77-ci atıcı diviziya (2-ci komplektləşmə)
Serqo Orjonikidze adına Suvorov Ordenli Qırmızı Bayraqlı 77-ci atıcı Simferopol Diviziyası — II Dünya Müharibəsi və müharibədən sonrakı dövrdə SSRİ Silahlı Qüvvələrinin Azərbaycanda yaradılmış hərbi birləşməsi.
== Tarix ==
Diviziya Azərbaycan SSR-də yaradılmışdır.
=== Döyüş yolu ===
Müntəzəm ordunun tərkibində 19 oktyabr 1942-ci ildən 24 yanvar 1944-cü ilədək, 25 fevral 1944-cü ildən 20 may 1944-cü ilədək və 1944-cü il iyulun 1-dən 1945-ci il mayın 9-dək fəaliyyət göstərmişdir.
==== Qafqaz Cəbhəsi ====
1942-ci il noyabrın 20-də diviziya 58-ci Ordunun tərkibinə daxil edilmiş və dekabrın 31-də dəmir yolu ilə İşyorskaya stansiyası ərazisinə köçürülür. Oradan qısa müddətdə Mozdok, Mineralnıye Vodı, Stavropol, Tixoretskdən Novo-Nikolayevskə qədər 850 km məsafəni əhatə edən 37 günlük yürüşə başladı. 1943-cü il fevralın 14-də sonuncu yaşayış məntəqəsi olan Lebedi uğrunda döyüşə girdi. 1943-cü il fevralın 19-da Lebedi qəsəbəsi tamamilə almanlardan təmizləndi, amma qarşıda yeni bir vəzifə Vasilçenkovo xoturunu almaq dururdu. Fevralın 22-dək davam edən xotor uğrunda gedən döyüşlərdə, şəxsən hücuma rəhbərlik edən diviziya komandiri Anatoli Mixayloviç Kaşkin həlak oldu.
1943-cü il yanvarın 1-dən iyunun 20-dək diviziyada 594 nəfər mükafata layiq görüldü. 1943-cü ilin yaz-yay aylarında diviziya Azərbaycandan 1500 döyüşçü və komandirdən ibarət dəstək aldı.