Monqolustan Respublikası

Monqolustan (monq. Монгол Улс)Şərqi Asiyada dövlət. Monqolustanın ərazisi Xarici Monqolustanın tarixi ərazisi ilə təxminən eynidir və bu termin bəzən mövcud vəziyyətə istinad etmək üçün istifadə olunur. Şimalda Rusiya, cənubda (Sincan-Uyğur Muxtar Rayonu, Qansu, Daxili Monqol Muxtar Rayonu) həmsərhəddir. Paytaxtı və ən böyük şəhəri Ulan-Bator şəhəri, ümumi sahəsi 1,566,000 kvadrat kilometrdir. Monqolustan Qazaxıstanla bir sərhədi bölüşmür, baxmayaraq ki, onları yalnız 37 kilometr (23 mil) ayırır.

Monqolustan
Монгол улс
Bayraq Gerb
Bayraq Gerb
Go Nomadic, Experience Mongolia, Crwydrwch a Phrofwch Mongolia
Himn: Monqolustan himni
Mongol ulsyn töriin duulal
Tarixi
 • Müstəqillik 29 dekabr 1921
 • Monqolustan Xalq Respublikasının elanı 26 noyabr 1924
Rəsmi dilləri
Paytaxt Ulan-Bator
İdarəetmə forması Prezident respublika
Prezident Uxnaagiyn Xürelsüx [25.VI.2021]
Baş nazir Luvsannamsrain Oyun-Erdene [27.I.2021]
Sahəsi Dünyada 18-ci
 • Ümumi 1566000 km²
 • Su sahəsi (%) 0.43
Əhalisi
 • Əhali 3,081,677[1] nəfər (134-cü)
 • Siyahıyaalma (10.XI.2010) 2 754 685[2] nəf.
 • Sıxlıq 1.97 nəf./km² (238-ci)
 • Ümumi 15.286.441.740 $[3], 16.810.883.361 $[3]
ÜDM (AQP)
 • Ümumi 36.6 milyard dollar
 • Adambaşına 11,024 dollar
ÜDM (nominal)
 • Ümumi (2015) 12.5 milyard dollar
 • Adambaşına 4,353 dollar
İİİ (2014) 0.727 (artış; 90-cı)
İnternet domeni .mn[4]
ISO kodu MN
BOK kodu MGL
Telefon kodu +976[4]
Saat qurşaqları
Nəqliyyatın yönü sağ[d][5]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Çingiz xanın vətəni olan, Orxon abidələrinin yerləşdiyi Monqolustanda mədən sənayesi, kənd təsərrüfatı və turizm sahələri ciddi potensiala malikdir, təbii zənginlikləri ilə seçilir. Şimaldan Rusiya, cənubdan Çinlə həmsərhəddir, 3 milyon nəfər əhalisi, 1,5 milyon km² ərazisi var.[6] Sahəsinə görə dünyanın ən böyük 18-ci dövləti olmasına baxmayaraq, ərazinin məskunlaşma baxımından əlverişsiz olması səbəbilə əhalisinin sayı üç milyon nəfərdir. Monqolustan, həmçinin dənizə çıxışı olmayan ölkələr arasında sahəsinə görə Qazaxıstandan sonra ikinci ən böyük ölkədir. Əhalinin təqribən yarısı paytaxt və ən böyük şəhər olan Ulan-Bator şəhərində yaşayır.

Ölkə əhalisinin əksər hissəsi etnik monqollardan ibarətdir, lakin qazaxlar və tuvalar da xüsusilə ölkənin qərbində etnik azlıq təşkil edirlər.

Monqolustan 1997-ci ildən etibarən Ümumdünya Ticarət Təşkilatının üzvüdür.

Erkən sovet dövrünə aid Azərbaycandilli mənbələrdə "Moqolstan" adlandırılmışdır.[7]

border=none Əsas məqalə: Monqolustan əhalisi
Monqolustan

Ölkə əhalisinin 51,2 faizi şəhərlərdə yaşayır, əhalisinin 95 faizi oxuyub-yazmağı bacarır. Əhali ilə bağlı Monqolustanın ən böyük problemi kişilərin sayının az olmasıdır. Sovetlər dönəmində Rusiyanın təsir dairəsində olan Monqolustanda kişilərinin böyük qismi spirtli içkilərə aludə olublar. Kişilərin sayı az olduğu üçün bu ölkədə qızlar deyil, evlənəcək kişilər üçün başlıq pulu istənilir. 45 milyon mal-qaranın olduğu Monqolustanda başlıq üçün də elə mal-qara verilir.[6]

Xəritə
Monqolustan
  • 2010-cu il əhali siyahıyaalınmasına əsasən Monqolustan əhalisinin sayı 2.754.685 nəfərdir.[8] Onlardan 2.647.545 nəfəri Monqolustan vətəndaşları, 107.140 nəfəri isə xarici ölkələrin vətəndaşlarıdır.[8]
  • Monqolustanda Türk toplumunu qazaxlar , tuvalılar (onların etnik qrupu olan urianxaylarla birlikdə),[9] uyğurlar (uyğur dilinin hotən dialektində danışanlar)[10]özbəklər təşkil edir.
Monqolustan vətəndaşlarının milli tərkibi
Etnik qrup 1989 sa.[11] 2000 sa.[11] 2010 sa.[8]
cəmi 2 043 954 2 373 493 2 647 545
xalxa 1 610 424 1 934 674 2 168 141
qazax 120 506 102 983 101 526
dörvöd 55,208 66 706 72 403
bayad 39 233 50 824 56 573
buryat 35 444 40 620 45 087
darqanqa 29 040 31 909 27 412
urianxay 23 478 25 183 26 654
zaxçin 22 998 29 766 32 845
darxad 14 757 19 019 21 558
öld 9 188 14 634 15 520
xotqoid 7 237 15 460
torqud 10 050 12 628 14 176
hotən 9 014 11 304
myanqad 4 760 6 082 6 592
tuva 4 778 5 169
barqa 2 130 2 506 2 989
uzemçin 2 086 2 386 2 577
eljiqen 151 1 340
sartul 1 540 1 286
xamniqan 565 537
tuxa 303 282
özbək 380 260
xarçin 266 152
saxar 123 132
xmer 6 076
xoşud 183
xan 247 173
rus 140 158
xorçin 150
xalimaq 5
digər 1 509 323 17 462
təsniflənməmiş 56 680 8 224
Dini baxımdan əhalinin əksəriyyəti buddistdir. Heç bir dinə etiqad etməyənlər ikinci ən böyük qrupdur. İslam dini etnik qazaxlar arasında geniş yayılmışdır.[12] 15 yaşdan yuxarı yaşda olan Monqolustan vətəndaşlarının dini etiqadları[8]
Etiqad Etiqad edənlərin sayı Ümumi saya nisbəti
cəmi 1 905 969 100.0%
buddizm 1 009 357 53.0%
ateizm 735 283 38.6%
islam 57 702 3.0%
şamanizm 55 174 2.9%
xristianlıq 41 117 2.1%
digər 6 933 0.4%

