Palçıq vulkanı
Palçıq vulkanları – vulkan palçığı materiallarından təşkil olunmuş, zirvəsində krateri olan yastı konus formalı təpə (hündürlüyü 400m-dək). Fasiləsiz və ya vaxtaşırı vulkan palçığı, qaz, suxur qırıntıları, su (bəzən neftli) püskürür.
Azərbaycanın neft-qaz rayonlarında 300-dən çox palçıq vulkanı və palçıq vulkanı təzahürü yerləşmişdir. Onların əksəriyyəti intensiv qrifon-salza fəaliyyəti ilə səciyyələnir və yer səthinə KH qazları, minerallaşmış sular, neft emulsiyalı lilli palçıq çıxarır. Adətən palçıq vulkanının püskürməsi güclü yeraltı uğultu və partlayışla başlanr. Yerin dərin qatlarından yer səthinə çıxan qazlar alışır. Bəzən vulkan üzərində alovun hündürlüyü 1000 metrə (Qarasu a.vulkanı) çatır. Palçıq vulkanının qazları əsasən, metandan, qismən ağır karbohidrogenlər və təsirsiz qazlardan ibarət olur. Palçıq vulkanının suyu yod, brom, bor və s-li hidrokarbonatlı-natriumlu olur, palçığının tərkibində çoxlu mikroelement (bor, civə, manqan, mis, barium, stroisium, litium və s.) olur.
Hər il Azərbaycanda 2-dən 5-dək, bəzən daha çox püskürmə paroksizmi baş verir.