Portfel investisiyaları
Portfel investisiyaları — qiymətli kağızlar portfeli şəklində formalaşan qiymətli kağızlara investisiyalar. Portfel investisiyaları şirkətin səhmləri, istiqrazları kimi qiymətli kağızlara passiv sahibliyi ifadə edir və investorun qiymətli kağızları buraxan müəssisənin operativ idarə edilməsində iştirakını təmin etmir.
Yüzilliklər ərzində qiymətli kağızlarla ticarət müstəsna olaraq daxili iqtisadi fenomen hesab edilirdi. Belə ki, qiymətli kağızın emitenti və investoru bir ölkədə yerləşirdi. Hökumətlər, özəl müəssisələr qiymətli kağızları çoxdan buraxmağa başlasalar da onlar xarici investorların diqqətini nisbətən yaxın zamanlarda cəlb ediblər.
1990-cı illərin əvvəllərindən etibarən beynəlxalq portfel investisiyalarının görünməmiş artımı qeydə alınmağa balşanmışdır. Əgər 1990-cı ilin sonuna qiymətli kağızlarla beynəlxalq əməliyyatlar ən inkişaf etmiş ölkələrin ÜDM-nin 10%-nə bərabər idisə 1990-cı illərin ortalarına bu əməliyyatların həcmi artıq qeyd olunan ölkələrin ÜDM-nə nisbətən 100%-lik səviyyəni keçmişdi.
Portfel investisiyaları əsasən özəl sahibkarlığa əsaslanır, lakin dövlətlər də tez-tez xarici qiymətli kağızları əldə edirlər. Portfel investisiyalarının səbəbləri ümumilikdə birbaşa xarici investisiyaları doğuran səbəblərə yaxındır. Lakin burada bir əsas fərqli cəhət xatırladılmalıdır ki, portfel investisiyasının həyata keçirilməsi nəticəsində investor müəssisə üzərində nəzarət hüququnu əldə edə bilmir.