Monqolustan əhalisi — Monqolustan əhalisinin demoqrafik xüsusiyyətləri. 2016-cı ilə olan məlumata görə Monqolustan əhalisinin sayı 3,081,677 nəfərdir[1].
Sahəsinə görə dünyanın ən böyük 18-ci dövləti olmasına baxmayaraq, Monqolustan ərazinin məskunlaşma baxımından çox əlverişsiz olması səbəbilə əhalisinin sayına görə 134-cü pillədədir.
Ölkə əhalisinin 51,2 faizi şəhərlərdə yaşayır, əhalisinin 95 faizi oxuyub-yazmağı bacarır. Əhali ilə bağlı Monqolustanın ən böyük problemi kişilərin sayının az olmasıdır. Sovetlər dönəmində Rusiyanın təsir dairəsində olan Monqolustanda kişilərinin böyük qismi spirtli içkilərə aludə olublar. Kişilərin sayının azaldığı Monqolustanda hazırda 6 qadına 1 kişi düşür. Kişilərin sayı az olduğu üçün bu ölkədə qızlar deyil, evlənəcək kişilər üçün başlıq pulu istənilir. 45 milyon mal-qaranın olduğu Monqolustanda başlıq üçün də elə mal-qara verilir[2].
2010-cu ildəki əhali siyahıyaalınmasına əsasən Monqolustan əhalisinin sayı 2.754.685 nəfər olmuşdur[3]. Onlardan 2.647.545 nəfəri Monqolustan vətəndaşları, 107.140 nəfəri isə xarici ölkələrin vətəndaşlarıdır[3].
Monqolustan əhalisinin artım tempi müxtəlif illərdə ardıcıllıqla aşağıdakı kimi olmuşdur:
Ölkə əhalisinin əksər hissəsi etnik monqollardan ibarətdir, lakin qazaxlar və tuvalar da xüsusilə ölkənin qərbində etnik azlıq təşkil edirlər.
Monqolustanda türk toplumunu qazaxlar, tuvalılar (onların etnik qrupu olan urianxaylarla birlikdə)[7], uyğurlar (uyğur dilinin hotən dialektində danışanlar)[8] və özbəklər əmələ gətirir. Ümumilikdə isə Monqolustan əhalisini təşkil edən əsas 24 tayfadan dördü türk tayfasıdır ki, bunlar da Kazak, Hoton, Tıva və Duhadır[9].
Etnik qrup | 1989 sa.[10] | 2000 sa.[10] | 2010 sa.[3] |
---|---|---|---|
cəmi | 2 043 954 | 2 373 493 | 2 647 545 |
xalxa | 1 610 424 | 1 934 674 | 2 168 141 |
qazax | 120 506 | 102 983 | 101 526 |
dörvöd | 55,208 | 66 706 | 72 403 |
bayad | 39 233 | 50 824 | 56 573 |
buryat | 35 444 | 40 620 | 45 087 |
darqanqa | 29 040 | 31 909 | 27 412 |
urianxay | 23 478 | 25 183 | 26 654 |
zaxçin | 22 998 | 29 766 | 32 845 |
darxad | 14 757 | 19 019 | 21 558 |
öld | 9 188 | 14 634 | 15 520 |
xotqoid | ... | 7 237 | 15 460 |
torqud | 10 050 | 12 628 | 14 176 |
hotən | ... | 9 014 | 11 304 |
myanqad | 4 760 | 6 082 | 6 592 |
tuva | ... | 4 778 | 5 169 |
barqa | 2 130 | 2 506 | 2 989 |
uzemçin | 2 086 | 2 386 | 2 577 |
eljiqen | ... | 151 | 1 340 |
sartul | ... | 1 540 | 1 286 |
xamniqan | ... | 565 | 537 |
Duhalar | ... | 303 | 282 |
özbək | ... | 380 | 260 |
xarçin | ... | 266 | 152 |
saxar | ... | 123 | 132 |
xmer | 6 076 | ... | ... |
xoşud | ... | 183 | ... |
xan | 247 | 173 | ... |
rus | 140 | 158 | ... |
xorçin | ... | 150 | ... |
xalimaq | ... | 5 | ... |
digər | 1 509 | 323 | 17 462 |
təsniflənməmiş | 56 680 | 8 224 |
Dini baxımdan əhalinin əksəriyyəti buddistdir. Heç bir dinə etiqad etməyənlər ikinci ən böyük qrupdur. İslam dini etnik qazaxlar arasında geniş yayılmışdır[11]. Duhalar kimi türk toplumlarında isə şamanizm yayılmışdır[9].
15 yaşdan yuxarı yaşda olan Monqolustan vətəndaşlarının dini etiqadları aşağıdakı cədvəldə göstərilmişdir:[3]
Etiqad | Etiqad edənlərin sayı | Ümumi saya nisbəti |
---|---|---|
cəmi | 1 905 969 | 100.0% |
buddizm | 1 009 357 | 53.0% |
ateizm | 735 283 | 38.6% |
islam | 57 702 | 3.0% |
şamanizm | 55 174 | 2.9% |
xristianlıq | 41 117 | 2.1% |
digər | 6 933 | 0.4% |
2016-cı ildə BMT özünün Fövqəladə vəziyyətlərə reaksiya Mərkəzi Fondundan Monqolustanda humanitar layihələrin maliyyələşdiriməsinə 2,4 milyon dollar vəsait ayırmışdır[12]. Bu qərar Monqolustanın üzləşdiyi "dzud" adı ilə tanınan quraqlıq və təbii fəlakətlə bağlı idi. Belə ki, 2015-ci ildə quraq yay sərt qışla əvəz olunmuş, dekabr ayından isə "dzud" Monqolustan əhalisi üçün əsl fəlakətə çevrilmiş, o ölkə ərazisinin 60 faizini əhatə etmişdir[12]. Nəticədə ölkənin əksər hissələrində mal-qara üçün normal otlaq qalmamışdır[12].