Ədalət, Hüquq, Demokratiya Partiyası
Ədalət, Hüquq, Demokratiya Partiyası və ya qısaca ƏHD Partiyası, həmçinin, 16 mart 2024-cü il tarixinədək Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası və ya qısaca BAXCP — Azərbaycanda fəaliyyət göstərən milliyətçi, sağ mərkəzçi siyasi partiya. Partiya Azərbaycan Xalq Cəbhəsi Partiyasının xələfi olduğunu iddia edir. Qurucusu və hazırkı sədri Qüdrət Həsənquliyevdir.
Ədalət, Hüquq, Demokratiya Partiyası qurulduğu gündən bəri bütün bələdiyyə və parlament seçkilərində iştirak etmişdir. Partiya Azərbaycan Milli Məclisinin II, III, IV, V və VI çağırışlarında 1 deputatla — Qüdrət Həsənquliyev ilə təmsil olunmuşdur.
Ədalət, Hüquq, Demokratiya Partiyasını Mərkəzi Seçki Komissiyasında 2010-cu ildən bəri Mikayıl Rəhimov təmsil edir. O, həmçinin, 2011-ci ildən bəri komissiya katibi vəzifəsini də daşıyır. 2006–2010-cu illərdə isə partiya Demokratik İslahatlar Partiyası nümayəndəsi Tamam Cəfərovanın üzvlüyünə dəstək vermiş və beləcə Tamam Cəfərova həm də keçmiş adı ilə BAXCP-ni təmsil etmişdir.
Partiyanın sıralarında indiyədək Azərbaycan Milli Qəhrəmanı Maşallah Abdullayev, keçmiş Laçın dağ-atıcı alayının ilk komandiri Arif Paşa, jurnalist Elçin Mirzəbəyli, Ali Məclisin sabiq deputatları Bünyamin Qəmbərli, Fərəc Yusifbəyli və Mikayıl Rəhimov, hüquqşünas, professor Məhəmməd İmanlı kimi şəxslər təmsil olunmuşdur.
Ədalət, Hüquq, Demokratiya Partiyası indiyədək 7 qurultay keçirmiş və 1 sədr seçmişdir.