Qaravəlli (Zərdab)
Qaravəlli — Azərbaycan Respublikasının Zərdab rayonunun inzibati ərazi vahidində kənd.
Qaravəlli Zərdab rayonunun qədim və zəngin tarixə malik kəndlərindən biridir. Qaravəllilər əvvəllər yarımköçəri maldarlıqla məşğul olmuş, Kür vadisinə XIX əsrin ikinci yarısında həmişəlik gəlmiş və əsasən oturaq həyata keçmişlər. Əlisəfa Məmmədov "Qarayazı düzündən Xəzər dənizinə qədər" kitabında yazır ki, Azərbaycanın qədim türkdilli tayfalarından olan qaravəllilər XX əsrin əvvəllərinə qədər əsasən Şirvanda, Araz boyunca – Mildə, Muğanda yaşayırdılar. Bu vaxt onların Şirvanda Qaravəlli-Alməmməd (ona Xanlıq da deyirdilər) və Qaravəlli (Tapdıq), Qaravəlli-Qambaybəy, Muğanda Qaravəlli, Arazın sol sahilində – Mil düzündə isə Qaravəlli və Minaxarlı (Qaravəlli) kəndləri olmuşdur. Şimali Azərbaycanda Qaravəlli adlı 8 kənd vardı. Qaravəllilər indi Azərbaycanın Gədəbəy, Ağsu, Zərdab, Ağcabədi, Şamaxı, İmişli və Balakən rayonlarının ərazilərində yerləşirlər.
Qaravəllinin yaşlı sakinlərinin rəvayət etdiyinə görə ilk dəfə bu əraziyə Vəli, onun ardınca, daha sonra isə Hacıaxund adlı biri gəlib. Onların hər üçü Araz qırağından olub. Vəli kişinin rəngi qara olduğuna görə bu kəndin adını elə Qaravəlli qoyublar.