Monqolustan paytaxt – Ulan-Bator və 21 aymakdan ibarətdir.

border=none Əsas məqalə: Monqolustan tarixi

Monqolustan (1945–2000)

[redaktə | mənbəni redaktə et]

II dünya müharibəsi və onun nəticələri Monqolustanın tarixində iki önəmli cəhətdən böyük əhəmiyyət kəsb edir. Bunlardan birincisi mövcud dövlət status-kvosunun saxlanılması və bu dövlətin dünya birliyi tərəfindən tanınması, ikincisi isə müharibədən sonra onun yenidən qeydsiz-şərtsiz Sovet nüfuz dairəsinə düşməsi və sözün həqiqi mənasında Sovet İttifaqının müstəmləkə əlavəsinə çevrilməsidir. Belə ki, Krım (Yalta) konfransında(fevral 1945-ci il) ABŞ, Böyük Britaniya və Sovet İttifaqının dövlət rəhbərləri qərara almışdılar ki, Sovetlərin Yaponiyaya qarşı hərbi əməliyyatlara başlamasının şərtləri sırasında MXR-in status-kvosunun saxlanılması da daxildir. Həm də buna Çinin razılığı da tələb olunurdu.

Qeyd etmək lazımdır ki, 1945-ci ilin avqustunda Sovet ordusunun Şərqi Baykal cəbhəsi hərbi qüvvələri çox çətinliklə Böyük Xinqan və Qobi səhrasından keçərkən onun sıralarında monqol süvari dəstələri də var idi. Onlar Şimal-Şərqi Çinin azad edilməsində Sovet ordusu ilə birlikdə iştirak etdilər. 1945-ci ilin 14 avqustunda artıq Çin hökuməti də elan etdi ki, o, Xarici Monqolustanın(yəni MXR-in) mövcud sərhədlər daxilində istiqlaliyyətini tanıyır və ilkin şərt olaraq monqol xalqı özünün istiqlala olan istəyini ümumi rəy sorğusu yolu ilə bildirməlidir. 1945-ci ilin 20 oktyabrında belə bir rəy sorğusu keçirildi və bu zaman monqol xalqı yekdilliklə mövcud dövlətin istiqlaliyyətinə səs verdi. Rəy sorğusunun nəticələri Çin hökuməti tərəfindən tanındı. Bununla da, Monqolustan Xalq Respublikası ərazisinə Çin dövləti tərəfindən olan iddiaya son qoyuldu, monqol dövlətinin mövcudluğuna olan təhlükə aradan qaldırıldı. Qeyd etmək istərdik ki, 1950-ci ilin 14 fevralında imzalanan "Dostluq, ittifaq və qarşılıqlı yardım haqqında" Sovet-Çin müqaviləsindədə tərəflər MXR-in tam müstəqilliyini bir daha qeyd edir və onunla ÇXR-in diplomatik əlaqələr qurmasının vacibliyini olduğunu söyləyirdilər,

lakin bu müstəqillik müharibədən sonra Sovet İttifaqı və MXR arasında bağlanan bir sıra müqavilə və sazişlər nəticəsində öz əhəmiyyətini itirir, formal xarakter daşıyır və MXR siyasi-ideoloji, hərbi-iqtisadi və s. baxımından tam Sovet təsirinə məruz qalan bir ölkəyə çevrilirdi. 1946-cı ilin fevralında iki dövlət arasında "Dostluq və qarşılıqlı yardım haqqında" müqavilə imzalandı. Müqaviləyə görə tərəflər öhdəlik götürürdülər ki, onlardan birinə hücum olarsa o biri ona "hər cür, o, cümlədən hərbi kömək göstərəcəkdir". Əslində bu, MXR-in Sovetlərin hərbi bazasına çevrilməsini hüquqi baxımdan əsaslandırmaqdan başqa bir şey deyildi. Sonrakı dövrlərdə bir sıra müqavilə və sazişlər imzalandı. Bunlardan 1957-ci il ticarət müqaviləsini, 1966-cı il elmi-texniki əməkdaşlıq haqqında sazişi və "Dostluq, əməkdaşlıq və qarşılıqlı yardım haqqında" müqaviləni göstərmək olar. Həmin müqavilələr MXR-in həyatının bütün sahələrinə Sovet nəzarətinin yaranmasını başa çatdırdı. MXR bütünlüklə Sovet İttifaqından asılı bir vəziyyətə düşdü.

Bununla yanaşı MXR-in beynəlxalq vəziyyətində müəyyən dəyişikliklər də baş verirdi. ÇXR yaranandan az sonra MXR ilə diplomatik əlaqələr qurdu. 1952-ci ildə onlar iqtisadi və mədəni əməkdaşlıq haqqında saziş bağladılar. 1960-cı ildə isə "Dostluq və əməkdaşlıq haqqında müqavilə" imzalandı. Sonuncu sənəd iki dövlət arasındakı münasibətlərin daha geniş sahələrini əhatə edirdi.

1948–1960-cı illərdə MXR Avropa və Asiyanın bütün sosialist dövlətləri və Kuba ilə diplomatik əlaqələr qurmuş, onlarla dostluq və əməkdaşlıq müqavilələri imzalamış, iqtisadi və mədəni əməkdaşlıq haqqında sazişlər bağlamışdı. 60-cı illərin mühüm hadisəsi kimi MXR-in 1961-ci ildə BMT-yə üzv qəbul olunmasını göstərmək olar. Bundan sonra böyük dövlətlərin MXR-i tanıması prosesi başlamışdır. 1963-cü ildə Böyük Britaniyanın MXR-i tanımasından 1983-cü ilədək sürən müddətdə onunla diplomatik münasibətlər quran dövlətlərin sayı xeyli artdı. Həmin ildə MXR artıq 92 dövlət ilə diplomatik əlaqələr saxlayırdı ki, onların 20-yə yaxını inkişaf etmiş dövlət idi. Nəhayət, 1987-ci ildə ABŞ da Monqolustan ilə diplomatik əlaqələr yaratdı.

