Kataloqların konversiyası
Kataloqların konversiyası (KK) – kataloqların retrospektiv konversiyası, kataloqların retrokonversiyası, kataloqların konvertasiyası (ing. retroconversion, beynəlxalq praktikada tez-tez RECON abbreviaturasından istifadə edilir), kartoçka və ya çap (kitab) formasında olan ənənəvi kataloqların elektron formaya çevrilməsi üzrə texnoloji proseslərin layihələşdirilməsi və reallaşdırılması. Bir tip elektron hesablama maşınlarında, müəyyən proqram təminatında və formatda formalaşdırılmış elektron kataloqlardakı biblioqrafik yazıların başqa tip maşınlarda, digər proqram təminatında və digər normativ/nüfuzlu yazı elementlərinin təqdim edilməsi formatına və (və ya) koda konvertasiya edilmə prosesi də kataloqların konversiyası adlanır.
Ənənəvi, başlıca olaraq kartoçka kataloqlarının retrokonversiyası istifadəçinin hansı məkanda olmasından, nə zaman müraciət etməsindən asılı olmayaraq kataloqların əlyetərliyinin asanlaşdırılmasını, biblioqrafik verilənlərin axtarılması və saxlanması üçün yeni imkanların yaradılmasını təmin edir. Tam elektron kataloqlar xüsusən də elektron kitabxanaların yaradılması zamanı onun soraq-biblioqrafiya aparatı (SBA) qismində çox zəruridir. Bu zaman kataloqun konversiyasının həyata keçirilməsi ilə yanaşı mövcud olan elektron kataloqlardan və ya digər elektron biblioqrafik resurslardan istifadə edilməsi də iqtisadi cəhətdən sərfəlidir. Məsələn. XV–XIX əsrlərin rus kitablarının toplu ənənəvi və elektron kataloqlarının retrokonversiyası işini Rusiya Milli Kitabxanası və Rusiya Dövlət Kitabxanası öz üzərinə götürmüşdür. Rusiya Kitab Palatasının “Milli biblioqrafi ya” elekron kataloqu isə SSRİ-də və Rusiyada nəşr edilmiş 850 min nəşr haqqında məlumatı özündə əks etdirir. Rusiya elektron kataloqlarının zənginləşdirlməsinin digər bir mənbəyi Rusiya elmi-texniki ədəbiyyatının toplu kataloqudur.