Qarasu adası palçıq vulkanı
Qara su adası palçıq vulkanı — Bakıdan 70 km cənub-şərqdə, Hamamdağ-Daşlı adası antiklinal zonasında yerləşir. Bu, Bakı arxipelaqının ən böyük və aktiv ada vulkanlarından biridir. Qaz, su, neft pərdəcikli lilli su verən çoxlu sayda qrifon və salzalar vardır. Bu vulkanda ilk dəfə, XIX əsrin ikinci yarısında, 1876-cı ilin fevral və mart aylarında 2 püskürmə baş vermiş və püskürmə qazların yanması və hündür alov sütunu ilə müşahidə olunmuşdur. 1923-cü il püskürməsində 60–70 min m³ brekçiya yer səthinə çıxarılmışdır. Ən intensiv və uzunmüddətli (2 sutka) püskürmə 1977-ci ilin aprelində baş vermişdir. Nəhayət, sonuncu, alovsuz və brekçiyasız püskürmə 1993-cü ildə qeydə alınmışdır. Bu zaman adanın mərkəz və şərq hissəsində köhnə brekçiya örtüyündə parçalanma zonası (200 x 25–50 m) və bəzi yerlərdə uzunluğu 700 m-ə çatan və 1 m dərinliyində çoxlu çatlar əmələ gəlmişdir. Aşağıda 1977-ci il püskürməsinin qısa təsviri verilir (Ə.Ə.Yaqubov, Ad.A.Əliyev, 1978). Bu vulkan yarım əsrdən çox "qəflət yuxusu" vəziyyətdə olmuş və oyanaraq səmaya hündürlüyü 500 m olan alov sütunu tullamışdır.