Məhşər (Muğanna)
Məhşər — İsa Muğannanın tarixi-fəlsəfi romanı.Bu əsər müəllifin "Karvan" adlandırdığı roman və povestlər silsiləsinə daxildir.İsa Muğanna 2010-cu illərdə əsər üzərində yenidən işləyib və bu barədə bildirib: "Yaxın və uzaq keçmişimizdən tarixi hadisələr, bədii süjetlər içində verilmiş SafAğ həqiqətlərinin qavranılmasını asanlaşdırmaq məqsədilə mən ƏsƏrlərin hamısını yenidən işlədim. Oxucu altılığa daxil edilmiş bu ƏsƏrləri yalnız göstərdiyim ardıcıllıqla oxumalıdır ki, fayda versin: "İdeal", "Məhşər" ("Ənşər-mən şər"), "Qəbirstan", "GurÜn", "İsahəq, Musahəq", "Cəhənnəm"."."Məhşər" romanı ilə Azərbaycan nəsrində Nəsimi obrazının ilk, mükəmməl nümunəsi yaranır.
== Məzmun ==
"Məhşər" tarixi-fəlsəfi romandır. XIV əsrdə Teymurləngin yürüşləri dövründə baş vermiş hadisələrdən, filosof Fəzlullah Nəiminin və böyük hümanist şair Nəsiminin insan uğrunda qeyri-adi mübarizələrindən, habelə məşhur Şirvanşah İbrahimin hakimiyyəti illərində Azərbaycanda, İranda və Yaxın Şərqdə geniş xalq kütlələrinin taleyindən bəhs edir.
Əsərdə Teymurun yürüşləri ərəfəsində Azərbaycandakı mövcud ictimai-siyasi şəraitdən, xalqın azadlıq mübarizəsindən bəhs olunur və Nəsiminin bu mübarizədəki rolu işıqlandırılır. Eyni zamanda Teymurla Nəsimi və Nəsimi ilə xalq arasındakı maraqlı məqamlara aydınlıq gətirilib. Dövrün bütün bu hadisələri İsa Muğanna tərəfindən özünəməxsus şəkildə əks olunub.
== Nəşr ==
Roman ilk dəfə kiril qrafikalı Azərbaycan əlifbası ilə 1978-ci ildə, 2-ci dəfə isə 1982-ci ildə Bakıda, Gənclik nəşriyyatında, 296 səhifədə və 1989-cu ildə nəşr edilib.Əsər 2009-cu ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən İsa Muğannanın 6 cildlik Seçilmiş əsərlərinin 3-cü cildində Bakıda, Avrasiya press nəşriyyatında tam şəkildə 304 səhifədə nəşr edilib.Romanın müəllif tərəfindən edilən yeni düzəliş və əlavələrlə olan yeni forması 2013-cü ildə Hədəf Nəşrlərinin "XAN" (Xalqım, Azərbaycanım Naminə!) bədii ədəbiyyat layihəsi çərçivəsində 327 səhifədə nəşr olunub.2013-cü il mayın 18-də Bakıdakı Atatürk Mərkəzində İ. Muğannanın 85 illik yubileyi münasibətilə ədibin "Hədəf nəşrləri" tərəfindən çap olunmuş romanlarının təqdimatı keçirilib. Müəllifin özünün də iştirak etdiyi mərasimdə "İdeal" silsiləsində işıq üzü görmüş 6 əsəri — "İdeal", "Məhşər", "İsahəq, Musahəq", "Qəbiristan", "GurÜn" və "Cəhənnəm" romanları son əlavələrlə, yeni çap üslubunda, yeni formada, nəfis tərtibatda oxuculara təqdim olunub. Bu əsərlərin çapa hazırlanması və redaktəsi yazıçının razılığı ilə baş tutub.