Nəbati
Seyid Əbülqasim Nəbati (1812, Üştibin, Şərqi Azərbaycan ostanı – 1873, Üştibin, Şərqi Azərbaycan ostanı) — XIX əsr Cənubi Azərbaycan ədəbiyyatının nümayəndəsi. Həyat və yaradıcılığı ilə bağlı müxtəlif ziddiyyətli fikirlər var.
Əbülqasim Nəbati Cənubi Azərbaycanın Qaradağ vilayətinin Dizmar mahalının Üştibin qəsəbəsində ruhani ailəsində anadan olmuşdur. Onun əsli qədim dövrlərdən bəri Ərəbistanda, İranda və Azərbaycanda geniş yayılmış Nəbatilər tayfalarındandır. Atası Seyid Mir Yəhya Möhtərəm Üstibində və yaxın kəndlərdə dərvişlik edir, müxtəlif islami əqidələri yayırdı. Nəbati ilk təhsilini atasından almış, klassik poeziyanı, xüsusilə Hafiz yaradıcılığını və Şərq təsəvvüf ideyalarını dərindən öyrənmişdir. Yeniyetmə çağlarından atasına qoşulub qələndərlik edən Nəbati Azərbaycanın çox yerlərini piyada gəzib dolaşmışdır. Şeirlərindəki bioqrafik işarələrdən məlum olur ki, o, Qaracadağdan başqa Qarabağda-Əsgəranda, Ağdamda, Hindarxda və Muğanda, Salyanda, Lənkəranda, Təbrizdə, Xorasanda olmuş, bu yerlərin ədəbi-mədəni həyatı ilə maraqlanmışdır.
Nəbati 1873-cü ildə Üştibində vəfat etmiş və orada kənd qəbristanlığında dəfn edilmişdir.
Nəbati "Məcnun", "Məcnunşah", "Xançobanı" təxəllüsləri ilə yazmışdır.