdaşlıq çərçivəsində illik əsaslarla Milli Şəhərsalma Forumu təşkil edilir. Şəhərsalma və inkişaf mövzusunda təşkil edilən Forumda yerli və xarici hökumət rəsmiləri, müvafiq beynəlxalq təşkilatların nümayəndələri, sahə mütəxəssisləri və digər maraqlı tərəflər iştirak edir.