Monqolustan kinosu
Monqolustan kinosu — Monqolustanın kinematoqrafiya və film sənayesi.
1935-ci ildə Ulan-Batorda kinostudiya yaradılmış, 1937-ci ildə "Dünyanın o başında" adlı ilk monqol bədii filmi çəkilmişdir. Milli kino sənətinin təşəkkülü və kino mütəxəssislərinin yetişməsində sovet kinematorqrafçılarının böyük rolu olmuşdur. "Monqolustanın oğlu" (1936, rejissor İ. Trauberq), "Onun adı Suxe-Batordur" (1942, rejissor A. Zarxi və İ. Xeyfits), "Səhra qəhrəmanları" (1945, rejissor Y. Tariç) və s. sovet filmlərində monqol aktyorları və operatorları iştirak etmişdir. "Bizə nə mane olur", "Ürəyin səsi ilə", "Şəffaf Tamir", "Uzaq Miraj" (1956, 1966, 1970, 1981, rejissor R. Dorjpalam), "Həyatın astanasında" (1952, rejissor S. Kenden), "Daşqın, "Kürəkən", "Həyat naminə", "Böyük ailə" (1966, 1971, 1976, 1980, rejissor D. Jizjid), "Nəticə" (1968, SSRİ ilə birgə; rejissor A. Bobrovski və J. Buntar), "Juvada" (1973), "Böyük yolun başlanğıcında" (1978), "Qobi və Xinqandan keçərək" (1981, SSRİ ilə birgə; hər üç filmin rejissoru B. Sumxuu) bədii filmləri monqol kinosunun nailiyyətləridir.