Azərbaycan Müvəqqəti İnqilab Komitəsi
Azərbaycan SSR İnqilab Komitəsi — Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Azərbaycanda ali qanunvericilik və icra hakimiyyətini həyata keçirən faktiki ali hakimiyyət orqanı. Yerlərdə sovet hakimiyyəti qəza, məntəqə və kənd inqilab komitələrinin əlində idi.
1920‐ci il fevralın 11‐12‐də Bakıda gizli şəraitdə Azərbaycan kommunist təşkilatlarının I qurultayı keçirilmişdir. Qurultayın keçirilməsi və fəaliyyətində Mirzə Hüseynov yaxından iştirak etmişdir. Qurultayda Mirzə Hüseynov hazırkı vəziyyət haqqında məruzə etmişdir. Qurultayın qəbul etdiyi qətnamədə göstərilirdi: "Azərbaycan kommunist təşkilatlarının birinci qurultayı indiki vəziyyətə dair edilən məruzəni dinləyib qeyd edir ki, Azərbaycan Respublikasının yaşadığı kəskin təsərrüfat və iqtisadi böhran, fəhlə və kəndlilərin son dərəcə ağır halı mövcud kapitalist və mülkədar üsul‐idarəsinin labüd nəticəsidir və ancaq onu məhv etməklə aradan qaldırmaq olar". Qurultay AK(b)P MK‐nın Əli Bayramov, Dadaş Bünyadzadə K. Ağazadə, V. Yeqorov, Ə. Qarayev, Viktor Naneyşvili, Həmid Sultanov, Y. Rodionov, M. Pleşakov, Ağababa Yusifzadə, Mirzə Davud Hüseynov və b. ibarət tərkibini seçdi. Fevralın 12‐də keçirilmiş AK(b)P MK‐nın birinci plenumu Büro və Rəyasət Heyəti seçmişdir. Mirzə Hüseynov AK(b)P MK Rəyasət Heyətinin sədri təsdiq edilmişdir.