PRİNTER

is. \[ing. printer < print "çap"\] tex. Mətn və ya qrafik informasiyanın çap olunması üçün nəzərdə tutulmuş, kompüterin xarici periferik qurğusu olan çap maşını. 1-dən 100-ə qədər tiraj üçün nəzərdə tutulmuşdur.
PREZUMPSİYA
PROBİOTİK
OBASTAN VİKİ
Printer
Printer – kompüterin xarici qurğularından biridir. Verilən məlumatı (yazı, şəkil və s.) çap etmək üçündür. Kompüter üçün ilk printer 1834-cü ildə Çarl Bebbic tərəfindən ixtira edilmiş mexaniki “Fərqlər aparatı” üçün dizayn olunub. Hal-hazırda printerlərdən geniş istifadə olunur. Müasir İBM tipli kompüterlərə printerlər əsasən LPT (ing. Line Printer Terminal) və ya USB portu vasitəsilə qoşulur. LPT portu vasitəsilə 50Kbit/san sürətlə məlumat ötürülə bilir. Lakin USB portu 12Mbit/san sürətlə məlumat ötürə bilir. Bu baxımdan USB portu ilə qoşulan printer daha tez məlumat alıb-ötürə bilir. Bunlardan başqa hal-hazırda şəbəkə vasitəsilə də printerləri qoşmaq mümkündür.
3d printer
Üçölçülü çapetmə prinsipcə sinterləmə ilə oxşar olan bu üsul başqa birləşdirmə metodu ilə işləyir və fiziki əsasına görə adi çapetməyə (plotter üsulu) bənzədiyindən üçölçülü çapetmə - 3D Printing adlanır. İlkin material kimi burada qranulatlardan və tozlardan istifadə edilir. İşçi zonaya qat şəklində çəkilmiş toz, xüsusi birləşdirici komponentin püskürdülməsi ilə bir-birinə yapışdırılır. Bu işləmə prinsipi demək olar ki, birləşdirilən materialın xassələrindın asılı olmadığından material seçimini asanlaşdırır. 3D Printing qurğusu işçi zonada yerləşən iki çəndən, işçi kameradan və bunların üzərində düzxəttli hərəkət edən çapetmə mexanizimindən (plotterdən) ibarətdir. Bu çənlər proses zamanı işçi zonaya toz verilməsinə, kamera isə əsasən prosesin aparılması, yəni hissənin qurulmasına xidmət edir. Hər bir çən hərəkətsiz divarlardan və Z istiqamətində hərəkətli lövhədən (dibdən) ibarətdir. Toz çənlərinin dibi hər bir yeni qat çəkilməzdən əvvəl yuxarıya hərəkət etdirilərək lazımi miqdarda toz qarışığını işçi zonaya çıxarır. Sonra bu kütlə xüsusi diyircəyin vasitəsilə işçi platformanın üzərinə bərabər yayılır. İşçi kamera isə əksinə olaraq hər addımdan sonra aşağıya doğru hərəkət etdirilir.
LCD-printer
LCD printer – maye-kristal elementlər əsasında olan printer. Lazerli printer (LASER PRINTER) kimi, bu printer də elektrofotoqrafiya texnologiyasına əsaslanır. LCD-printerdə boyaq maddəsini (toneri) kağızda qeyd etmək üçün elektrostatik yüklənmiş barabandan istifadə olunur. LCD-printerlərlə lazerli printerlər arasında önəmli fərq işıq mənbəyindən ibarətdir. LCD-printerlərdə daha parlaq işıq mənbəyindən, adətən, halogen lampadan istifadə edilir ki, maye-kristal sürgülər matrisindən keçən işıq barabana düşür və, beləliklə, çap ediləsi görüntünü formalaşdırır. İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
LED printer
LED printer (en. LED printer - Light-Emitting diode printer) – LCD və lazerli printerlərə bənzəyən elektrofotoqrafik printer; onda da tozşəkilli boyaq maddəsinin (tonerin) köməyilə görüntünü formatlaşdırmaq üşün elektrostatik yüklənmiş barabandan istifadə olunur. Baraban görüntüyə uyğun olaraq şüa ilə işıqlandırma yolu ilə yüklənir. Buna görə də LED-printerləri çox zaman yanlış olaraq lazerli printerlər adlandırırlar, ancaq onlar işıq mənbələrinə görə fərqlənirlər. LED-printerlərdə istifadə olunan işıq-diodları massivi baraban fırlandıqca yanıb-sönməklə görüntünü onun üzərinə vurur. İşıq mənbələri massivindən istifadə olunduğundan, LED-printerlər bir işıq mənbəyindən istifadə edən lazerli printerlərə nisbətən daha çox elektrik enerjisi sərf edir. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Lazerli printer
Lazerli printer (ing. Laser printer) – fotokopiya qurğularındakı texnologiyanın tətbiq olunduğu elektroqrafik printer. Fokusa yığılmış lazer şüası fırlanan güzgülü fotohəssas barabanın səthinin sahələrini elektrostatik yükləməklə səhifənin çap olunası görüntüsünü yaradır, baraban kağız vərəqi boyunca diyirlənir və kağızın üzərinə toz şəkilli boyaq maddəsi tökülür ki, onların hissələri kağızın yalnız yüklənmiş hissəsinə yapışır. Sonra tonerli kağız qızdırılır, boyaq maddəsi əriyir və bununla da vərəqin səthində qeyd olunur. Adətən, bundan sonra elektrik yükü barabandan kənarlaşdırılır, artıq toner isə yığılır. Yalnız toneri vurmaq və kağız verməyi təkrarlamaqla printer çoxlu kağız çap edə bilər. Lazerli printerlərin yeganə ciddi çatışmazlığı matrisli printerlərdəki kimi kağızla manipulyasiyada az çeviklikdir. Lazer printerlərinin əsas parametrlərinə aşağıdakılar aiddir: düymdə nöqtələri yerləşdirmə imkanı, dpi (dots per inch-düymdə nöqtələr) məhsuldarlıq (dəqiqədə səhifələr); istifadə olunan kağızın formatı; özünün operativ yaddaşının həcmi. Lazer printerlərinin əsas üstünlükləri yüksək keyfiyyətli təsvirlərin alınması imkanları ilə bağlıdır. Orta sinif modellər 600 dpi çap, yarı peşəkar modellər-1200 dpi, peşəkar modellər 1800 dpi çap imkanını təmin edir.
