Milax məscidi
Milax məscidi — Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Milax kəndi ərazisində XIX əsrə aid memarlıq abidəsi.
Möhrəvə çiy kərpicdən tikilmiş məscid uçduğundan XX əsrin sonlarında daş və kərpic materialı ilə yenidən inşa olunmuşdur. Planda kvadrat formaya yaxın olan məscidin sahəsi 134 m²-dir. İbadət zalı iki sıra sütunla üç yerə bölünmüşdür. İbadət zalının hündürlüyü 6 metrdir.
Məscidin böyük girişi, eyvanı, cənub tərəfindən, kişilərə məxsus zala açılır. İbadət zalının cənub divarında hündür və ensiz sivri tağ formalı mehrab taxçası yerləşdirilib. Məscidin daxili divarlarından çıxarılmış konsollar üzərində yerləşdirilmiş eyvan (eni 1,4 metr) qadınların ibadət etməsi üçün nəzərdə tutulub. Qadınların ibadət yerinə məscidin cənub tərəfdə inşa olunmuş eyvanından daxil olmaq mümkündür. Məscid salonun cənub, şərq və qərb divarlarında yerləşdirilmiş ensiz pəncərələr (0,8 x 0,8 metr) vasitəsilə işıqlandırılır.