Daxili vəziyyətə gəlincə, yuxarıda dediyimiz kimi, ölkə Sovet İttifaqından asılı idi. Həyatın bütün sahələrində "Sovet təcrübəsi" kor-koranə tətbiq olunurdu. Həm də bunun əsası MXR-in yaranması dövründə qoyulmuşdu. Şəxsiyyətə pərəstiş, siyasi və hərbi xadimlərə, təsərrüfat rəhbərlərinə, keçmiş inqilabçılara, elm və mədəniyyət nümayəndələrinə, təbiidir ki, buna qədər məmləkətin var- dövlət və nüfuz baxımından üzdə olan bütün insanlarına, bütünlüklə öz xalqına qarşı kütləvi repressiyalar normal həyat tərzinə çevrilmişdi. 30–40-cı illərdə məhz Stalin şəxsiyyətinə pərəstiş səviyyəsində Monqolustanda da Çoybalsan şəxsiyyətinə pərəstiş vardı. O, hakimiyyəti bütünlüklə öz əlində cəmləşdirmiş, avtoritar, totalitar və despotik bir rejim yaratmışdı. Kiçik bir narazılıq böyük qəddarlıqla və amansızlıqla qarşılanırdı.

Bunlara baxmayaraq monqol xalqı bu despotik rejimə qarşı çıxmaq üçün həmişə özündə güc tapmışdır. 1932-ci ilin yazında baş verən etiraz hərəkatında, demək olar ki, ölkə əhalisinin çox böyük hissəsi iştirak etmişdi. Hərəkatın əsas qüvvələri aratlar idilər. Onlara din xadimləri-lamalar başçılıq edirdi. Aratlar zorakılıqla "artel"lərə və "kommuna"lara cəlb edilməyə qarşı çıxır, mal-qaranın əllərindən alınmasına müqavimət göstərirdilər. Onlar "kollektivləşmək" istəmədiyinə görə həbs edilmiş bütün aratlar azad olunmasını tələb edirdilər. Üsyanı yatırmaq üçün nizami ordudan istifadə olundu, üsyançılar top və tank atəşləri ilə güllə-baran edildilər. Ələ keçənlərə ən amansız cəzalar verildi. Üsyan böyük bir qəddarlıqla yatırıldı. 1933-cü ildə MXİP MK-nın katibi J. Lhumba haqqında yalandan bir "cinayət" işi qaldırıldı. Neçə yüzlərlə insan bu "cinayət"də iştirak etməkdə təqsirli bilindi və onlara qarşı hər cür repressiv tədbirlər görüldü. 1937-ci ilin payızında(sentyabr ayında) kütləvi repressiyalar başladı. Bu dövrdə Monqolustan əhalisinin onda bir hissəsi(uşaqlar və gənclər istisna olunmaqla) edam, sürgün, katorqa, ömürlük həbs və s. kimi ən ağır cəzalara məruz qaldı. Yüz minlik din xadiminin-lamanın 70%-i məhv edildi, 700 monastır bağlandı, lama məbədləri "əks inqilab yuvaları" elan edildi və dağıdıldı. 1990-cı ildə Monqolustanda cəmisi bircə monastır fəaliyyət göstərirdi.

Sovet "təcrübəsi"nə uyğun olaraq qanlı divan və qəddarlıq hakim partiya liderlərinə qarşı da tətbiq olunurdu. Suxe-Batorun silahdaşları – baş ordu komandanı marşal Q. Demid, Kiçik Xalq Xuralının sədri D. Doqosan, baş nazir A. Amar, MXTP Mərkəzi Nəzarət Komissiyasının sədri Do Losol və onlarca digər partiya və dövlət xadimləri cismən məhv edildilər, çoxları həbslərə, katorqa və sürgünlərə atıldılar. MXİP-nin 1934-cü ildə keçirilmiş IX qurultayında seçilmiş Mərkəzi Komitə üzvlərinin üçdə ikisi, MK Rəyasət heyəti üzvlərinin beşdə dördü müxtəlif repressiv tədbirə məruz qaldı. "Xalq inqilabı" hərəkatında iştirak edən könüllü partizanların 15%-i, generalların isə 80%-i də repressiya həyatını yaşamalı oldu. Orduda repressiyalar hətta Xalxın-Göldə hərbi əməliyyatlar dövründə də aparılırdı. Bunun nəticəsi idi ki, monqol ordusu yüksəksəviyyəli zabitlərdən məhrum oldu, daxildən zəiflədi, yeni və naşı komandirlərin fərsizliyi ucbatından döyüşlərdə çox böyük itkilər verdi.

Elm, ədəbiyyat və mədəniyyət xadimləri də ən amansız cəzalara məruz qaldılar.

Zorakı idarəçilik sistemi iqtisadiyyatdan da yan keçməmişdir. Təkcə bircə faktı söyləmək kifayətdir ki, bu zorakılığın nəticələri haqqında müəyyən təsəvvür yaransın. Belə ki, 1940-cı ildə MXİP-nin X qurultayında bilavasitə Stalinin göstərişi ilə qərara alınmışdır ki, ölkədə mövcud olan mal-qaranın sayı 26 mln. başdan 1953-cü ildə 200 mln başa qaldırılsın. Bu dövrdə mal-qaranın başı nəinki artmadı, hətta 1953-cü ildə 23 mln-a endi və 1940-cı ildəkindən 3 mln baş da az oldu.

Dövlət idarəçiliyi partiya idarəçiliyi ilə əvəz olunmuşdu. Ən yaxşı halda dövlət idarəçiliyinin hər üç qanadı: idarəedici, qanunverici və məhkəmə sistemi bütünlüklə və tamamilə hakim partiyanın-MXİP-nin göstəriş və qərarlarını yerinə yetirməklə məşğul idi.

Təkpartiyalıq siyasi həyatın xarakter cəhətinə çevrilmişdi və ölkə həyatının bütün sahələri onun diktəsi altında idi. Partiya isə faktik olaraq öz liderinin diktəsilə, lider isə Sov. İKP-nin diktəsi ilə idarə olunur və istiqamətləndirilirdi.

Belə bir vəziyyət 1984-cü ilin sonlarınadək davam etmişdir. Yəni volüntarizm istər Çoybalsanın (o, 1952-ci ildə ölmüşdür), istərsə də ondan sonra MXR hökumətinin başçısı və MXİP-nin baş katibi) o, bu vəzifəyə 1940-cı ildə seçilmişdir) vəzifələrini öz əlində cəmləşdirən Y. Sedenbalın idarəçilik üsulu idi. Bu da maraqlıdır ki, Y. Sedenbal MXİP MK-nın 1956-cı ilin aprelində və 1962-ci ilin yanvarında keçirilən plenumlarında Çoybalsanın şəxsiyyətinə pərəstişin tənqid və pislənməsinin təşkilatçısı olmuşdur. Nəhayət, ilk dəfə olaraq 1984-cü ilin dekabrında MXİP MK-nın V plenumunda partiya və dövlət rəhbərliyində hakim kəsilmiş bu volüntar idarəçilik üsulu açıq şəkildə tənqid olunmuşdur. Həm də bu o zaman idi ki, artıq Y. Sedenbalın partiya və hökumət rəhbərliyindən uzaqlaşdırılmasına(heç şübhəsiz ki, Moskva tərəfindən) hökm verilmişdi.

