Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzi
Azərbaycan Respublikası Prezidentinin Administrasiyası — Azərbaycan Respublikası Prezidentinin Konstitusiya səlahiyyətlərinin həyata keçirilməsinə şərait yaradılmasını təmin edən rəsmi qurum. Administrasiyaya ümumi rəhbərliyi isə ölkə prezidenti həyata keçirir.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasını Azərbaycan Respublikasının Prezidenti təşkil edir və onun rəhbərini təyin edir. Məqsəd Konstitusiya səlahiyyətlərinin həyata keçirilməsinə şərait yaradılmasını təmin etməkdir.
Milli Məclisə təqdim olunan qanun layihələrini, Prezidentin fərman, sərəncam, tapşırıq və müraciətlərinin, habelə digər sənədlərin layihələrini Prezident Administrasiyası hazırlayır; qəbul olunmuş qanunların, Prezidentin fərman, sərəncam və tapşırıqlarının yerinə yetirilməsinə nəzarət edir, yoxlayır və dövlət başçısına müvafiq məruzələr təqdim edir.
Administrasiya Prezidentin respublikadakı siyasi partiya, ictimai birlik, həmkarlar və yaradıcı ittifaqları ilə, habelə xarici ölkələrin dövlət orqanları və vəzifəli şəxsləri, yerli və xarici siyasi, ictimai xadimlər, beynəlxalq təşkilatlarla qarşılıqlı əlaqələrini təmin edir.
Administrasiyada ölkədə və dünyada baş verən sosial-iqtisadi, siyasi və hüquqi proseslər haqqında məlumatlar, yerli özünüidarə orqanlarının, ictimai təşkilatların və vətəndaşların müraciətləri, təklifləri təhlil olunur və Prezidentə müvafiq məruzələr hazırlanır.
Administrasiyaya ümumi rəhbərliyi Azərbaycan Respublikası Prezidenti həyata keçirir.
Administrasiyanın işinə bilavasitə rəhbərlik funksiyalarını isə Administrasiyanın rəhbəri yerinə yetirir. Hal-hazırda administrasiyaya Samir Nuriyev rəhbərlik edir.