XIX əsrin ortalarında Avstriya-Macarıstanın nəzarətində olan İtaliya ayrı-ayrı xırda dövlətlərə bölünmüş vəziyyətdə idi. Ancaq ölkənin bütövlüyü və müstəqilliyi uğrunda hərəkat güclənirdi. İtaliya ərazisində az-çox inkişaf etmiş və yeganə müstəqil dövlət isə ölkənin şimal-qərbində yerləşən Sardiniya idi. Məhz bura müstəqillik uğrunda hərəkatın mərkəzinə çevrildi.
Fransa imperatoru III Napoleon özünü İtaliyanın himayəçisi və xilaskarı gördüyündən Sardiniyaya yardım etməyə razılıq verdi. 1859-cu ildə birləşmiş Fransa–İtaliya ordusu Sardiniya sərhədlərindən şərqdə, Macenta şəhəri ətrafında Avstriya qoşunları ilə üz-üzə gəldi. Birləşmiş ordu iyunun 4-də orada böyük qələbə qazandı.
Həmin dövrlərdə kimyagərlər ilk süni boyalar yaratmağa başladılar. 1859-cu ildə fransız kimyaçıları gözəl tünd-qırmızı boya əldə etdilər. Macenta ətrafındakı döyüşün şərəfinə həm boya, həm də rəng macenta adlandırıldı. (Ayzek Azimov. Sözlərin tarixi)