Hərbi Prokurorluq (Azərbaycan)
Azərbaycan Respublikasının Hərbi Prokurorluğu — ixtisaslaşdırılmış prokurorluq olmaqla Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş başqa silahlı birləşmələrdə Azərbaycan Respublikasının digər qanunları ilə hərbi prokurorluqlara aid edilmiş səlahiyyətləri həyata keçirir.
Azərbaycan Respublikasının Hərbi Prokurorluğu tutulmuş və həbs edilmiş hərbi qulluqçuların saxlanıldığı yerlərdə, intizam hissələrində, eləcə də cəzaların hərbi hissələrdə icra edilməsi zamanı qanunlara və hərbi nizamnamələrə əməl olunmasına nəzarət edir. Azərbaycan Respublikasının Silahlı Qüvvələrində keçirilən idarədaxili yoxlamaların materiallarını tələb edir, Azərbaycan Respublikası Silahlı Qüvvələrində əmlakın talanması, hərbi xidmət əlehinə, habelə hərbi qulluqçular tərəfindən törədilən və ya hazırlanan digər cinayətlər barədə ərizə, şikayət, müraciət, əməliyyat-axtarış fəaliyyəti subyektlərinin məlumatları və qanunvericiliklə müəyyən edilmiş digər məlumatlar əsasında Azərbaycan Respublikası Hərbi prokurorunun qərarı ilə yoxlamanın aparılmasını, bu məqsədlə mütəxəssislərin ayrılmasını, habelə araşdırılan faktların cinayət işinin başlanmasına kmfayət qədər əsəs verib-verməməsindən asılı olaraq müvafiq qərarın qəbul edilməsini təmin edir.
Azərbaycan Respublikasının Baş Prokurorunun müavini Azərbaycan Respublikasının Hərbi Prokuroru təyin edilir.
Keçmiş SSRİ-nin tərkibində olarkən Azərbaycan Respublikasında prokurorluq orqanlarının fəaliyyəti "SSRİ prokurorluğu haqqında" 30 noyabr 1979-cu il tarixli İttifaq Qanunu ilə tənzimlənirdi.
Həmin dövrdə Azərbaycan Respublikasının prokurorluq orqanları sistemində Hərbi prokurorluq orqanları fəaliyyət göstərmirdi. Respublikanını ərazisində Bakı şəhərində yerləşən Hərbi prokurorluq — 63470 saylı hərbi hissə və Hərbi Dəniz Qüvvələri Hərbi prokurorluğu, eləcə də Gəncə, Lənkəran və Naxçıvan Qarnizonları Hərbi prokurorluqları fəaliyyət göstərirdi ki, həmin prokurorluqlar da Zaqafqaziya Hərbi Dairəsinin Hərbi Prokurorluğuna tabe idilər.
SSRi dağıldıqdan sonra həmin prokurorluqlar ləğv edildi və müstəqil Azərbaycan Respublikasının Hərbi prokurorluq orqanları yaradılmağa başlandı.
Həmin prokurorluqların yaranması üçün Respublikamızın Ali Soveti tərəfindən qəbul edilmiş 18 oktyabr 1991-ci il tarixli Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı hüquqi baza rolunu oynadı.
Göstərilən Aktın 4-cü maddəsinə əsasən suveren Respublikanını müvafiq qanunlarının qəbul edilməsinədək onun ərazisində Azərbaycan Respublikasının suverenliyinə zidd olmayan və Dövlət quruluşunun dəyişdirilməsinə yönəlməyən SSRİ qanunları hüquqi qüvvəsini saxlayırdı.