Ümumiyyətlə Sovet İttifaqından edilən "sosializm idxalı" monqol cəmiyyətində çox səthi dəyişikliklər yarada bilmişdi, istər sosial, istər də fərdi həyatda dərin iz buraxa bilməmişdi, xalqın çox böyük hissəsinin sosial və siyasi şüuruna güclü təsir göstərmək mümkünsüz olmuşdur. Əksinə, ölkənin sosial-iqtisadi, siyasi və mədəni həyatında və inkişafında ziddiyyətləri daha da gücləndirmişdi. Belə ki, ölkədə bir tərəfdən sosialist istehsal formaları yaradılırdı, o biri tərəfdən əsas istehsal sahələrində, xüsusilə heyvandarlıqda arxaik əmək alətləri və arxaik istehsal formaları qorunub saxlanılırdı, bir tərəfdən müasir elm, təhsil və tibb müəssisələri təsis edilirdi, o biri tərəfdən xalqın böyük çoxluğu öz qədim adətləri, ənənələri, düşüncələri və dini təsəvvürlərindən kənara çıxmırdı. Bir sözlə, Monqolustandakı sosializm quruculuğu cəmiyyətdə əsrlər boyunca yaranmış və formalaşmış təməlləri sarsıtdısa da, dağıda bilmədi. Bir qədər irəli gedərək qeyd etmək istərdik ki, "soyuq müharibə"nin başa çatması və Sovet nəzarətinin azacıq zəifləməsi nəticəsində monqol cəmiyyəti kommunist ideologiyası və prinsiplərindən imtina edən ilk sosialist ölkələrindən biri oldu. Artıq 1988-ci ilin sonlarında MXİP MK plenumunda aşağıdakı fikirlər səslənirdi : "Biz çox uzun zaman şagird olduq, öz müəllimlərimizə məhəbbətimizi izhar etməklə kifayətləndik. Köhnə qayda ilə yaşamaq olmaz! Başqasının təcrübəsini əzbərləmək isə mümkünsüzdür!" Monqolustan Rəssamlar ittifaqının sədri N. Sultemin çıxışındakı aşağıdakı sözlər sanki monqol cəmiyyətinin sosializmə olan reaksiyasının əks-sədasıdır : "Dostlar, siz bilirsiniz ki, mən Stalinin də və Çoybalsanın da, Brejnevin də və Sedenbalın da portretlərini çəkmişəm. 33 ildir ki, Rəssamlar İttifaqına başçılıq edirəm. Artıq bu kürsüyə dözə bilmirəm, həmkarlarım da mənə dözməkdə gücsüzdürlər. Mənim tövbəmi qəbul edin.. Məni azad edin!" Bütün neqativ cəhətlərlə yanaşı ölkədə müharibədən sonra bir sıra işlərin görüldüyünü qeyd etməmək olmaz. Bu baxımdan ilk növbədə iqtisadi sahədə əldə edilmiş müəyyən uğurları göstərmək lazımdır. Belə ki, müharibədən keçən sonrakı on illər ərzində heyvandarlıq məhsulları emalı sənayesində müəyyən irəliləyiş, dəri məmulatları istehsalı, ayaqqabı, yun emalı və s. üzrə sənaye sahələrinin yaradılması, tekstil fabrikaları, ərzaq məhsulları istehsal edən müəssisələrin inşası bu qəbildən olan nəticələrdir. Bunların sayəsində, demək olar ki, müasir iqtisadiyyatın müəyyən təməllərini yaratmaq mümkün oldu. Obyektiv olaraq bunu da deməliyik ki, ölkədə inşası nəzərdə tutulan bütün layihələr bir qayda olaraq Sovet İttifaqının texniki və maliyyə yardımı ilə həyata keçirilirdi. İqtisadiyyatın qurulması da "Sovet təcrübəsi" əsasında aparılırdı. MXİP qurultaylarında beşillik planlar qəbul edilir və bu beşilliklərin əsas vəzifələri müəyyənləşdirilirdi. Müharibədən sonra birinci beşillik partiyanın IX qurultayında qəbul olunmuşdu və o, 1948–1952-ci illəri əhatə edirdi. Onun əsas iqtisadi və siyasi vəzifələri daxili ehtiyatlardan maksimum istifadə edərək məhsuldar qüvvələri hərtərəfli inkişaf etdirmək, xalqın rifah halını yüksəltmək, fəhlə kütlələrin siyasi şüurunun və əmək fəallığının artmasına nail olmaqdan ibarət idi. II beşillik plan (1953–1957-ci illər) 1954-cü ilin dekabrında partiyanın XII qurultayında, bunun ardınca 1958-ci ildə XIII qurultayda üç illik (1958–1960-cı illər) plan qəbul edildi. Bütün planlarda, sənayenin inkişaf etdirilməsi xüsusi vurğulanırdı. Təbiidir ki, bu məsələdə bir subyektivizm önəmli yer tuturdu. Bütün dünyaya "sübut" etmək ki, kapitalizmdən yan keçərək sosializm qurmaq olar və MXR bu baxımdan bir örnəkdir. Təəssüflər olsun ki, sənayeləşdirmə üçün ən ilkin şərtlərin: daxili maliyyə ehtiyatlarının, sənaye fəhlə və mütəxəssislərinin olmadığı şərtlər içərisində bu vəzifəni yerinə yetirmək mümkünsüz idi. Odur ki, istər maliyyə, istərsə də texniki yardımlar Sovet İttifaqından alınır, istərsə də bütün fəhlə və mütəxəssislər də oradan gətirilirdi. Elə buna görə idi ki, 30-cu illərdən başlayan sənayeləşdirmə kursu heç 60-cı illərin ortalarında da istənilən nəticələrə gətirə bilməmişdi. Əsas o sənaye sahələri yaradılırdı ki, o, əsasən Sovet İttifaqının iqtisadi və strateji maraqlarına uyğun gəlsin. Dağ-mədən sənayesinin genişləndirilməsi və modernləşdirilməsi, dəmir yollarının çəkilməsi,(Sovet sərhədlərindən Çin sərhədlərinə qədər uzanan 1100 km-lik Trans Monqolustan dəmir yolu kimi), digər kommunikasiya sisteminin yaradılması, kənd təsərrüfatı məhsullarının ilkin və təkrar emal sənayesi sahələrinin yaradılması bu qəbildən olan tədbirlər idi. Ümumiyyətlə MXR həmin dövrdə bütöv bir Sovet bazarı idi. Yeni sənaye müəssisələrinin inşasında o cəhətə xüsusi fikir verilirdi ki, onların köməyi ilə Sovet iqtisadiyyatının ehtiyac duyduğu xammal və məhsullar Monqolustanın təbii və iqtisadi imkanları hesabına əldə edilsin.

