Əlahəzrət Buxara əmirinin "Veliki knyaz Aleksey" paroxodunda yolasalma mərasimi (film, 1898)
Əlahəzrət Buxara əmirinin "Veliki knyaz Aleksey" paroxodunda yolasalma mərasimi — 1898-ci ildə çəkilmiş qısametrajlı sənədli film.
== Məzmun ==
İyulun 24-də əlahəzrət Buxara əmiri Seyid Mir Əbdül Əhəd xan sürət qatarı ilə Bakıya gəlir və milyonçu Hacı Zeynalabdin Tağıyevin qonağı olur. O, iyulun 27-də paroxodda Krasnovodska gedir. Hörmətli qonağı yola salmaq üçün "Qafqaz və Merkuri" limanına çoxlu adam, o cümlədən şəhərin müxtəlif idarələrinin başçıları toplaşmışdı. Limanda qonağın şərəfinə orkestr çalırdı.
Kinosüjet təntənəli yolasalma mərasiminə həsr olunmuşdur. Xronikal film protokol informasiyanın xəbər janrında çəkilmişdir.
== Film haqqında ==
Kinosüjet Bakıda V.İ. Vasilyev-Vyatskinin teatr-sirkində avqustun 2-də axşam saat 21.00-da ayrıca proqramla nümayiş etdirilmişdir.
Kinosüjet "Canlı fotoşəkillər" kolleksiyası adı altında 1900-cü ildə Parisdə Ümumdünya sərgisində böyük uğurla nümayiş etdirilmişdir. Nümayiş etdirilən süjetlər arasında "Qafqaz rəqsi", "İlişdin", "1898-ci il avqustun 4-də Balaxanıda neft fontanı" kinosüjetləri də var idi.