NİİM
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) — Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi, nəqliyyat xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, ictimai nəqliyyatın hərəkətinin tənzimlənməsi və hərəkət marşrutlarının optimallaşdırılmasına nəzarət edən, 2022-ci il fevral ayının 7-nə qədər BNA tərkibində, həmin tarixdən Daxili İşlər Nazirliyinin tabeliyinə verilən qurum.
Müasir şəhərin uğurlu və dinamik inkişafı üçün onun tələbatına uyğun nəqliyyat sisteminin olması vacibdir. Belə nəqliyyat sistemi şəhərin sərnişin və yük daşımaları tələbatından bir addım öndə olmalıdır. Beynəlxalq təcrübədə şəhər yollarının həddindən artıq yüklənməsi problemi yolların sıxlığını artırmadan yol hərəkətini və şəhər sərnişin nəqliyyatını müvafiq küçə-yol şəbəkəsində effektiv surətdə idarə edə bilən intellektual nəqliyyat sistemləri (İNS) texnologiyalarının tətbiqi hesabına həll olunur.
İNS – yol hərəkətinin idarə edilməsi, bütün nəqliyyat növlərinin (fərdi, ictimai, yük) işinin monitorinqi və idarə edilməsi, region ərazisində nəqliyyat xidmətinin təşkili haqqında vətəndaşların və müəssisələrin məlumatlandırılması məsələlərini həll edən qarşılıqlı əlaqəli avtomatlaşdırılmış sistemlər kompleksidir.
Nəqliyyatı intellektual idarəetmə sistemində informasiya axınlarının istiqamətləri:
GPS
Şəxsi nəqliyyat
Təhlükəsiz ictimai nəqliyyat
Piyada/sərnişin İstifadəedicisi
Nəqliyyat axının manitorinqi
Parketmə
Ağıllı dayanacaq
Ağıllı işıqfor
yol hərəkətinin təhlükəsizliyinin artırılması;
küçə-yol şəbəkəsinin keçiricilik qabiliyyətinin artırılması;
yol hərəkəti iştirakçılarına xidmətin keyfiyyətinin artırılması;
ətraf mühitə nəqliyyat axınlarının zərərli təsirinin azaldılması;
nəqliyyatın fəaliyyətinin səmərəliliyinin artırılması;
şəhər ictimai sərnişin nəqliyyatının nüfuzunun artırılması;
şəhərin investisiya və turist cəlbediciliyinin artırılması;
2007-ci ildə NİİM haqqında Prezident İlham Əliyevin fərmanı verilib. 2008-ci ildə Bakıda nəqliyyatı intellektual idarəetmə sisteminin tətbiqi ilə bağlı Cənubi Koreya Respublikasının "SK C&C" şirkəti ilə razılıq əldə olunmuş, yeni sistemin layihəsi hazırlanmış və icrasına başlanmışdır. 2009-cu il aprelin 6-da Prezident İlham Əliyevin iştirakı ilə mərkəzin təməlqoyma mərasimi keçirilmişdir. 2011-ci il dekabrın 29-da isə Bakıda Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin açılışı olmuşdur.
2011-ci ilin sonundan etibarən fəaliyyətə başlayan Mərkəz Nəqliyyat Nazirliyi tabeliyinə verilib.