Mühüm diqqət verilən sahələrdən birisi də aratların kollektivləşdirilməsi idi ki, bunun nəticələri haqqında bir qədər əvvəl bəhs edilmişdi. Sadəcə onu əlavə etmək istərdik ki, bu zorakı kollektivləşdirmə illərlə formalaşan ənənəvi təsərrüfat strukturunu dağıtdı və heyvandarlıq güclü bir reqresə məruz qaldı.

50-ci illərin sonralarında ölkədə 400 iri kənd təsərrüfatı birliyində arat təsərrüfatlarının 99,3%-i cəmləşmişdi.

Artıq 1960-cı ildə qəbul edilmiş MXR-in yeni konstitusiyası ölkəni "fəhlə sinfi ilə kooperativləşmiş aratların və zəhmətkeş ziyalıların sosialist dövləti" adlandırırdı. 1981-ci ilin iyununda MXİP-nin XIV qurultayında qəbul edilən III beşilliyin əsas vəzifəsi isə sənayecə inkişaf etmiş sosialist ölkələrinin nailiyyətlərinə, onların təcrübə və hərtərəfli yardımına istinad edərək məhsuldar qüvvələrin inkişafın sürətini və sosializmin maddi-texniki bazasının yaradılması tempini artırmaqla MXR-in iqtisadiyyat və mədəniyyətini inkişaf etmiş sosialist ölkələrinin səviyyəsinə çatdırmaq idi. Elan edilmiş planların və vəzifələrin yerinə yetirilməsi haqqında şişirdilirmiş məlumatlar təbliğinin yararsızlığı nəhayət ki IV beşilliyin (1966–1970-ci illər) sonlarında dərk edilir. İlk dəfə olaraq bu barədə 1968-ci və 1970-ci illərdə keçirilmiş partiya plenumlarında qeyd edilir. İqtisadiyyatın idarə edilməsində iqtisadi metodların rolunun artmasından danışılır. Yenə də Sovet "təcrübəsi"nə uyğun iqtisadi islahatlar keçirilməsinə cəhd göstərilir. 1976–1980-ci illəri əhatə edən VI beşillik planda məhz bu prinsiplər üzrə çalışılması nəzərdə tutulurdu. MXR 1962-ci ildə sosialist dövlətlərinin İqtisadi Əməkdaşlıq Şurasına üzv qəbul olunmuşdur. Bu da ölkə iqtisadiyyatının Sovet İttifaqı başda olmaqla digər sosialist dövlətlərinin iqtisadiyyatı ilə birtərəfli bağlanması və onun zəif bir əlavəsinə çevrilməsinin başa çatması kimi qiymətləndirilə bilər. Birgə Sovet-monqol müəssisələri inşa edilməsi yolu ilə ölkə iqtisadiyyatı tamamilə Sovet mütəxəssislərinin nəzarəti altına keçmiş oldu. Belə müəssisələr sırasında 1960–1975-ci illərdə 150 obyekt daxil idi. MXR-də 60 min Sovet adamı çalışırdı.

Qeyd etmək lazımdır ki, bu əməkdaşlıq müsbət mənada müəyyən nəticələr vermişdi. Faydalı qazıntıların, o cümlədən Nalayxa və Darxan daş kömür, Erdenetdə mis-molibden filizi mədənlərinin istismarı inkişaf etmiş, sement, beton, kərpic, şüşə kimi inşaat materialları istehsalı yaradılmış, ağac məhsulları emalı və evtikmə kombinatları inşa edilmişdi. 1960-cı ildən 1985-ci ilədək olan iyirmi beş il ərzində iqtisadiyyatın əsas fondları 12,5 dəfə (qeyd etmək lazımdır ki, ilkin göstəriciləri olduqca kiçik idi), sənaye istehsalı 9 dəfədən çox, adambaşına düşən gəlir 1,6 artmışdır. Ölkədə ənənəvi köçəri maldarlıq təsərrüfatından çox sahəli iqtisadiyyata keçildi. Əkinçiliyə diqqət verildi, xam və istifadəsiz torpaqların yararlı hala salınması nəticəsində bir milyon hektar əkin sahəsi yaradıldı, lakin bu, heç də həmişə düşünülmüş şəkildə aparılmamış və Sovet "təcrübə"sinin kor-koranə təkrarı heç də hər yerdə rasional nəticələrə gətirməmişdir. Əkinçilik təsərrüfatları yaradılarkən iqlim şəraitinə fikir verilməmiş, hektarlarla otlaqlar məhv edilmiş, mal-qara lazım olan yem və hərəkət imkanlarından məhrum edilmişdir. Nəticədə mal-qaranın sayı ildən-ilə azalmış və əhalini ərzaqla təmin etmək çətinliyi yaranmışdı. 1985-ci ilin iyulunda MXİP MK plenumunda kənd təsərrüfatının inkişafına dair "məqsədyönlü proqram" qəbul edilsə də artıq gec idi. Bu dövrdə yuxarıda bizim qeyd etdiyimiz iqtisadi inkişaf haqqında göstəricilərin ancaq zahiri effektdən başqa bir şey olmadığı tədricən dərk edilirdi, monqol mətbuatında Sovet-monqol əməkdaşlığının nöqsanlı cəhətlərindən bəhs edən fikirlər səslənirdi.

Təsərrüfatın idarə edilməsində bürokratizm və ştatların şişirdilməsi adi hala çevrilmişdi. Məsələn, təkcə 1989-cu ildə Ulan-Bator dəmir yolu birgə səhmdar müəssəsində çalışan 16 min işçidən 3 mini rəhbər vəzifədə çalışırdı. Müəssisənin fəaliyyət effekti isə çox böyük deyildi. Yük daşınmalarından əldə edilən gəlir olduqca aşağı idi. Kənd təsərrüfatı sahəsində dövlət təsərrüfat birliklərinin yaradılması prosesi heç də həmişə başa çatdırılmır və yarımçıq qalırdı. İnteqrasiya əlaqələri mexanizmi normal deyildi. Qiymət qoyma və hesablaşmalar sistemi qaydaya salınmamışdı. İdxal hər il ixrac məhsullarının dəyərinin üçdə biri qədər çox idi. Bütün bunlar iqtisadiyyatın səmərəliliyinə mənfi təsir göstərirdi.

