Söz birləşməsi
Söz birləşməsi — Söz birləşməsi iki və daha artıq müstəqil sözün məna və qramatik cəhətdən birləşməsindən əmələ gəlir.Müstəqil söz dedikdə əsas nitq hissələri nəzərdə tutulur . Söz birləşməsi müstəqil sözlərdən əmələ gəlir. Ona görə də müstəqil sözlə, köməkçi sözün birləşməsi söz birləşməsi sayılmır.
Söz birləşmələri və sözlər (xüsusilə də mürəkkəb sözlər) arasında həm oxşar, həm də fərqli cəhətlər var.
Söz birləşmələri də sözlər kimi ad bildirir. Məsələn: bağ, küçə, məktəb, meşə, göl və s. sözləri əşyaların adlarını bildirir. Nar bağı, enli küçə, peşə məktəbi, palıd meşəsi, duzlu göl kimi söz birləşmələri də əşyaların adlarını bildirir.
Həm mürəkkəb sözlər, həm də söz birləşmələri sözlərdən təşkil olunur. Məsələn: boşqab – boş qab, Ağdaş – ağ daş, günəbaxan – günə baxan və s.