Pedaqoji psixologiya
Pedaqoji psixologiya — Psixologiyanın konkret fəaliyyətlə bağlı olan və yüksək praktik əhəmiyyət daşıyan mühüm xüsusi sahələrindən biridir. Pedaqoji psixologiya təlim, tərbiyə və pedaqoji fəaliyyətin psixoloji problemlərini araşdırır. Pedaqoji psixologiyanın həll etməli olduğu ən mühüm problemlər uşaqların həyatının hər bir senzitiv dövrünü aşkara çıxarmaq və həmin dövrdə onların inkişafı üçün lazım olan bütün imkanları müəyyənləşdirməkdən, təlim və inkişafın qarşılıqlı əlaqəsini aşkara çıxarmaqdan, təlim və tərbiyənin ümumi və yaşla bağlı olan cəhətlərini, əlaqəsini aşkara çıxarmaqdan, təlim və tərbiyənin səmərəliliyini təmin edən psixoloji qanunauyğunluqları araşdırmaqdan və s. ibarətdir.
Pedaqoji psixologiyanın predmetini insanın tərbiyə, təlim və pedaqoji fəaliyyətinin psixoloji qanunauyğunluqlarının öyrənilməsi təşkil edir. Pedaqoji psixologiyanın predmetinə, birinci növbədə, şəxsiyyətin formalaşmasının psixoloji mexanizminin öyrənilməsi, şəxsiyyətin inkişaf səviyyəsi və fəallığın qarşılıqlı əlaqəsinin, tərbiyənin idarə olunması problemlərinin, özünütərbiyə və əxlaq tərbiyəsinin, tərbiyəvi tədbirlərin psixoloji əsaslarının, gənc nəslin tərbiyəsinə təsir edən amillərin psixoloji xüsusiyyətlərinin aşkara çıxarılması təşkil edir.
Müasir pedaqoji psixologiyanın qarşısında mühüm nəzəri və praktik vəzifələr durur. Müasir pedaqoji psixologiyanın nəzəri vəzifələrinə, hər şeydən əvvəl, təlim-tərbiyə prosesində psixi inkişafın imkanlarını, təlim və tərbiyənin ümumi psixoloji qanunauyğunluqlarını öyrənməyi aid etmək olar. Bununla yanaşı olaraq, pedaqoji psixologiyanın qarşısında duran mühüm nəzəri vəzifələrindən biri kimi gənc nəslin yüksək elmi dünyagörüşünə, şüuruna xas olan keyfiyyətlərlə formalaşdırılmasının ən səmərəli elmi yollarını müəyyənləşdirməyi göstərmək olar.
Müasir pedaqoji psixologiyanın praktik vəzifələrinə gəldikdə buraya təlimin idarə olunmasının psixoloji məsələlərini, təlim və əqli inkişafın qarşılıqlı əlaqəsini, şagirdlərin bilik, bacarıq və vərdişlərə yiyələnmə xüsusiyyətlərini və s.