Nüşabə Məmmədli
Nüşabə Məhəmmədəli qızı Məmmədli (Məmmədova) (6 yanvar 1953, Ağdam) — yazıçı, publisist, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Azərbaycan Yazıçı Qadınlar Cəmiyyəti" İctimai Birliyinin sədri, "Yazıçı qadınlar" jurnalının təsisçisi və baş redaktoru.
Nüşabə Məhəmmədəli qızı Məmmədli (Məmmədova) 6 yanvar 1953-cü ildə Azərbaycan Respublikasının Ağdam şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, Azərbaycan Dövlət Xarici Dillər İnstitutuna daxil olmuş və oranı ingilis dili müəllimi ixtisası üzrə uğurla bitirərək əmək fəaliyyətinə ingilis dili müəllimi kimi başlamışdır.
N. Məmmədli "Ədalət", "İnterfaks", "Reportar", "Karvan" qəzetlərində müxbir, baş redaktorun müavini, baş redaktor vəzifələrində çalışmışdır. N. Məmmədli bədii yaradıcılığa hələ erkən yaşlarında başlamışdır (1967). N. Məmmədli çoxlu sayda esse, mənsur şeirlərin, şeirlərin, lətifələrin, satirik hekayələrin, hekayə, oçerk, pritça, rəvayət və əfsanələrin, habelə alleqorik povestlərin və irihəcmli romanların müəllifidir. Onun çoxlu sayda əsərləri Qarabağa, şəhidlərə, qaçqınlara və əsr düşmüş qadınlara həsr olunub. Nüşabə Məmmədlinin Qarabağın əsir düşmüş qadınlarından bəhs edən "Zəngulə" romanı bir sıra mükafatlara layiq görülmüşdür. Bu əsər 2005-ci ildə "İlin kitabı" elan olunmuşdur. Nüşabə Məmmədlinin "Göylərdə keçən ömür" sənədli povesti, "Bu bir oyundur" hekayələr kitabı, "Zəngulə", "Vicdan dustağı", "Sevgi xiyabanı" romanları oxucular tərəfindən maraqla qarşılanmışdır.