Bunlarla yanaşı onu da deməliyik ki, hər hansı bir məsələnin həllində Sovet mütəxəssislərinin fikrinə əsaslanırdı. Bu da yerli kadrların inkişafını, müstəqil düşünmə və təşəbbüskarlığını boğurdu. Kadr işindəki ən böyük nöqsanlardan birisi də ali və orta ixtisas təhsilinin planlaşdırılmasına mexaniki yanaşma ilə bağlı olmuşdur. Ali və orta ixtisas müəssisələri 1971-ci ildən keçən üç beşillik ərzində 100 mindən çox kadr hazırlamışdı, lakin onların çoxu humanitar sahələr üzrə idi. Mühəndis-texniki mütəxəssislər çatışmırdı. Ali məktəblər və orta ixtisas məktəbləri məzunları arasında nisbət, demək olar ki, bərabər idi, halbuki normal cəmiyyət üçün bu birin ikiyə və ya üçə nisbətində olmalıdır. Nəticədə, hər birinin hazırlanması üçün xeyli vəsait sərf edilmiş minlərlə mütəxəssis öz sahəsi üzrə çalışa bilmirdi, ya başqa bir iş tapır, ya da işsizə çevrilirdi. Ümumiyyətlə isə işsizlik Monqolustan üçün bir problemə çevrilmişdi. 1989-cu ildə əhalisi çox da böyük olmayan ölkədə 27 min işsiz var idisə, onların sayı sonrakı iki il ərzində 60 min nəfərə çatmışdı. Artıq 1988-ci ildə MXR-in ali partiya və dövlət adamları da iqtisadi siyasətdəki buraxdığı səhv və nöqsanları etiraf etmək zorunda qaldılar. Həmin ilin sentyabrında keçirilən partiya plenumunda iqtisadiyyatdakı nöqsan və çətinliklərin başlıca səbəbindən biri kimi rəhbərliyin inzibati-amirlik metodu ilə işləməsi qeyd edilirdi.

Həm də bu o dövr idi ki, Sovet İttifaqında yenidənqurma və demokratiya kursu götürülmüşdü, Şərqi Avropa ölkələrində dərin dəyişikliklər prosesi başlamışdı. Təbiidir ki, bunlar sosialist cəbhəsinin bir həlqəsi kimi MXR-dən də yan keçə bilməzdi. 1989-cu ilin sonu-1990-cı ilin əvvəlində Monqolustanda güclü bir siyasi canlanma özünü göstərdi. İlk olaraq hakim və yeganə partiya- MXİP-yə alternativ ictimai-siyasi təşkilatlar meydana gəldi. Bunlardan Monqolustan Demokratik İttifaqı(MDİ), Sosial-demokrat hərəkatı (SDH), Yeni mütərəqqi ittifaq (YMİ), Monqol tələbələri ittifaqını (MTİ) göstərmək olar. 1989-cu ilin dekabrında Monqolustan Demokratik İttifaqı razılaşdırılmış mitinq keçirməyə nail oldu. Mitinq iştirakçıları tələb edirdilər ki, idarəetmənin inzibati-amirlik metoduna son qoyulsun, dövlət idarəsi və ictimai təşkilatlarda bürokratizmə hədd qoyulsun, rəhbər vəzifələrdə çalışanların sayı ixtisar edilsin, MXR tarixində baş vermiş neqativ hadisələr və momentlərə qiymət verilsin və s. Mitinqdə çıxış edənlər yenidənqurma prosesinin zəif getməsinə narazılıqlarını bildirdilər. Mitinqin müraciəti MXİP MK-nın plenumuna təqdim edildi. Plenum xalqın artan narazılığını səngitmək üçün bir sıra qərarlar qəbul etdi. Orada partiyanın ideoloji işinin geri qaldığı, yenidənqurmanın ləng getməsi, əhalinin vəziyyətinin yaxşılaşdırılması sahəsində aparılan işlərin lazımı səviyyədə olmaması və s.qeyd olunurdu, lakin hadisələrin sonrakı inkişafı göstərdi ki, bu nöqsanların qeyd edilməsi siyasi həyatın yeniləşməsi üçün kifayət deyildir. Artıq MDİ-nin 1990-cı ilin fevralında keçirilən qurultayında(burada 500 nəfərdən çox nümayəndə iştirak edirdi və onların da bir hissəsi MXİP və onun gənclər təşkilatlarının üzvləri idi) monqol xalqına müraciət qəbul edildi. Orada MXR Böyük Xalq Xuralının və MXİP MK-nın istefası tələb olunurdu. Qurultayda Monqolustan Demokratik Partiyası təsis edildi.

Qurultayın istefa tələbi martın əvvəlində yuxarıda adını çəkdiyimiz dörd təşkilatın hökumət evinə doğru təşkil etdiyi yürüş-mitinqdə yenə səsləndi. Dövlətin və hakim partiyanın ali rəhbərliyinə qarşı etirazlar müxtəlif formalar aldı, daha da genişləndi və qüvvətləndi. Xalqın artan qəzəbi və tələbi qarşısında MXİP-nin rəhbərliyi geri çəkilməli oldu. 1990-cı ilin 12–15 martında MXİP MK plenumunda baş katib J. Batmunx başda olmaqla bütün Siyasi Büro üzvləri və katiblər istefaya göndərildi, MK-nın qocalmış 14 üzvü onun tərkibindən azad edildi. Uzun illər ərzində MXİP-yə və hökumətə başçılıq edən Y. Sedenbal partiya üzvlüyündən çıxarıldı və almış olduğu bütün mükafatlardan məhrum edildi. Moskvada çıxan "Problemı mira i sosializma" jurnalında MXİP-i təmsil edən Q. Oçirbat MK-nın baş katibi seçildi. Ən mühüm qərarlardan biri də MXİP-nin dövlətdə rəhbər və istiqamətverici rolundan imtina edilməsi idi. Həmin plenumda və sonrakı plenumlarda uzun illər ərzində aparılmış siyasət təhlil edildi, buraxılmış səhvlər tənqid olundu. Nəticədə Monqolustan o vaxta qədər mövcud olmuş ideoloji ehkamlardan, idarəetmənin inzibati-amirlik metodundan imtina etmək zorunda qaldı, dövlət tərəfindən tənzim olunan bazar münasibətlərinə keçməyin zəruriliyini qəbul etdi. İndiyə qədər ölkədə mövcud olan rejim avtoritarizmin Stalin metodunun kopiyası kimi dəyərləndirildi. Demokratik müxalifətin artan gücü qarşısında öz acizliyini dərk etmək istəməyən hakimiyyətin demokratik qüvvələrin koalisiyası ilə danışıqlar aparması üçün Böyük Xalq Xuralı nəzdində Məsləhətləşmə Şurası yaradıldı. 1990-cı ilin iyulunda seçkilər keçirildi. Doğrudur, seçkilərdə MXİP səslərin 80%-ni ala bildi və qalib gəldi, lakin ilk dəfə idi ki, Demokratik, Sosial-demokrat, Milli tərəqqi, "Yaşıllar" və "Azad əmək" partiyaları Böyük Xalq Xuralında təmsil olunmaq haqqı qazandılar.

