1837-ci il Quba üsyanı
Quba üsyanı – XIX əsrdə Quba əyalətində çar üsul-idarəsinə və yerli feodalların zülmünə qarşı İmam Qazi Muhamməd Xuluqvi və Abrek Əli Hilivi rəhbərliyi ilə Rus çarına qarşı üç dəfə baş vermiş güclü xalq üsyanı.
Birinci Quba üsyanı Rusiya-İran arasında bağlanmış Gülüstan müqaviləsindən (12 oktyabr 1813-cü il) 13 il sonra, 1826-cı ilin iyul-avqust aylarına təsadüf etmişdir.
İkinci Quba üsyanı Türkmənçay müqaviləsinin (10 fevral 1828-ci il) onuncu ildönümü ərəfəsində, 1837-ci ilin mart-aprel aylarında başlanmış və fasilələrlə 6-7 ay davam etmişdir.
Üçüncü Quba üsyanı ikincidən 40 il sonra, 1877-ci ilin ortalarından payıza qədər sürmüşdür.
İkinci Quba üsyanı miqyas və mahiyyətinə görə özündən əvvəlki və sonrakı üsyanlardan müəyyən mənada fərqlənmiş, çar rejimini Azərbaycana və azərbaycanlılara münasibətdə yanıldıqlarını etiraf etməyə və bir sıra ciddi islahatlar aparmağa məcbur etmişdir. İkinci Quba üsyanı 12 mindən çox əhalini və Quba, Dərbənd, Dağıstan kəndlərinin əksəriyyətini əhatə etmişdi. Bu vaxt Qafqazda Şeyx Şamil hərəkatının qızğın çağları idi.
== Çar imperiyanın işğalçı siyasətinə qarşı üsyanlar ==
1826-cı ildə Qubada, 1830-cu ildə Çar-Balakən ərazisində, 1831-ci ildə Lənkəranda baş vermiş və hər biri yadelli işğalçılara qarşı xalq etirazının təzahürü kimi meydana çıxmış bu üsyanlara bir qayda olaraq yerli bəy və xanlar rəhbərlik etmişlər. XIX əsrin 30-cu illərində Azərbaycanda baş verən silahlı toqquşmalar üsyançıların sosial tərkibinə görə kəndli hərəkatı adlandırılsa da, üsyanın başvermə səbəbləri, qarşıya qoyulan məqsəd, üsyançıların qarşılaşdığı və mübarizə apardığı hərbi qüvvələr belə deməyə tam əsas verir ki, Quba üsyanı imperiyanın işğalçı siyasətinə qarşı xalqın azadlıq mübarizəsi idi. Xatırlatmaq yerinə düşər ki, bu mübarizənin təşkilatçıları Şeyx Şamilin başçılıq etdiyi azadlıq hərəkatından, həm də Qafqaza sürgün olunmuş dekabrist ədiblərin azadlıq ideyalarından güc-qüvvət alırdılar.