Ləçəkli printer
Ləçəkli printer (ing. daisy-wheel printer, rus. лепестковый принтер), türk. papatya çarklı yazıcı) – çap hissəsi "qızçiçəyi" şəklində olan printer. Belə printerlərdə boyayıcı və ya qrafit lentdən istifadə edildiyindən, çap olunmuş hərflər aydın və azca qabarıq alınır, həm də simvollar yazı makinasında çap olunmuş kimi görsənir. Lazer printerlərinin geniş istifadəsinədək ləçəkli printerlər yüksək keyfiyyətli çap almaq üçün əsas vasitə olub. Qızçiçəyi çarxı (ing. daisy wheel, rus. лепестковый литероноситель, türk. papatya çarklı) – ləçəkli printerlərdə istifadə olunan çarxşəkilli çap elementi; liter formalarından ibarətdir və onların hər biri mərkəzi topa bərkidilmiş qolda yerləşirlər; bütün konstruksiya ləçəkli qızçiçəyinə oxşayır.
Printer üsküyü
Üsküklü printer – thimble printer ~ принтер со шрифтовыми наконечниками ~ yüksüklü yazıcı ~ çap ucluğu üskük şəklində olan printer. Bu printerlərdə, yazı makinalarında olduğu kimi, hazır literlərdən istifadə olunduğundan, onlarda çap olunan yazılar öz yüksək keyfiyyəti ilə seçilirdi. Lazer printerlərinin qiyməti çox baha olanda üsküklü printerlər populyar idi. Hazırda isə istifadədə olan üsküklü printerlərə rast gəlmək çox çətindir. Üskük – thimble ~ напёрсток ~ yüksük ~ hər bir simvolu ayrıca liter qoluna yerləşdirilmiş olan, qızçiçəyi çarxına (DAISY WHEEL) bənzəyən çap elementi. Qızçiçəyi çarxında olduğu kimi, bütün liter qolları mərkəzi çarx topunda birləşib, ancaq üskükdə liter qolları 90 dərəcə qatlanıb. Çap zamanı printer üsküyü elə fırladır ki, lazım olan liter çap olunacağı yerin qarşısında olsun və arxadan toxmaqcıqla liter qoluna zərbə endirərək literi kağıza vurur. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Termal printer
Termal printer – thermal printer ~ термографический принтер ~ termal yazıcı ~ təmassız səssiz printer. Termik çap başcığına malikdir və xüsusi emal olunmuş kağıza çap edir. Belə kağızda çoxlu sayda tez qızan kiçicik noqtələr olur və çap həmin nöqtələrin qızdırılması ilə həyata keçirilir. Termal printerlər az baha printerlərdəndir və onlardan çox zaman kalkulyatorlarda və ucuz faks maşınlarında istifadə olunur. Bu printerlərdə çap olunmuş kağızlar zaman keçdikcə solur. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Şırnaqlı printer
Şırnaqlı printer (en. ink-jet printer ~ ru. струйный принтер ~ tr. mürekkep püskürtmeli yazıcı) – simvolları çap etmək üçün çox kiçik mürəkkəb damcılarını kağıza sıçradan printer. Mürəkkəb mayesini tullayan “forsunka” ya çap başcığının bir hissəsi olur, ya da onunla borucuq vasitəsilə bağlanır. Mürəkkəb buxara çevrilənədək çalxalanır və ya qızdırılır və çap başcığının kağızın üzərindən keçdiyi müvafiq anda çox kiçik “forsunka”lardan sıçradılaraq simvollar və ya qrafika formalaşdırır. Aşağı keyfiyyətli sürətli şırnaqlı printerlər verilənlərin emalı sistemlərində uzun müddət istifadə edilib. Son zamanlar çap keyfiyyəti yüksək olan şırnaqlı printerlər qiymət və funksional çeviklik baxımından lazerli printerə “meydan oxuyur”, baxmayaraq ki, onların sürəti ikincilərinkinə nisbətən aşağıdır. Standart kağızlardan istifadə etdikdə mürəkkəb çox zaman yayılır, bu da çapın dəqiqliyini aşagı salır. Bundan başqa, şırnaqlı printerdə yenicə çapdan çıxmış kağıza toxunduqda o, yayılır.