90-cı illərin əvvəllərindən Monqolustan həyatının bütün sahələrində yeni inkişaf kursu müəyyənləşdirildi. Bir tərəfli şəkildə sosializm cəbhəsinə meyl siyasətindən əl çəkildi. Ümumiyyətlə, bu dövrdə Monqolustanda baş verən hadisələr öz mahiyyətinə görə bir demokratik inqilab kimi xarakterizə edilə bilər və bu hərəkat Monqolustan tarixində keyfiyyətcə yeni bir mərhələnin əsasını qoydu.

Siyasi sahədə MXİP-in dövlət hakimiyyəti üzərində hegemonluğuna son qoyuldu, çoxpartiyalı sistemin formalaşması üçün hüquqi və təşkilati təməllər yarandı. Hakimiyyətin gələcəkdə bir partiyanın, kiçik bir qrupun və ya bir adamın əlində cəmlənməsinə imkan verən zəmin dağıdıldı, müxalifət partiyalarının fəaliyyətinə normal şərait təmin edildi, senzura ləğv edildi.

Mərkəzi və yerli hakimiyyət sistemində aparılan islahatlar nəticəsində qanunverici, icra və məhkəmə orqanlarının ayrılmasına və müstəqil fəaliyyət göstərilməsinə keçildi. Prezidentlik təsis olundu və parlamentin hüquqları artırıldı, Monqolustan parlamentli prezident respublikası oldu. MXİP kommunizm ideyalarına sədaqətdən əl çəkdi, özünü milli-demokratik partiya elan etdi. Bazar iqtisadiyyatına əsaslanan sosial-demokratik cəmiyyət qurulmasını özünün başlıca məqsədi saydı. Yeri gəlmişkən demək lazımdır ki, bu partiya 1996-cı ilədək öz hakim mövqeyini qoruyub saxladı. Xarici siyasət sahəsində Monqolustan böyük dövlətlərlə, ilk növbədə qonşu dövlətlərlə çoxsahəli əlaqələr yaratdı. Rusiya FederasiyasıÇin Xalq Respublikası ilə bərabər səviyyədə dostluq münasibətlərini saxlamaq niyyətində olduğunu bəyan edən Monqolustan Yaponiya, İngiltərə, ABŞ, Avstraliya, Almaniya, Türkiyə, İsveçrə və s. kimi ölkələrlə münasibətlərini xeyli dərəcədə fəallaşdırdı. Cənubi Koreya ilə diplomatik münasibətlər quruldu. Avropa İqtisadi Birliyi ilə rəsmi əlaqələrə girdi. Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, Asiya İnkişaf Bankı və s. ilə yaradılan əlaqələr Monqolustanın mərkəzləşdirilmiş planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına keçidini təmin etdi.

1992-ci ilin 13 yanvarında Monqolustan Böyük Xalq Xuralında ölkənin yeni Konstitusiyası qəbul edildi, yeni dövlət gerbi təsdiq olundu. Dövlətin rəsmi adı Monqolustan oldu.

Konstitusiyaya görə ölkədə bütün mülkiyyət formaları, o cümlədən xüsusi mülkiyyət normal hüquqi status aldı. Hələ buna qədər 1991-ci ildə özəlləşdirmə haqqında qanun qəbul edilmişdi. Yenə 1991-ci ilin yanvarından qiymətlərin liberallaşdırılması kursuna keçildi və o, 1993-cü ilin sonlarına qədər olan müddətdə başa çatdırıldı.

Monqolustan demokratik islahatları həyata keçirmək məqsədilə 1991–1995-ci illər ərzində xarici dövlətlərdən və beynəlxalq maliyyə təşkilatlarından 1,2 mld dollar məbləğində güzəştli kredit və əvəzsiz kömək almışdır.

Qeyd etmək lazımdır ki, yeni iqtisadi sistemə keçid dövründə ölkə iqtisadiyyatı çox ciddi çətinliklərlə üzləşməli oldu, lakin bütün bunlara baxmayaraq iqtisadiyyatın yenidən qurulmasında müəyyən uğurlar qazanıldı.

İqtisadiyyatın başlıca sahəsi olan kənd təsərrüfatında (maddi nemətlər istehsalı sahəsində çalışanların 40%-i aqrar sahənin payına düşür. Kənd təsərrüfatı üzrə ümumi məhsulun 70%-ni heyvandarlıq, 30%-ni taxılçılıq verir) 1991–1992-ci illərdə keçmiş dövlət kənd təsərrüfat birliklərinin yerində səhmdar şirkətlər yarandı. Onların sayı 400-ə yaxın idi. Ölkədə mal-qaranın özəlləşdirməsi əsasən başa çatdırıldı. Həmin dövrdə kiçik və böyük sənaye müəssisələrinin də özəlləşdirilməsi genişləndirildi. Artıq 1992-ci ilin sonralarında ölkədə ümumi sənaye məhsulunun 43%-i, tikinti-montaj işlərinin 46%-i özəl bölmənin payına düşürdü. Özəl bölmə mal dövriyyəsinin 70%-ni təmin edirdi.

1990-cı illərin əvvəlində Monqolustan "açıq qapılar" siyasəti yürüdür, mümkün olan bütün ölkələrlə ticarət əlaqələri yaradır və onu inkişaf etdirir. Yaponiya, Türkiyə, ABŞ, Almaniya, Koreya, Sinqapur, Honkonq və s.kimi ölkələr Monqolustanın ticarət tərəfdaşlarıdır. Təkcə ABŞ ilə olan xarici ticarət dövriyyəsi 1992-ci ildə 400 mln dollar həcmində olmuşdur. Bunun müqabilində Rusiya ilə ticarət əlaqələrinin səviyyəsi aşağı düşmüşdü. Təhsil sistemində köklü dəyişikliklər aparılmışdır. İlk özəl tədris müəssisələri yaradılmış, universitet sistemi yenidən qurulmuşdur. Bank və maliyyə işinin tənzim edilməsi üçün 1991-ci ildə Banklar haqqında qanun, 1994-cü ildə isə Valyuta haqqında qanun, 1995-ci ildə Qiymətli kağızlar haqqında qanun qəbul edilmişdir. 1996-cı ildə dövlətə məxsus olan kommersiya bankları ləğv edilmiş, əvəzində dövlətə məxsus Əmanət bankı və Bərpa bankı təsis olunmuşdur.

