«Kurikulum» elmi-metodik jurnalı
"Kurikulum" elmi-metodik jurnalı — Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən 2007-ci ildə təsis olunmuş mətbu orqanı.
"Kurikulum" elmi-metodik jumalı Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən 2007-ci ildə təsis olunmuşdur.
Jurnalın təsis olunması yeni kurikulum sənədlərinin məzmunu və mahiyyəti, onlarla işin xüsusiyyətlərinin müəllimlərə, metodistlərə, məktəb rəhbərlərinə, təhsil orqanlarının əməkdaşlarına ətraflı izah olunması, onların bu prosesə elmi-metodik və psixoloji hazırlığının təmin edilməsi ilə bağlıdır.
Eyni zamanda təhsil işçilərinə elmi-metodik köməyi gücləndirmək, gələcəkdə kurikulumların təkmilləşdirilməsi və keyfiyyətinin yüksəldilməsi ilə bağlı elmi-tədqiqat işlərinin nəticələrini işıqlandırmaq, ölkəmizdə və xaricdəki qabaqcıl təcrübə nümunələrinin yayılmasını təmin etmək də bu jurnalın ümdə vəzifəsidir.
Jurnalın redaksiya heyətinə görkəmli alimlər, tanınmış təhsil mütəxəssisləri, kurikulum sahəsində böyük təcrübəyə malik xarici ölkə mütəxəssisləri daxildir.
2008-ci ilin yanvar ayında jurnalın ilk nömrəsi çapdan çıxmışdır.
Jurnal ildə 4 dəfə, 154 səhifə həcmində çap olunur.
Jurnalda yeni kurikulumların tətbiqi sahəsində qabaqcıl iş təcrübələrinə, təhsilin məzmunu, təlim texnologiyaları və şagird nailiyyətlərinin qiymətləndirilməsi məsələlərinə həsr olunmuş yazılar, tərcümə materialları, fənn kurikulumları əsasında müasir dərslik və dərs vəsaitlərinin tərtibi texnologiyaları, qabaqcıl məktəb rəhbərləri və müəllimlərin iş təcrübələri, inkişaf etmiş ölkələrin mövcud ümumi təhsil modelləri, təlim üsulları, təhsildə IKT-nin tətbiqi ilə bağlı təbliğat, maarifləndirmə və tədqiqat xarakterli məqalələr dərc olunur.
Bunlarla yanaşı, jurnal müəllim və şagirdlər üçün müxtəlif vəsaitlər, o cümlədən metodik vəsaitlər və didaktik materiallar işləyib hazırlayır, müvafiq təhsil resurslarının yaradılması işində fəal iştirak edir.
Jurnal ilk nömrəsindən başlayaraq müəllimlər arasında geniş populyarlıq qazanmış, onların yaxın köməkçisinə çevrilmişdir, aktual və maraqlı elmi-metodik məqalələr, müəllimlərin təlim fəaliyyətinə aid rəngarəng praktik materiallar çap etməklə ölkə müəllimlərinin böyük bir hissəsini vahid auditoriyaya toplayır, onların islahatın tələbləri əsasında yenidən hazırlanması işində böyük xidmət göstərir.