Yüksək keyfiyyətli printer
Yüksək keyfiyyətli printer (ing. letter-quality printer) – işgüzar yazışmalar üçün məqbul çap keyfiyyətini (NEAR-LETTER-QUALITY) təmin edən hər hansı bir printer. Bu sıraya lazerli, kontakt (adətən, ləçəkli) printerlər, eləcə də tam formalaşdırılmış simvollardan istifadə edən bəzi matrisli printerlər aiddir. Yaxşı matrisli printerlər yüksək keyfiyyət almaq üçün hər bir sətri ikiqat çap edir. İsmayıl Calallı (Sadıqov). İnformatika terminlərinin izahlı lüğəti. Bakı: 2017, "Bakı" nəşriyyatı, 996 s.
Elektrofotoqrafik printerlər
Elektrofotoqrafik printerlər – lazerli, işıq-şüalandıran diod, maye-kristal və ion-çöküntülü elektrostatik printerlərin aid olduğu çap qurğularının kateqoriyası. Onların əsas komponenti kağızda çap ediləcək görüntünü özünə köçürən elektrostatik yüklü barabandır. Bu yük boyaq hissəciklərini barabana çəkir ki, onlar da sonradan kağıza köçürülür. Elektrofotoqrafik printerlərin müxtəlif tipləri bir-birindən əsasən yükün barabanın üzərinə köçürülməsi üsulu ilə fərqlənir.
Sətir printeri
Sətir printeri (en. line printer) – adi matrisli printerdə olduğu kimi, bir dəfəyə bir simvolu deyil, bir sətri və ya lazerli printerlər kimi, bir səhifəni çap edən hər hansı printer. Sətir printerləri, adətən, 1117 düymlük vərəqlərə çap edir. Bu sürətli qurğulardan (dəqiqədə təxminən 3000 sətir) çox zaman biristifadəçi sistemlərində deyil, meynfreymlərdə, minikompüterlərdə və ya hesablama şəbəkələrində istifadə edilir. Belə qurğuların iki növü vardır: zəncirvari printerlər (CHAIN PRINTER) və daha müasir lentli printerlər (BAND PRINTER). Məşhur LPT abreviaturası (MS-DOS’da kompüterin paralel çıxış portunu göstərir) ilkin olaraq məhz sətir printerlərini bildirirdi. Bir dəqiqədə sətirlərin sayı (en. lines per minute (LPM)) – printerin sürətinin ölçüsü; bir dəqiqədə çap olunan simvollu sətirlərin sayı. Bir dəqiqədə sətirlərin sayı, adətən, sətir printerlərini (LINE PRINTER) xarakterizə edir, çünki onlarda istənilən məzmunlu sətirlər eyni müddətdə çap olunur. Başqa sürət ölçüləri bunlardır: bir saniyədə simvolların sayı (CHARACTER PER SECOND, CPS), adətən, matrisli printerlərin xarakteristikası kimi istifadə olunur; bir dəqiqədə səhifələrin sayı (PAGES PER MINUTE, PPM) səhifə printerlərinin (PAGE PRINTER), məsələn, lazerli printerlərin xarakteristikasıdır.
İon-depozisiya printeri
İon-depozisiya printeri ( ing. ion-deposition printer ~ ru. ионно-депозиционный принтер ~ tr. iyon-yerleştirme yazıcı) – lazerli printerə bənzəyən, ancaq daha bahalı texnologiyaya əsaslanan elektroqrafik printer. Əsasən böyük həcmli verilənlərin emalı sistemlərində istifadə olunan bu printerlər, adətən, bir dəqiqədə 30-90 səhifə çap edir. Başqa elektroqrafik printerlər kimi, ion-depozisiya modelləri elektrostatik yüklənmiş barabanlardan istifadə edir. Lazerli, LED- və LCD-printerlərdə edildiyi kimi, müəyyən xarakteristikalı işıq şüalarını çevirmək əvəzinə ion-depozisiya printeri barabana ionlar selini yönəltməklə onu yükləyir, boyaq (toner) isə, adətən, əriyib kağıza yapışır – bu həm tez olur, həm də yüksək temperatur tələb etmir. Bu üsulda kağız bir az parıltılı olur, ancaq daha işgüzar yazışmaya yaramır. Bundan başqa, ion-depozisiya printeri “qalın”, simvolları bir az da qeyri-dəqiq çap edir. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.

Digər lüğətlərdə