İqtisadi sahədə daxili ümumi məhsulun artımına xüsusi diqqət verilirdi. Planda artım hər il üçün 5% həcmində nəzərdə tutulsa da, 1996-cı ildə bu rəqəm 3% olmuşdur.

1996-cı ildə xarici ticarət dövriyyəsi 861,2 mln dollar məbləğində olmuşdur. Həmin ildə Monqolustanın ticarət əlaqəsi saxladığı ölkələrin sayı 70-ə çatmışdı. Monqolustan 1996-cı ildən Dünya Ticarət Təşkilatının üzvüdür.

Ümumiyyətlə 1996-cı il monqol xalqının siyasi seçim ili oldu. Həmin ildə Monqolustan Milli-Demokrat partiyasının və Monqolustan Sosial-Demokrat partiyasının təşkil etdiyi Demokratik İttifaqların koalisiyası parlament seçkilərini uddu. Bundan sonra demokratiya və islahatlar kursu daha da dərinləşdi. Monqolustan regionun bir sıra problemlərinin həlli istiqamətində pozitiv mövqe tutmağa başladı. Fəal xarici siyasət yeritməyə başladı. Ölkənin istiqlaliyyəti və suverenliyinin qorunması və möhkəmləndirilməsi, bütün dövlətlərlə dostluq münasibətlərini qoruyub saxlamaq, dünya birliyində öz mövqeyini möhkəmlətmək və bütün bunların siyasi, iqtisadi və s. maraqların qarşılıqlı olaraq nəzərə alınması zəminində aparılması Monqolustan xarici siyasətinin təməl prinsipləridir.

Monqolustan dünya birliyinin üzvü kimi regionda və beynəlxalq problemlərin həllində fəal və pozitiv rol oynamağa çalışır. Onun xarici siyasətində üç başlıca istiqaməti qeyd etmək olar. Bunlardan, birincisi, Rusiya Federasiyası, Çin Xalq Respublikası ilə dostluq münasibətlərini daha da möhkəmləndirmək, əvvəlki dövrlərdən fərqli olaraq bu ölkələrlə münasibətdə onlardan heç birinə üstünlük verməmək, onlarla balanslaşdırılmış əməkdaşlığa söykənərək dostluq münasibətlərini inkişaf etdirməkdir. Bununla yanaşı qeyd etmək lazımdır ki, Monqolustan ilə bu iki ölkə arasında ciddi problemlər saxlanılmaqdadır. Rusiya Federasiyasında buryat və monqolların yaşaması və yaşadığı ərazi problemi, ÇXR-də isə İç Monqolustan problemi tərəflərdən hər birinə digərinə qarşı iddia qaldırmaq şansı verir. Bu baxımdan 60-cı illərdə, xüsusilə Çində "mədəni inqilab" dövründə bir sıra çinli dövlət və siyasət adamlarının Monqolustanın suverenliyi və ərazi bütövlüyünü təhdid edən bəyanatlarını, Monqolustan ərazilərində Sovet qoşunlarının yerləşdirilməsi, bu ordu birləşmələrinin 1987-ci ildən başlayaraq oradan çıxarılması və prosesin 1992-ci ildə başa çatması və s.kimi faktları xatırlamaq istərdik.

İkinci istiqamət Qərbin və Şərqin yüksək inkişaf etmiş ölkələrilə əlaqələri genişləndirmək, onların siyasi və maliyyə dəstəyinə nail olmaqdır. Bu ölkələrdən ABŞ, Yaponiya, AFR, Koreya, Türkiyə, Avstriya və s.kimi ölkələr ön sırada gəlirlər.

Üçüncü istiqamət Asiyada öz mövqeyini möhkəmlətmək, regiondakı siyasi və iqtisadi inteqrasiya prosesində konstruktiv iştiraka cəhd göstərməkdir.

Dördüncü istiqamət BMT və onun ayrı-ayrı təşkilatları, Dünya bankı, Beynəlxalq pul-kredit fondu, Asiya İnkişaf Bankı və s.kimi beynəlxalq maliyyə və iqtisadi təşkilatlar ilə əməkdaşlığı genişləndirməkdir.

Siyasətin uğurlu nəticəsi kimi söyləmək lazımdır ki, Monqolustan məhz həmin dövlətlərin köməyi ilə ölkənin vəziyyətinin yaxşılaşdırılması haqqında ümumi milli proqram hazırlamışdır və bu planın həyata keçirilməsi 2000-ci ilə qədər olan müddəti nəzərdə tutur.

  1. "National Statistical Office of Mongolia". UBSEG.GOV.MN. 2016-04-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-03-25.
  2. Монгол Улсын хүн ам, орон сууцны 2010 оны тооллого :Хїмїїнд тєр эрхэм. Тєрд хїмїїн эрдэнэ Arxivləşdirilib 2013-12-09 at the Wayback Machine
  3. 1 2 https://data.worldbank.org/indicator/NY.GDP.MKTP.CD. Dünya Bankı.
  4. 1 2 Central Intelligence Agency, Center N. F. A. Mongolia (ing.). Washington, D.C.: Central Intelligence Agency, U.S. Government Printing Office, 2023. ISSN 0277-1527; 1553-8133
  5. http://chartsbin.com/view/edr.
  6. 1 2 "Monqolustan Türkiyədən 20 min kişi istəyir". 2010-01-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-01-22.
  7. Veselovski, N. Sədullayev (redaktor). Yaponiya və onun müsəlləh qüvvələri (az.). Bakı: Azərnəşr. 1932. səh. 63.
  8. 1 2 3 4 Монгол Улсын хүн ам, орон сууцны 2010 оны тооллого :Хүн ам, орон сууцны 2010 оны толлого тооллогын үр дүн Arxivləşdirilib 2013-10-25 at the Wayback Machine
  9. Ethnologue report for language code :tyv Arxivləşdirilib 2010-10-08 at the Wayback Machine
  10. Ethnologue report for language code :uig Arxivləşdirilib 2009-01-16 at the Wayback Machine
  11. 1 2 United Nations Statistics Division :4. Population by national and/or ethnic group, sex and urban/rural residence: each census, 1985–2003 or Population selon le group national et/ourthnique, le sexe et la résidence urbaine/rurale: recensements de 1985 à 2003 Arxivləşdirilib 2018-07-25 at the Wayback Machine
  12. "The Mongolian Kazakhs". The Mongolian Kazakh Diaspora. 2017-10-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 6 noyabr 2017.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]